Qadın və müharibə: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qadınlarımızın rolu... – -Sorğu
Bizi izləyin

Dünya

Qadın və müharibə: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qadınlarımızın rolu... – -Sorğu

Bir neçə gün öncə “Caspian Plaza” otelində keçirilən “Beynəlxalq və yerli təşkilatların sülhməramlı rolunun təhlili və cəmiyyətin sülhməramlı fəaliyyətlər barədə məlumatlandırılması” layihəsinin yekunları açıqlandı. Britaniya səfirliyinin dəstəyi ilə həyata keçirilən layihənin yekunlarına dair tədbirdə Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman münaqişələrin tənzimlənməsi haqında danışarkən Şimali İrlandiya nümunəsinə toxundu. Səfir bildirdi ki, uzunmüddətli müharibələrdən sonra da sülh mümkündür. P.Beytman Şimali İrlandiya münaqişəsinin həllində, eləcə də sülhyaratma prosesində qadınların mühüm rolunu qeyd etdi: “Buna görə bir qrup qadın "Nobel" mükafatına layiq görüldü. Mən çox istərdim ki, burda təşkil olunan müzakirələr geniş ictimaiyyətə yayılsın".


Bəs görəsən, Dağlıq Qarabağ münaqişəsinin həllində Şimali İrlandiya modelinin tətbiq olunması Azərbaycan üçün keçərli ola bilərmi? Maraqlıdır, münaqişənin sülh yolu ilə həll olunmasında qadınlarımızın rolu nə qədər önəmlidir?


Müsavat Partiyası Divan üzvü, professor Nüşabə Sadıxlı Publika.Az-a açıqlamasında bildirdi ki, istənilən münaqişələrin sonu sülhlə bitməlidir: “Yəni sülh müqaviləsi olmadan heç bir münaqişə bitə bilməz, bu, birmənalıdır. Şimali İrlandiya modelində də uzunmüddətli müharibədən sonra sülhün alınması bunu göstərir. Təbii ki, Qarabağ müharibəsi də Ermənistanla Azərbaycan arasındakı müharibədir. Dağlıq Qarabağ burda ancaq vasitədir. Yəni bu müharibə deyil, münaqişə adlandırırlarsa da, sonu sülhlə bitməlidir. Amma bu sülhü əldə etmək üçün müxtəlif variantlar, güclü-qüdrətli olmaq və qarşı tərəfi sülhə məcbur etmək lazımdır”.

Münaqişənin sülh yolu ilə həllində qadınların rolundan danışarkən N.Sadıxlının fikrincə, qadınların bütün dünyada sözü, səsi daha əhəmiyyətlidir Yəni bu mənada Qarabağ müharibəsinin özündə də qadınlar təşəbbüs göstərsələr, qadınlar bu proseslərə qoşulsalar, burda da bir irəliləyiş əldə etmək mümkün olacaq. Çünki qadın anadır, idarəedicidir. Yəni bu mənada qadınların səsi, sözü önəm təşkil edə bilər”.

Bununla belə, həmsöhbətimin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar siyasətçi qadınların fikirlərinin, müsahibələrinin gücünü görməyib: “Ona görə ki, Qarabağ münaqişəsi tamamilə fərqlidir. Yəni Qarabağ münaqişəsində müxtəlif ölkələrin maraqları toqquşur, bunu nəzərə almaq lazımdır. Subyektiv fikrim budur, Dağlıq Qarabağ təkcə Ermənistanla Azərbaycan arasında olan münaqişə deyil.Əgər belə olsaydı, bu məsələ çoxdan həll olunmuşdu. Burda uzun müddət Azərbaycandan bir vasitə kimi istifadə edən Rusiyanın marağı var, uzun müddət türk dünyasına düşmən kəsilən Fransanın marağı var və çox təəssüf ki, Minsk Qrupunda 3 ölkənin nümayəndəsindən 2-sinin Azərbaycana münasibəti təxminən məlumdur. Bu cür prosesdə çətin ki, qadınların sözləri eşidilsin”.

Sabiq millət vəkili, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Həvva Məmmədova saytımıza bildirdi ki, uzunmüddətli müharibələr ola bilməz, çünki müharibənin sonu sülhlə qurtarmalıdır: "Ancaq Şimali İrlandiya modeli ilə Azərbaycan modeli tamamilə fərqli-fərqli məsələlərdir. Ona görə ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli-əbədi torpağıdır. Ötən əsrin 20-ci illərindən başlayaraq, ermənilər Azərbaycan ərazisində dövlət statusu aldıqdan sonra “Böyük Ermənistan” planı ilə Azərbaycana, Rusiyaya, İrana və Türkiyəyə olan açıq iddialar nümayiş etdirdilər. 1988-ci ildən başlayaraq qondarma Dağlıq Qarabağ məsələsinin ortaya atılması, ermənilərin sosial iqtisadi-vəziyyətinin ağır olmasıyla bərabər, statistika göstərdi ki, ötən 20-ci əsrin əvvəllərindən apardıqları ərazi iddialarını əsrin sonunda Qarbaçov hakimiyyətə gəldikdən sonra planlaşdıra bildilər və bunu həyata keçirə bildirlər”.

H.Məmmədovanın sözlərinə görə, Spitak faciəsində Qarbaçovun öz xanımı ilə Ermənistana getməsi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi konkretləşdirilir: “Bütün bunların hamısı faktdır. Bununla Dağlıq Qarabağ məsələsini reallaşmağa başladı. İkinci tərəfdən erməni diaspora təşkilatlarının Azərbaycana qarşı ərazi iddialarla bağlı konqreslərdə çıxışları, Azərbaycan Sovet ittifaqı ərazisində olanda ermənilərin xaricdə çap etdikləri əsərlər, xəritələrdə Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi təqdim edilməsi nəticəsində dünya çaş-baş vəziyyətdə qaldı”.

Təşkilat sədri ermənilərin ərazi iddialarının təkcə Cənubi Qafqazda Azərbaycana qarşı yönələn siyasət deyil, bütün avropa xalqları üçün təhlükə mənbəyi olduğunu bildirdi: “Bu təhlükə mənbəyini biz 20 ildir sındıra bilməmişik. Çünki ermənilərin yazdıqlarına qarşı yenicə mübarizə aparmağa başlamışıq, bu ifşa olunur. Biz heç kimə demirik ki, bizim haqqımızda yazmayın. Amma bu gün ermənilərin Dağlıq Qarabağla yazdıqlarına qarşı sinəsini sipər edib qabağa verən böyük tarixçilər, siyasətçilər var. Onlar da araşdırırlar və bunun böyük saxtakarlıq, oğurluq olduğunu təyin ediblər”.

Münaqişənin sülh yolu ilə həllində qadınların rolundan danışan H.Məmmədova nəinki Azərbaycan qadınının, bütün dünyaya səpələnmiş bütün qadınlarının rolunun vacibliyini vurğuladı: “Şimali İrlandiyada qadınlar “Müharibəyə yox!” deyib, qara paltar geyərək şəhərin başlanğıcına düzüldülər. Bu müharibənin bitməsində çox böyük rol oynadı. Ən böyük qüvvə Azərbaycan qadını, Azərbaycan anasıdır. Ancaq bu gün mən bu məsələni tək qadınlarla məhdudlaşdıra bilmərəm. Dünyada yaşayan 50 milyon soydaşlarımızın xanımlarına müraciət edərək demək istəyirəm: bir ölkədə bir azərbaycanlının olmağı, tarixi faktları çatdırmağı, xariciləri azərbaycana qonaq kimi dəvət etməyi kifayətdir ki, sülhpərvərliyimizi dünyaya göstərək. Düşmən də olsa ermənilər məhz bu yolla gedirlər. Bu yolla aldardırlar, özlərinə cəlb edirlər. Dağlıq Qarabağ müharibəsi başlayanda nə qədər azərbaycan qadını silaha sarılıb döyüşə getdi, həyatı bahasına xalqına xidmət edən tibb bacıları oldu. Əlbəttə vətən dardadırsa, hamımız səfərbər olmalıyıq”.

Həmsöhbətim sonda türk dünyasına səpələnmiş qadınlarımıza müraciət edərək bütün dünya qadınlarının Dağlıq Qarabağ məsələsinə cəlb olunmasının əhəmiyyətindən danışdı: “Bütün dünya qadınlarına bizim arzumuz istəyimiz, amalımızın nədən ibarət olduğunu göstərək . Belə müraciətlər olub, olacaq da. Bu gün beynəlxalq təşkilatlarda fəaliyyət göstərən bütün qadınlarla əlaqələrimizi qurmalıyıq. Qadın böyük qüvvədir, bu qüvvə yorulmur, çəkilmir. İnanıram ki, qadınlar öz mübarizəsini davam etdirəcək”.


Nailə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm