“Qara qitə”: Yeni xilafətlər üçün meydan - TƏHLİL
Bizi izləyin

Dünya

“Qara qitə”: Yeni xilafətlər üçün meydan - TƏHLİL

İraq və Suriyadan sonra müsəlmanlar və Qərb dünyası arasında döyüş meydanı Afrika Saxarasının cənubu ola bilər.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikirlər Rusiyanın “Korrespondent.net” saytında dərc olunan “Afrika radikal müsəlmanlar üçün yeni meydan kimi” başlıqlı yazısında yer alıb.

Konqoda Panzi hospitalının baş həkimi Dennis Mukveqenin sözlərinə görə, son illərdə radikal silahlı qrupların hücumuna məruz qalan və nəticədə xəstəxanaya müraciət edənlərin sayı artıb. O həm də 20 ildən çoxdur ki, hərbi cinayətlərin hədəfinə çevrilən qadınların hüquqlarının bərpası üzrə xüsusi mərkəzə başçılıq edir. Mukveqe bu gün Afrikanın dünəndən daha təhlükəli olduğunu bildirir.

Yalnız xalqlar deyil, həm də dinlər arasında baş verən qarşıdurmaların sayı artıb. Mukveqe qeyd edir ki, qitənin ekvatorial hissəsi üzərində nəzarətin təmin olunması məqsədi ilə radikal qruplar cənuba planlı şəkildə irəliləməkdə davam edirlər. Baş həkimin sözləri BMT-nin hesabatlarında da təsdiqlənir.

İqtisadçılar hesab edirlər ki, ən yaxın bir neçə ildə Nigeriya, Konqo və Keniyada iqtisadi artımın yeni dalğası qeydə alına bilər. “The Economist Intelligence Unit”in məlumatına görə, bu ölkələrin ümumi daxili məhsulu 5 faizə qədər artacaq və bu, dünyada ən yüksək göstəricilərdən biri olacaq. İqtisadçılar bildirirlər ki, artım əsasən təbii resursların ixracı hesabına təmin olunur. Amma xarici şirkətlər bu ölkələrdə tezliklə öz zavodlarını yerləşdirmək istəyəcək. Çünki Afrikada ucuz işçi qüvvə var və hökumətlər ekoloji nəzarət məsələsində olduqca üzüyoladır.

Ümumdünya bankının hesablamalarına görə, növbəti beş-səkkiz il ərzində Afrika ölkələri 300 milyard dollardan çox investisiya ala bilər. “Korrespondent.net” saytı isə yazır ki, əsas narahatlıq bu investisiyaların sonrakı taleyi ilə bağlıdır.

“Son illərdə radikal islam təşkilatları bəzi dövlətlərdə hakimiyyəti tutmağa çalışır. Birincisi, onlar “qara qitə”də islam dininin nüfuzuna söykənirlər. Qitə əhalisinin, demək olar ki, yarısı bu dinə sitayiş edir. İkincisi, bu təşkilatlar anlayırlar ki, hökumət institutları çoxillik vətəndaş müharibələri ilə zəiflədilib və ərazilərin çox hissəsinə nəzarət etmirlər. Beləliklə, bütöv regionlarda hakimiyyət boşluğu yaranıb. Bundan başqa, islam hərəkatları Fars körfəzinin zəngin monarxiyaları tərəfindən yaxşıca maliyyələşdirilir. Nəhayət, ümumi yoxsulluq və sosial bərabərsizlik insanları acından ölməmək üçün sözügedən təşkilatlara itələyir”, - yazıda bildirilir.

Afrikada terror təşkilatlarının bu il ən yadda qalan hücumlarından biri Nigeriyanın şimalında yerləşən Çiboke şəhərindəki liseydən 250-dən çox qız şagirdin “Boko Haram” tərəfindən oğurlanması oldu. Apreldə baş vermiş bu hadisə beynəlxalq ictimaiyyət arasında böyük rezonans doğurdu və problemin hansı səviyyədə olduğunu göstərdi. Sonradan məlum oldu ki, qızların əksəriyyəti başqa ölkələrə satılıb. Beynəlxalq ekspertlər etiraf edirlər ki, gənc qadınları satmaqla Afrikada qara bazarda böyük miqdarda pul qazanmaq olar. Girovların satılması terror qruplaşmalarının əsas qazanc mənbələrindən birinə çevrilib və artıq ərəb monarxiyalarının əvvəlki dəstəyinə ehtiyac yoxdur.

“Əgər terrorçular əvvəllər yalnız terror aktları haqqında danışırdılarsa, onda indi öz dövlətlərinin əsasını qoymaq istəyirlər. Vəziyyət dünənkindən daha təhlükəlidir", - Dennis Mukveqe vurğulayır.

Nigeriya hakimiyyəti “Boko Haram” qruplaşmasını məhv etməyə söz verib. Hökumət ordusu noyabrın sonunda irimiqyaslı əməliyyata başlayıb. Lakin ordu hələ istədiyinə nail olmayıb. Keniyada da oxşar vəziyyət yaranıb. Bu yaxınlarda “Aş Şaxab” qruplaşması bir neçə kəndə hücum edərək Quran-i Kərimdən surə söyləyə bilməyən hər kəsi öldürüb. Ölkə hakimiyyəti isə günahkarların cəzalandırılacağına söz versə də, yerli sakinlər buna inanmırlar. Ekspertlər hesab edirlər ki, bu dövlətlər öz sərhədlərinin mühafizəsini belə təmin edə bilmirlər. Terror aktlarının qarşısının alınmasının isə bu dövlətlər üçün əlavə problem olduğu deyilir.

Qvineya körfəzində yerləşən xırda ölkələrdə vəziyyət daha mürəkkəbdir. Bu ölkələrdə terror aktları daim baş verir, insanlar satış məqsədi ilə oğurlanırlar. Analitiklər hesab edir ki, vəziyyət vaxt keçdikcə daha da pisləşəcək. Proqnozlar isə bundan ibarətdir ki, beynəlxalq koalisiya İraq və Suriyada İŞİD-i məhv etməyi bacarsa, onun döyüşçülərinin əhəmiyyətli hissəsi yeni xilafət yaratmaq üçün Afrikaya yollanacaq.

Afrikada baş verənlərə dünyanın reaksiyası çox zəifdir. Nigeriyadakı kütləvi oğurluqdan sonra Vaşinqton ölkəyə müstəntiqlərini göndərməklə kifayətləndi. Dünyanın supergücünün yaxın vaxtlarda məsələyə münasibətinin dəyişəcəyi də gözlənilmir. Birincisi, Amerikada tezliklə 2016-cı il prezident seçkiləri üçün namizədlərin irəli sürülməsi kampaniyası başlanacaq. Bu halda isə heç kim xaricdə hərbi əməliyyatlara başlamağa risk etməyəcək. İkincisi, ekspertlərin fikrincə, Afrika işlərinə müdaxilə həmişə itkilərlə nəticələnir və ictimaiyyətin böyük diqqətini cəlb edir. Üçüncüsü, qitədə həyata keçirilən bir neçə müdaxilə bu cür səylərin perspektivsizliyini göstərdi. Məsələn, 2012-ci ildə Fransa Malidə əməliyyat keçirdi və ölkədə dərhal vətəndaş müharibəsi başlandı. Vətəndaş müharibəsi indiyə qədər davam edir. Buna görə də Afrikanın işlərinə real müdaxilə ağlasığmazdır. Bundan başqa, Nigeriya neftindən asılılığı azaltmaq istəyi ABŞ-ı şist inqilabına daha aktiv şəkildə itələyir. Üsyançılar son illərdə tez-tez Afrikada neft yataqlarını tuturlar və neft hasilatına imkan vermirlər.

Beləliklə, hazırda radikal islam təşkilatları üzərində qələbə üçün iqtisadi stimul da aradan qalxır. Həmçinin ekspertlər qeyd edirlər ki, resursların hasilatına görə şəxsi şirkətlər hətta bu təşkilatlarla əməkdaşlıq etməyə başlayacaq. Buna görə də Afrikada tezliklə yeni islam dövlətləri yarana bilər. Və “qara qitə” Qərb və islam ekstremizminin qlobal qarşıdurmasına cəlb ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm