Macarıstan ABŞ-a qarşı çıxdı: Bizi qarşıdurmaya sürükləyir
Bizi izləyin

Dünya

Macarıstan ABŞ-a qarşı çıxdı: Bizi qarşıdurmaya sürükləyir

Macarıstanın baş naziri Viktor Orban ABŞ əleyhinə bəyanatla çıxış edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş nazir ABŞ-ın təkcə Mərkəzi Avropa ölkələrinin siyasətinə qarışmadığını, həm də regionda aktiv rolu üzərinə götürdüyünü bildirib.

Korrupsiya əməllərində iştiraka görə Macarıstan hökumətindəki bir neçə məmurun ABŞ-ın “qara siyahı”sına salınması baş naziri özündən çıxarıb. Viktor Orban əmindir ki, ABŞ bu addımı ilə Avropada siyasi təsiri gücləndirmək niyyətindədir.

“ABŞ Avropada siyasi təsirini gücləndirmək üçün yalnız “korrupsiyaya qarşı” mübarizə aparmır, həm də Ukraynanın cənub-şərqindəki münaqişədən fəal şəkildə istifadə edir. Vaşinqton Mərkəzi və Şərqi Avropanı Rusiya ilə “soyuq müharibə”yə cəlb etmək niyyətindədir. Amma bu, bizə ziyandan başqa heç nə gətirməyəcək. ABŞ və Rusiya arasında “soyuq müharibə” əhvali-ruhiyyəsi formalaşır. Amma biz bu qarşıdurmada iştirak etmək istəmirik”, - Macarıstanın baş naziri vurğulayıb.

Viktor Orban deyib ki, ABŞ Ukrayna münaqişəsi və digər mexanizmlərdən istifadə edərək Mərkəzi Avropanın energetika və ticarət sahəsini təsir altına almağa çalışır.

Amerikalı ekspertlər isə Macarıstanın baş naziri Viktor Orbanı qınayırlar ki, o, özünə nümunə kimi Rusiya prezidenti Vladimir Putini seçib və Macarıstanı "putinizm" yoluna çıxarıb. Amerikalı politoloq Fərid Zəkəriyyə Orbanın mövqeyini qeyri-liberal demokratiya adlandırıb. Onun sözlərinə görə, Orbanın Macarıstanda yaratmaq istədikləri millətçilik və dövlət kapitalizmi hökumətin KİV üzərində nəzarətinə əsaslanır. Zəkəriyyə məhz belə quruluşun hazırda Rusiyada mövcud olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm