“Washington Post”: “Böyük ittifaq Putinin əsas triumfu olmalı idi, amma...”
Bizi izləyin

Dünya

“Washington Post”: “Böyük ittifaq Putinin əsas triumfu olmalı idi, amma...”

“Böyük ittifaq Rusiya prezidenti Vladimir Putinin xarici siyasətinin əsas triumfu olmalı idi. Ukraynadan Sakit okeanına qədər ərazini əhatə edən ittifaq Avropa İttifaqı ilə rəqabətə girə bilərdi”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Amerikanın “Washington Post” qəzetində dərc olunan “Putinin Avrasiya İttifaqı 2015-ci ilə məhdudlaşdırılmış ambisiyalarla işə başlayır” başlıqlı məqalədə qeyd olunub.

Məqalənin müəllifi Maykl Birnbaum qeyd edir ki, Putin Moskvanı siyasi və iqtisadi qərarların qəbulu mərkəzinə çevirməklə Sovet İttifaqının siyasi və iqtisadi təsiri sferasını qismən bərpa etməyə çalışır.

“Ukrayna Putin layihəsinin mirvarisi olmalı idi. Kiyevin Avrasiya İttifaqına daxil olması 45 milyon əhalisi olan bir ölkəni Rusiyanın təsiri altına itələyə bilərdi. Putin Sovet İttifaqının dağılmasından sonra itirilmiş təsiri qismən bərpa etmək fikrində idi. Amma Ukraynanın başqa planları var idi”, - Maykl Birbaum qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın partnyorları olan Belarus və Qazaxıstan Ukrayna hadisələrinin onlarda da təkrarlana biləcəyindən qorxurlar: “Astana və Minsk Rusiyanın iqtisadi problemlərinin onlara da təsir edə biləcəyindən ehtiyat edirlər. Bundan başqa Belarus və Qazaxıstanda çox etnik rus yaşayır. Kreml məhz bu arqumentdən qonşu ölkələrə təzyiq üçün istifadə edir”.

Eyni zamanda Qazaxıstan və Belarus prezidentlərinin Kiyev səfərlərinə toxunan Amerika nəşri Astana və Minskin özünəməxsus planlarının olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm