Dünya 2014-cü ildə: İlhaq olunan Krım, cəhənnəmə dönən Ukrayna, İŞİD “dövləti”, Ebola və “Soyuq müharibə -2”...
Bizi izləyin

Dünya

Dünya 2014-cü ildə: İlhaq olunan Krım, cəhənnəmə dönən Ukrayna, İŞİD “dövləti”, Ebola və “Soyuq müharibə -2”...

2014-cü ilin başa çatmasına sayılı günlər qalıb. İl geosiyasi mənzərə baxımından XXI əsrin ən təlatümlü ili oldu. 2001-ci ilin 11 sentyabr terror aktı ilə başlayan geosiyasi proseslərin hərarəti heç vaxt builki qədər qalxmamışdı. Fikrimizi əsaslandırmaq üçün demək kifayətdir ki, Sovet İttifaqının dağılması ilə tarixi ifadəyə çevrilən “Soyuq müharibə” ifadəsi də məhz 2014-cü ildə “Soyuq müharibə 2” şəklində dirilməyə başladı. Hər nə qədər Rusiyanın SSRİ olmadığı və bu şərtlərdə yeni “Soyuq müharibə”dən danışmağın mənasız olduğu deyilsə də, reallıq reallıq olaraq qalır: zəif Rusiyanın güclü Qərblə qarşıdurması dünyanı kifayət qədər təlaş və qorxu içində saxlamaq üçün kifayət edir. “Üçüncü Dünya Müharibəsi” barədə proqnozlar isə məsələnin nə yerdə olduğunu anlamağa kömək edir.

Başa vurduğumuz 2014-cü ilin hadisələrinə ayrı-ayrılıqda diqqət yetirməmişdən öncə ilə damğasını vuran əsas hadisələri sadalayaq: Ukrayna böhranı (Krımın Rusiya tərəfindən ilhaqı və Donbasdakı müharibə), İŞİD terror qruplaşmasının “dövlət” mərhələsinə keçməsi, Ebola virusu, Türkiyədə keçirilən prezident seçkiləri və Gülən camaatına qarşı mübarizə, Avrasiya İqtisadi İttifaqı ətrafında baş verən proseslər və Nigeriyadakı “Boko Haram” qruplaşmasının adından söz etdirməsi.

Ukrayna böhranı və qaranlıq görünən avrointeqrasiya

Bütün 2014-cü ili gərginlikdə saxlamağı bacaran Ukrayna böhranının başlanğıcı 2013-cü ilin noyabr ayına gedib çıxır. Xalq 21 noyabr 2013-cü ildə Rusiyameyilli xarici siyasi kurs aparan prezident Viktor Yanukoviçə qarşı etiraz olaraq Kiyevin Azadlıq Meydanına çıxdı. Məsələ bundadır ki, Yanukoviçin Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmadan imtina qərarı çox ani oldu. Razılaşmadan imtina barədə baş nazir Nikolay Azarovun bəyanatı etiraz aksiyaların başlanmasına təkan verdi. Qısa müddət ərzində Kiyevdə çadır şəhərciyi yarandı. Noyabrın 30-da xüsusi təyinatlı “Berkut” gücləri Azadlıq Meydanına toplaşanlara qarşı güc tətbiq etdi. Yanvarın 16-da Ali Radada qəbul olunan qərarlar isə vəziyyəti daha da pisləşdirdi. Sözügedən qanunlar insanların etiraz aksiyalarda iştirak etmək hüququnu məhdudlaşdırırdı. Yanvarın 22-də Kiyevin Qruşevski küçəsində “Berkut” ilə yenidən qarşıdumalar yaşandı. Qarşıdurmalarda 3 nəfər ölmüşdü.

18 fevralda isə Kiyevdə hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında yeni – həlledici toqquşmalar başladı. Səhəri gün isə Ukrayna Təhlükəsizlik Xidməti antiterror əməliyyatı rejimi tətbiq elan etdi. Fevralın 18-dən 20-nə qədər olan vaxt ərzində 75 insan həlak oldu. 21 fevralda Ukraynada siyasi böhranın nizama salınması haqqında razılaşma imzalanmışdı. Razılaşma Ukrayna prezidenti Viktor Yanukoviç və Maydan hərəkatının liderləri olan Vitali Kliçko, Arseniy Yasenyuk və Oleq Tyaqnibok arasında imzalandı.

22 fevral gecəsi isə Maydan fəalları hüquq-mühafizə əməkdaşları tərəfindən tərk edilmiş hökumət binasını tutaraq bir sıra yeni tələblər irəli sürdü. Onlardan biri də prezident Yanukoviçin təcili istefası tələbi idi. Proseslərin dönməz olduğunu başa düşən Yanukoviç canını Rusiyaya qaçmaqla qurtardı.

Kiyevdə Yanukoviç kimi müttəfiqini itirən Rusiya Krım planının icrasına başladı. Martın 16-da Krım Muxtar Respublikası və Sevastopolda Konstitusiyaya zidd referendum keçirməyə nail olan Rusiya iki gün sonra yarımadanı özünə birləşdirdi. Eyni vaxtda Donetsk, Luqansk və Xarkov vilayətlərindən Kiyev üçün pis xəbərlər gəlməyə başladı. Xarkov vilayətində prosesləri nəzarət altına almaq mümkün olsa da, digər iki vilayətdə dövlət binaları bir-birinin ardınca separatçıların əlinə keçdi. Aprel ayında başlayan antiterror əməliyyatları sentyabrın 5-də imzalanan Minsk razılaşması ilə dayandırmaq mümkün olsa da, Ukraynadakı hadisələr donmuş münaqişə mərhələsinə keçməyə meyllidir. Ukraynanın dekabrın 23-də bloklara qoşulmayan ölkə statusundan imtina etməsi və vəziyyəti daha da gərginləşdirə bilər. Qərb və Rusiyanı yeni “soyuq müharibə”yə gətirib çıxaran Ukrayna böhranının Kiyev üçün nəticələri ortadadır: Krım əldən gedib, Luqansk və Donetsk vilayətlərinin əhəmiyyətli hissəsi üzərində nəzarət itirilib və bərpasına da ümid olduqca azdır. Yeni hakimiyyətin isə avrointeqrasiya kursunun Ukrayna xalqına nə verəcəyi qaranlıq olaraq qalır.

İŞİD: Xəlifəlik sevdası, yoxsa…

Hazırda İraq və Suriyanın böyük bir hissəsinə nəzarət edən “İslam Dövləti” (İŞİD) terror təşkilatını yaratdığı rezonansa görə yalnız 2001-ci ildə Nyu-Yorkdakı “Əkiz qüllələr”i partlatmaqda ittiham olunan “Əl-Qaidə” ilə müqayisə etmək olar. Hətta İŞİD-in “Əl-Qaidə”dən daha qabağa getdiyini deyə bilərik.

Artıq neçə aydır ki, İŞİD dünya gündəminin əsas mövzularından birinə çevrilib. “İŞİD nədir, nə istəyir?”, “İŞİD-in arxasındakı güc kimdir?”, “İŞİD-in güclənməsində Qərbin rolu varmı?”, “Qərbin qazancı nə olacaq?” kimi suallar bir-birini əvəzləyir. Və bu suallara müxtəlif formada cavablar da verilir.

Suriyada 2011-ci ilin əvvəlindən başlanan vətəndaş müharibəsinin (“vətəndaş müharibəsi” ifadəsi də artıq Suriya üçün anlamını itirib –Ö.D.) ilk vaxtlarında rejimə qarşı vuruşan digər qruplaşmalardan gücünə və nüfuzuna görə çox da fərqlənməyən İŞİD bu il daha ciddi qüvvəyə çevrilib. İyun ayında İraqın şimalında ordunun iri hərbi birləşmələrini silahlarını ataraq qaçmağa məcbur edən qruplaşma ayın sonunda xilafət yaratdı, Əbubəkr Əl-Bağdadi isə özünü xəlifə elan etdi.

Bundan sonra İŞİD strategiyasını açıqlayan ABŞ “xilafət”in məhv edilməsi üçün koalisiya yaratdı. Avqustda İraqda, sentyabrın əvvəlindən isə Suriyada İŞİD-ə aviazərbələr endirilməyə başlanıldı. ABŞ keçən bir neçə ay ərzində İŞİD-ə ciddi zərbələrin endirildiyi desə də, reallıq başqadır. Suriyada vəziyyət demək olar ki, dəyişməyib. İraqda isə kürdlər bir neçə yaşayış məntəqəsini və Sincar dağının bir hissəsinə nəzarəti qaytarıb. Əvəzində isə terror qruplaşması Anbar vilayətində güclənməklə Bağdad və şiələrin müqəddəs məkanlarına bir qədər də yaxınlaşıb. ABŞ isə İŞİD-ə qarşı mübarizənin illərlə davam edəcəyini proqnozlaşdırır.

Terror qruplaşmasının məhz MOSSAD və CIA-nın yetişdirdiyi məhsul olması barədə fikirlər isə getdikcə özünü doğruldur. Bu bir cihad da deyil, bu bir təriqətlərarası mübarizə də deyil. Sünni təşkilatı hesab olunmasına baxmayaraq, İŞİD-in son olaraq İraqda sünni tayfasından olan 13 nəfəri edam etməsi də bunu göstərdi. Təşkilatın arxasında CİA və MOSSAD, yaxud da başqa bir kəşfiyyat təşkilatın dayanmasından asılı olmayaraq, İŞİD-in məhz islam dünyasına ziyan vurduğu ortadadır.

Ərdoğan həmişə qalibdir

Azərbaycan strateji müttəfiqi və dost ölkəsi olan Türkiyədə baş verən hadisələr də ölkəmizdə həmişə diqqət mərkəzindədir. 2014-cü il Türkiyənin siyasi gündəmi olduqca rəngarəng oldu. Bu ilin siyasi gündəminin əsası isə ötən il qoyulmuşdu. 2013-cü ilin 17-25 dekabr tarixlərində Türkiyə tarixinin ən böyük “rüşvət və sui-istifadə” əməliyyatı keçirildi. AKP hökumətinin iddiasına görə, Gəzi Parkı hadisələrində məqsədlərinə çata bilməyənlər iş başında idi. Məqsədin isə hakimiyyətin devrilməsi olduğu iddia olunur. Əsas ittihamlar ABŞ-a sığınan dini lider Fəthullah Gülən və onun rəhbəri olduğu camaata yönəlmişdi. Düşünmək olardı ki, Ərdoğan nazirlərin evlərindəki seyflərdən milyonlarla dollar vəsaitin çıxmasından sonra ciddi nüfuz itkisi ilə üzləşəcək və 2012-ci ildən heç kimə güzəştə getməyən hakimiyyəti təhvil verməli olacaq. İlk sınaq isə mart ayının sonunda keçirilən bələdiyyə seçkiləri oldu. Lakin Gülən camaatına qarşı irimiqyaslı hücumlara başlayan AKP 45 faiz səs toplamaqla xalqın gülənçilərə inanmadığını göstərdi. Özünə inamı artan Ərdoğan avqust ayında AKP-nin prezidentliyə namizədi kimi xalqın birbaşa səsi ilə prezident seçilən ilk şəxs oldu. CXP və MHP-nin ortaya çıxardığı “çatı aday” Ekmeleddin İhsanoğlu isə gözləniləndən çox aşağı səs qazandı. AKP hökumətinin özünə inamı və son illər qazandığı uğurlar deməyə əsas verir ki, Ərdoğan hələ uzun illər Türkiyənin siyasi həyatının ayrılmaz parçası olacaq. Amma müəyyən tərəddüdlər də var. Ankaranın Moskva ilə yaxınlaşmaq xətti götürməsi və bunun Qərb tərəfindən xoş qarşılanmaması Ərdoğanı daha ehtiyatlı olmağa vadar etməlidir.

1.Ebola virusu 2.Rusiya 3. İŞİD

ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sentyabr ayında keçirilən 69-cu sessiyasında etdiyi çıxışında dünyanın, dolayısı ilə ABŞ-ın qarşısında dayanan təhlükələri bu cür sıralamışdı: Ebola virusu, Rusiya və İŞİD terror qruplaşması.

“Böyük iyirmiliy"in (“G20”) Avstraliyanın Brisben şəhərində keçirilən sammitində isə ABŞ prezidenti dünya üçün bir daha Rusiya təhlükəsindən danışdı və dünya üçün təhlükələr sırasında Rusiyanı ilk sıraya keçirdi. “Biz Rusiyanın Ukraynaya təcavüzünə və Ebola virusuna qarşı mübarizədə dünya cəmiyyətinin səylərinə başçılıq edirik. Bunlar dünyadakı sülhə təhlükə törədir. Biz bunu Malayziyanın “Boeing-777” təyyarəsinin məhv edilməsi kimi dəhşətli hadisədə də gördük”, - deyə Obama vurğulayıb.

Putinin “Yeni SSRİ” arzusu və gerçəklər

Qərb və Rusiya arasında hazırkı gərginliyin, eləcə də Ukrayna böhranın yaranmasının əsasında heç şübhəsiz ki, Putinin “Yeni SSRİ” arzusuzu ilə Qərbin “qırmızı xətlər”i dayanır. Hələ Hillari Klinton ABŞ-ın dövlət katibi olarkən Putinin SSRİ-ni dirçəltmək cəhdlərinə bütün vasitələrlə maneə olacağını bildirmişdi. Qərb Ermənistan, Belarus və Qazaxıstanın itkisi ilə illər əvvəl razılaşmışdı. Gürcüstan və Moldova avrointeqrasiya kursunu götürməklə faktiki olaraq ərazi itkisi ilə barışıblar. Və demək olar ki, tərəflər Ukrayna istisna olmaqla nüfuz dairələri ilə bağlı ən azından indiki dövrdə razılaşmışdılar. Ukrayna isə hər iki tərəf üçün yağlı tikə idi. Putin fərqində idi ki, Ukraynasız onun “Yeni SSRİ” arzusu çılpaq görünəcək və natamam olacaqdı. Qərb isə fərqində idi ki, Ukraynanın əldən verilməsi ilə Putinin imperiya ambisiyaları böyük ölçüdə reallaşmış olacaq. Krımın ilhaq edilməsi, ardınca Donbas hövzəsində oyuncaq qurumların yaradılması əslində Kiyevin ipini əlində saxlamaq üçün Putnin planı idi. Lakin bu baş vermədi və Kiyev bloklara qoşulmamaq siyasətindən imtina etdi. Bu isə faktiki olaraq Kiyevin NATO-ya giriş üçün sifariş verməsi və hərbi alyansı Moskvanın qapısına qədər gətirməsi deməkdir. İndiki situasiyada Rusiya məğlub rolundadır. Ukrayna ilə bağlı istədiyinə nail olmayıb, üstəlik Qərbin ağır sanksiyaları ölkə iqtisadiyyatını uçurumun kənarına gətirib. Ölkənin strateji ixrac məhsulu olan neftin qiyməti kəskin şəkildə aşağı düşüb. İlin sonuna qədər ölkədən kapital axınının 130 milyard dollara qədərə olacağı proqnozlaşdırılır. Ölkənin valyuta ehtiyatları da təxminən bu qədər azalıb. Bütün bunlar azmış kimi Avrasiya İqtisadi İttifaqı daxilində qarşıdurma güclənir. Putinin “Seliger-2014” gənclər forumunda “Qazaxların dövlətçiliyi olmayıb” deməsi Astana tərəfindən sərt qarşılandı. Moskva-Minsk münasibətləri isə daha gərgindir. Aleksandr Lukaşenko Belarus məhsullarının idxalına qadağa qoyan Moskvanın hərəkətini ədəbsizlik adlandırdı və hökumətə yeni bazarlar tapmaq barədə göstəriş verdi. Ardınca isə Lukaşenko Rusiya ilə ticari hesablaşmaların rublla aparılmasından imtina etdi. Kremlin cavabı gecikmədi və Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədri Aleksey Puşkov ABŞ-la yaxınlaşmaq istəyən Lukaşenkoya Qəddafi və Səddamın taleyini xatırlatdı. Bir sözlə, Putinin arzuları onun ölkəsi üçün baş ağrısına çevrilib və ən yaxın müttəfiqləri ondan üz döndərməyə başlayıb. Geri qayıtmaq isə irəliləməkdən daha çətin görünür.

"Malaysia Airlines" üçün “qara il”

2014-cü ildə baş verən iki təyyarə qəzası xüsusi vurğulanmalıdır. Malayziyanın "Malaysia Airlines" aviaşirkəti üçün il çox ağır keçdi. İlk olaraq martın 8-də Kuala-Lumpurdakı beynəlxalq hava limanından MH370 reysi ilə Pekinə uçan “Boeing 777–200 ER” təyyarəsi iki saat sonra yoxa çıxdı. Təyyarə ilə birlikdə 227 sərnişin və 12 heyət üzvündən bu günə qədər xəbər yoxdur. Bəzi iddialara görə, pilot təyyarəni bilərəkdən qəzaya uğradıb. Digər iddialarda isə təyyarənin ABŞ tərəfindən vurulduğu deyilir.

Digər və daha böyük səs-küy yaradan təyyarə qəzası isə Ukrayna səmasında baş verdi. Amsterdam - Kuala-Lumpur istiqamətində hərəkət edən “Malaysia Airlines” aviaşirkətinə aid “Boeing 777” sərnişin təyyarəsi 17 iyul tarixində döyüşlər gedən Donetsk vilayətində qəzaya uğradı. Təyyarənin göyərtəsində olan 298 sərnişinin hamısı həlak olub. Təyyarənin vurulduğu faktı danılmır. Lakin bunu kimin etdiyi isə qaranlıq olaraq qalır. Ukrayna separatçıları və onun arxasında dayanan Rusiyanı, Rusiya isə Ukraynanı ittiham edir.

“Qara qitə”nin xəstəliyi

Ebola virusu və ona qarşı mübarizə də 2014-cü ilin yaddaqalan hadisələrindən oldu. Təsadüfi deyil ki, ABŞ prezidenti BMT Baş Assambleyasının sentyabr ayında keçirilən 69-cu sessiyasında etdiyi çıxışında dünyanın, dolayısı ilə ABŞ-ın qarşısında dayanan təhlükələrdən danışarkən Ebola virusunu ən təhlükəli adlandırmışdı. Virus ilk dəfə 2014-cü ilin fevralında Qvineyada qeydə alınmışdı. Xəstəlik sonradan Syerra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqala yayılıb. Virusa yoluxma hallarına ayrı-ayrılıqda ABŞ və Avropada da rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 14 min insan Ebola virusuna yoluxub. Onlardan 7 minə yaxını ölüb. Ebola virusuna qarşı hazırlanan vaksinin sınaqları isə dayandırılıb. İsveçrədəki könüllülərə vaksin vurulduqdan sonra gözlənilmədən əlavə təsirləri ortaya çıxıb. Belə ki, könüllülərin əksəriyyəti iynədən sonra əl və ayaqlarında kəskin oynaq ağrılarından şikayətləniblər. “Qara qitə” dövlətləri isə ABŞ və Avropa ölkələrini virusa qarşı mübarizədə lazımı dəstək verməməkdə ittiham edir. Heç şübhəsiz ki, Ebola virusu qitə əhalisi üçün 2015-ci ilin də əsas problemlərdən olacaq.

“Boko Haram”, yoxsa Afrikanın İŞİD-i?

İŞİD-in İraq və Suriyada at oynatdığı bir vaxtda “Boko Haram” qruplaşması Nigeriyada suyu bulandırmağa müvəffəq olub. Afrikanın ən çox əhalisi olan Nigeriyada partlayışlar və qətllər törətməkdə, insan oğurluğunda adı hallanan hərbiləşmiş “Boko Haram” qrupulaşması qarşısına mövcud hökuməti devirib xilafət yaratmaq məqsədini qoyub.

Qruplaşma aprelin 15-də Borno ştatının Çibok şəhərində 250-dən çox qızı oğurlamaqla təhlükənin hansı səviyyədə olmasından xəbər verdi. Qızların azad olunması üçün cəhdlərə baxmayaraq, sonradan onların çoxunun qonşu ölkələrdə satıldığı məlum oldu. Qruplaşma vaxt keçdikcə daha da vəhşiləşir. Əvvəllər yalnız ordu mənsubları və polisə hücumlar təşkil edən qruplaşma hazırda din xadimləri və siyasiləri də hədəfə alıb.

Yuxarıda toxunduğumuz hadisələri yekunlaşdıraraq deyə bilərik ki, 2015-ci ilə çox narahat bir dünya ilə gedirik. Allahdan gözəl və sakit bir dünya arzusu ilə 2015-ci ilə “xoşgəldin” deyək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm