• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Rusiyann 2020-ci ilə kimi gizli Azərbaycan planı - Polşa nəşri yazır

  • Dünya
  • 13 Fevral 2014 14:32
  • 4 073 Baxış
Rusiyann 2020-ci ilə kimi gizli Azərbaycan planı  - Polşa nəşri yazır

Rusiya XXI əsrin həlledici döyüşünə atılıb

Ukrayna uğrunda Qərb və Rusiya arasında gedən mübarizədə yalnız bu ölkənin taleyi həll olunmur. Meydandakı hadisələrdə həmçinin Ermənistan və Moldovanın taleyi də həll edilir. Təbii qaz şantajı, viza məhdudiyyətləri, ticarət sanksiyaları isə Moskvanın oynadığı kartlardır.

Rusiya nə üçün mübarizə aparır?

Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin postsovet məkanında Rusiyanın strategiyasından danışarkən bildirir ki, MDB-nin vahid məkan kimi təqdim etmək artıq mümkün deyil. Bununla belə, Polşanın “Virtualna Polska" qəzeti bildirir ki, Rusiya 2020-ci ilə kimi Şərqi Avropa (Belarus, Ukrayna və Moldova), Cənubi Qafqaz (Gürcüstan, Ermənistan, Azərbaycan) və Orta Asiyanı öz orbiti ətrafında birləşdirməyi planlaşdırır. “Virtualna Polska"ya görə, bu dünyanın əsas geosiyasi oyunçulardan biri kimi Rusiyaya sözügedən regionlarda maraqlarını həyata keçirməyə imkan verəcək. Ancaq Rusiyanın bu hədəfinin qarşısında problemlər də olmamış deyil. Belə ki, Avropa İttifaqı yuxarıda adı çəkilən hər üç, Çin isə Orta Asiya regionuna iddiasını irəli sürür.

Yeni qlobal oyunda müvəffəqiyyətli şəkildə iştirak etmək üçün Moskvanın güclənməsinə ehtiyac var. Bunun üçün isə ilk növbədə indiki halda qeyri-mümkün görünən SSRİ-nin canlandırılmasına nail olmaq lazımdır. Kreml postsovet məkanının müəyyən hissəsini hərbi baxımdan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çətiri altında birləşdirib. Hazırda isə “iqtisadi” xarakterli Gömrük Şurası fəaliyyət göstərir və bu qurum 2015-ci ildən Avrasiya İqtisadi İttifaqa çevrilməlidir.

“Virtualna Polska"ya görə, hərbi-siyasi xarakter daşıyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Moskvaya MDB-dəki partnyorları üzərində hökmranlıq etmək üçün yaradılmışdı. Qəzet təşkilatın bir çoxları, hətta rusiyalıların özləri tərəfindən də ciddi qəbul olunmadığını bildirir.

Gömrük Şurası isə quruma üzv ölkələr arasında kapital və məhsulların azad yerdəyişməsini təmin etmək üçün yaradılıb. Qurumun perspektivinə Moskvada böyük ümidlər bəslənilir. Polşa nəşri bunu Rusiyanın iqtisadi gücü ilə Qazaxıstan və Belarusun iqtisadi göstəricilərinin müqayisəedilməz olması ilə izah edir.

“Gömrük Şurası təsir dairəsinin genişləndirilməsi üçün Rusiyanın apardığı oyunun bir parçasıdır. Kremlin əsas strateji hədəfi Avropa İttifaqı və Çinlə iqtisadi və geosiyasi rəqabət aparmaqdır. Hansı ki, XXI əsrin qlobal siyasətində Rusiyanın mövcudluğu bu rəqabətin nəticəsindən xeyli dərəcədə asılı olacaq”, - “Virtualna Polska" Kremlin həlledici döyüşə atıldığını bildirir.

Rusiya Ermənistanı necə inandırdı?

Moskva hədəflərinə çatmaq üçün postsovet respublikalarına qarşı müxtəlif alətlərdən istifadə etdi. Rusiya Ukrayna şokaladının, Moldova şərabının, Belorus kəsmiyinin, Litva südünün idxalını dayandırdı. Təsadüfi deyil ki, Moskvanın sözügedən iqtisadi embarqoları mətbuatda “şokolad müharibəsi”, “şərab müharibəsi” və “süd müharibəsi” kimi xarakterizə olundu.

Polşa nəşri Rusiyadan tamamilə asılı olan Ermənistanın da bir müddət Kremldən qaçmağa cəhd etdiyini qeyd edir. Məsələn, İrəvan Gömrük Şurasına üzvlükdən imtina qərarını quruma üzv ölkələrlə ümumi sərhədlərin olmaması ilə əsaslandırırıdı. Qəzet Rusiyanın Azərbaycanla yaxınlaşmasının Ermənistan üçün başqa seçim qoymadığını bildirir. “Rusiya Ermənistandakı hərbi kontingentinin azaldılacağını bəyan etdi və 2011-ci ildə Azərbaycanla böyük hərbi müqavilə imzaladı. “S-300” zenit-raket sistemlərinin iki batereyası, “Tor-2M" kompleksinin bir neçə batereyası, 60 vertolyot, tanklar və artilleriya sistemləri də daxil olmaqla Azərbaycana üç milyard dollarlıq sılah satıldı. Bu silahların alınması isə kasıb Ermənistanın cibinə görə deyildi. Moskva eyni zamanda açıq şəkildə düşünməyə başladı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri qarşısında götürdüyü öhdəliklər Dağlıq Qarabağa aid edilirmi?”- Polşa qəzeti qeyd edir.

Bildirilir ki, bu siqnal da Ermənistana çatmadı və Rusiyanın sonrakı siqnalları daha konkret oldu:

“Qazprom” 2012-ci ildə təbii qazın bir kubmetrin qiymətini 180 dollardan 270 dollara qaldırdı. Bu isə erməni rəhbərliyini qorxutdu. Belə bir qiymət Ermənistanın imkanlarına uyğun deyildi. Qazın bahalaşması perspektivi siyasi müxalifəti İrəvan küçələrinə çıxması və stabilliyin pozulması ilə nəticələnə bilərdi. İrəvan üçün daha bir siqnal erməni miqrantlar üçün viza rejiminin sərtləşdirilməsi oldu. Xatırlatmaq lazımdır ki, Ermənistanın dövlət büdcəsinin 18 faizi Rusiyada işləyən ermənilərin fərdi pul köçürmələri hesabına formalaşır. Nəhayət ki, Rusiya istəyinə nail oldu. 2013-cü ilin sentyabr ayında Moskvada Putinlə görüşən prezident Serj Sarkisyan Gömrük Şurasına qoşulmaq arzusunu elan etdi”.

Polşa qəzeti həmçinin Ermənistandakı Rusiya hərbi bazasının komandiri polkovnik Andrey Ruzinskinin bəyanatını xatırladır. “Bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri qarşısında götürdüyü öhdəliklər Dağlıq Qarabağa aid edilirmi” sualı qoyan Rusiya indi isə hərbçisinin bəyanatı ilə Azərbaycanın Dağlıq Qarabağa hücum edəcəyi halda Rusiyanın hərbi müdaxiləsini istisna etmirdi”, - “Virtualna Polska"ya yazır.

Qaqauz minası

Moskva avroatlantik xarici siyasət kursunda israrlı görünən Moldovaya da təzyiqlər göstərdi. Moldovanın əsas ixrac məhsulu olan şərabın idxalı Rusiya tərəfindən vaxtaşırı müxtəlif bəhanələrlə dayandırıldı. Moskva həmçinin tez-tez Dnestryanı münaqişəni Kişnyovun yadına salırdı. Rus rəsmiləri açıq şəkildə bildirirdilər ki, Kişnyov Avropaya getmək niyyətində qətidirsə, o halda bu Dnestryanı ərazisiz baş verəcək. Amma Moldova nə iqtisadi sanksiyalar, nə də ərazinin bölünəcəyi təhdidləri qarşısında geri çəkilmədi. Bunu görən Moskva Kişnyov üçün yeni bir problem yaratdı: Qaqauziya muxtariyyəti.

Qaqauziya Moldovanın təxminən 5 faiz ərazisini tutur və ən əhəmiyyətli Ukrayna ilə həmsərhəddir. Muxtariyyət mərkəzi hökumətin etirazlarına baxmayaraq, fevralın 2-də referendum keçirildi. Referenduma Moldovanın dövlət müstəqilliyinin itiriləcəyi halda müxtariyyətinin müstəqilliyi məsələsi qoyulmuşdu. Referendumun nəticələrinə görə, seçicilərin 98 faizi suala müsbət cavab vermişdi. Referendumu maliyyələşdirənlərin isə qaqauz mənşəli rusiyalı biznesmen Yuri Yakubov və daha 200 qaqauzun olması da seperatçı addımların arxasında Moskvanın olduğunu üzə çıxardı.

“Virtualna Polska" qəzeti qeyd edir ki, Rusiya “Qaqauziya ssenarisi”ni Qərbi Ukrayna və rusdilli Krımla bağlı da həyata keçirir. “Ən əhəmiyyətli fakt odur ki, bu strategiya nəticəsində Moskvanın MDB ölkələrində siyasi hökmranlığı getdikcə güclənir. Avropa İttifaqının isə Rusiyadan fərqli olaraq bu dövlətlər üçün heç bir təklifi yoxdur”, - qəzet sonda Avropanı passiv olmaqda ittiham edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR