Putin hərbi doktrinanı dəyişir
Bizi izləyin

Dünya

Putin hərbi doktrinanı dəyişir

Rusiya prezidenti Vladimir Putin 5 fevral 2010-cu ildə imzalanmış “Rusiya Federasiyasının hərbi doktrinası Haqqında” sənədin ləğv edilməsi barədə fərman verib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, fərman imzalandığı 25 dekabr 2014-cü il tarixindən qüvvəyə minir.

“İnterfaks”a yaxın hərbi mənbə bildirib ki, 2010-cu ildə qəbul olunmuş hərbi doktrinanın ləğvi sənədin yeni versiyasının qəbulu ilə bağlıdır. Mənbənin sözlərinə görə, geosiyasi vəziyyətin kəskin dəyişməsi və hərbi xarakterli yeni təhlükələrin yaranması 4 il sonra hərbi doktrinaya yenidən baxılmasına ehtiyac yaradıb.

Yeni hərbi doktrinanın hazırlanması istiqamətində işlərin getdiyini bir müddət əvvəl prezidentin özü də açıqlayıb. “Artıq müdafiə sahəsində bir sıra konseptual sənədlər hazırlanıb. Bu sənədlər Silahlı Qüvvələrin hədəflərini, fəaliyyət istiqamətlərini və ən yaxın 10-15 ildə simasını müəyyən edir", - dövlət başçısı deyib.

Vladimir Putin qeyd edib ki, Rusiyanın hərbi doktrinası müdafiə xarakteri daşıyır. 2010-cu ildə qəbul olunan doktrina ölkəyə lazım olarsa, nüvə silahından da istifadə etməyə icazə verirdi.

Yeni hərbi doktrinadan başqa 2016-2025-cı illərdə silahlanma üzrə yeni dövlət proqramı və müdafiə məsələləri üzrə “Ağ kitab”ın elan ediləcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm