İtmiş təyyarə Yava dənizində axtarılır
Bizi izləyin

Dünya

İtmiş təyyarə Yava dənizində axtarılır

İndoneziya xilasediciləri Banka-Belitunq arxipelaqı sakinlərinin “AirAsia” hava yollarına məxsus itən təyyarə ilə bağlı xəbərlərini yoxlayırlar.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sakinlər Yava dənizi üzərində partlayış səsi eşitdiklərini bildiriblər.

İndoneziyanın Milli axtarış-xilasetmə idarəsinin rəhbəri Cefri Andrianinin sözlərinə görə, xilasedicilər itmiş layneri hazırda Nanqka adası ərazisində axtarırlar.

Daha əvvəl İndoneziya Hərbi Hava Qüvvələrindən bildirilib ki, laynerin axtarışları Belitunq adası ərazisində aparılır. Axtarış əməliyyatının rəhbərliyi axtarış zonasını yeddi sektora bölüb. Əməliyyata iki təyyarə, üç vertolyot və səkkiz xilasedici gəmisi cəlb edilib. Axtarış rayonuna həmçinin Sinqapur Hərbi Hava Qüvvələrinin hərbi-nəqliyyat təyyarəsi və iki gəmisi göndərilib.

Dünən axşam isə İndoneziyanın vitse-prezidenti Yusif Kalla itən təyyarə ilə bağlı açıqlama verib. Yusif Kalla vurğulayıb ki, təyyarənin hansı ərazidə qəzaya uğradığı barədə informasiya hələlik yoxdur.

“AirAsia”dan verilən açıqlamaya görə, QZ8501 uçuş nömrəsi ilə uçan təyyarə ilə əlaqə yerli vaxtla saat 07:24-də kəsilib. “Airbus A320-200” tipli təyyarədə olanlardan 155-i sərnişin, 7-si ekipaj üzvüdür. Məlumata görə, təyyarə ilə əlaqənin itməsindən əvvəl ekipaj heyəti sıx hava buludundan qaçmaq üçün təyyarəni 9,75 kilometrdən 11,5 kilometrə qədər qaldırdığını bildirib.

Təyyarədə İndoneziyanın 149, Cənubi Koreyanın 3, Sinqapur, Malayziya və Böyük Britaniyanın isə hərəsinin bir vətəndaşı olduğu deyilir. Laynerin ekipaj heyətində İndoneziyanın altı, Fransanın bir vətəndaşı olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm