İtən laynerin axtarıldığı ərazidə şübhəli obyekt aşkarlanıb
Bizi izləyin

Dünya

İtən laynerin axtarıldığı ərazidə şübhəli obyekt aşkarlanıb

“AirAsia” hava yollarına məxsus itən təyyarənin axtarışı aparılan zonada şübhəli obyekt aşkar edilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, şübhəli obyekt İndoneziyanın Kalimantan adasının cənub-qərbindəki Pankalanbuun şəhərindən yüz mil cənub-qərbdədir.

Həmin ərazi isə laynerin radarlardan itdiyi yerdən təxminən 700 mil aralıdadır. Məlumata görə, hazırda şübhəli obyektin olduğu yerə təyyarələr göndərilib.

“Təyyarələrimizdən biri indi nə isə aşkarlayıb. Ancaq onun nə olduğunu müəyyənləşdirmək hələlik mümkün olmayıb. Hazırda təyyarələrimiz şübhəli obyektin olduğu yerə hərəkət edir", - İndoneziya Hərbi Hava Qüvvələrinin kiçik marşalı Aqus Dvi Putranto deyib.

Bundan əvvəl isə məlumat yayılıb ki, İndoneziya xilasediciləri Banka-Belitunq arxipelaqı sakinlərinin “AirAsia” hava yollarına məxsus itən təyyarə ilə bağlı xəbərlərini yoxlayırlar. Məlumata görə, sakinlər Yava dənizi üzərində partlayış səsini eşitdiyini bildiriblər.

Axtarış əməliyyatına başçılıq edən Henri Bambanq Sulisto deyib ki, laynerin batdığı ehtimal olunur. Xilasedicilərin qiymətləndirməsinə görə, qəza baş verdiyi güman edilən ərazidə dərinlik təxminən 40 metrdir.

“AirAsia”dan verilən açıqlamaya görə, QZ8501 uçuş nömrəsi ilə uçan təyyarə ilə əlaqə dünən yerli vaxtla saat 07:24-də kəsilib. “Airbus A320-200” tipli təyyarədə olanlardan 155-i sərnişin, 7-si ekipaj üzvüdür. Məlumata görə, təyyarə ilə əlaqənin itməsindən əvvəl ekipaj heyəti sıx hava buludundan qaçmaq üçün təyyarəni 9,75 kilometrdən 11,5 kilometrə qədər qaldırdığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm