Yoxa çıxan “AirAsia” hələ də tapılmayıb
Bizi izləyin

Dünya

Yoxa çıxan “AirAsia” hələ də tapılmayıb

İndoneziyanın axtarış-xilasetmə xidmətləri “AirAsia” laynerinin yoxa çıxdığı ərazidə tüstü buludunun olması barədə xəbərləri yoxlayır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “CBS News” televiziya kanalı bildirib.

Axtarış-xilasetmə missiyasının operativ direktoru Maks Ruland bildirib ki, axtarış zonası artırılıb. Axtarış aparılan ərazi hazırda ABŞ-ın Kaliforniya ştatının ərazisindən daha böyükdür. Axtarış-xilasetmə missiyasının rəhbəri Bambanq Silostion təyyarə reysinin son koordinatlarına əsaslanaraq qeyd edib ki, təyyarə böyük ehtimalla suya düşüb və dənizin dibindədir. Bununla belə, missiya axtarışları okeandakı adalara keçirməyi planlaşdırır.

ABŞ-ın Hərbi Dəniz Qüvvələri də axtarış əməliyyatına qoşulacaq. Axtarış zonasına “Sempson” gəmisi göndərilib.

Məlumata görə, təyyarə ilə əlaqənin itməsindən az öncə pilot uçuş hündürlüyünün 2 min metr yüksəldilməsi barədə dispetçerdən icazə istəyib. Dispetçer icazə versə də, dərhal icazəni ləğv edib. Bunun səbəbi isə pilotun uçmaq istədiyi eşelonda başqa bir təyyarənin uçması olub. Praktik olaraq bundan dərhal sonra “AirAsia” layneri ilə əlaqə itib.

Əsas versiya bundan ibarətdir ki, təyyarə İndoneziyanın Belitunq adası yaxınlığında qəzaya düşüb və batıb. Yava dənizində təyyarənin qırıntılarına oxşar şübhəli obyektlər aşkarlanıb. Bundan başqa təyyarənin yoxa çıxdığı təxmin edilən ərazidə yağ ləkələrinin olması barədə informasiya yayılıb. Bununla belə, qəzanın inandırıcı sübutları hələ tapılmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm