• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Prezidentliyə yol Putinin xeyir- duasından keçirmiş

  • Dünya
  • 13 Fevral 2014 17:54
  • 843 Baxış
Prezidentliyə yol Putinin xeyir- duasından keçirmiş

Misirin müdafiə naziri, feldmarşal Əbdülfəttah əl-Sisi Məhəmməd Mursinin devrilməsindən sonra ilk xarici səfərini Rusiyaya reallaşdırıb. Onu səfər zamanı ölkəsinin xarici işlər naziri Nəbil Fəhmi müşayiət edib.

Publika.Az xəbər verir ki, paytaxt Moskvada xarici qonaqları Rusiyanın müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergel Lavrov qarşılayıb. "2+2" formatında baş tutan görüşdə iki ölkə arasında beynəlxalq və regional əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdən əvvəl isə Misirin "Əl-Əhram" qəzeti rəsmi Moskvanın Qahirə ilə 2 milyard dollar dəyərində silah ticarəti mövzusunda razılaşma imzalayacağı və maliyyənin Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin ödəyəcəyini yazmışdı.

İddia olunur ki, Ə. Sisi prezident Vladimir Putinlə də görüşüb və prezident seçkiləri üçün onun xeyir-duasını alıb. Qeyd edək ki, Misir müdafiə naziri ölkəsində prezidentliyə ən real namizəd hesab edilir və yaxın günlərdə prezident postuna öz namizədliyini irəli sürə bilər. Son vaxtlar Yaxın Şərqdə fəallaşan Rusiyanın dəstəyini qazanmaq isə Misir müdafiə naziri üçün seçki öncəsi ən gözəl hədiyyə hesab olunur.

“Yaxın Şərqdə ABŞ-ın ənənəvi müttəfiqi Misir Rusiyanın qucağına atıldı”,- İspaniyanın “El Mundo” qəzeti əl-Sisinin Moskavaya səfərini bir cümlə ilə qiymətləndirib. Misir ordusunun rəsmi nümayəndəsi polkovnik Məhəmməd Əli “Facebook” səhifəsində səfərin bəzi detalları haqqında danışıb. Polkovnikin yazdığına görə, feldmarşal və xarici işlər nazirinin Moskvaya səfəri Rusiya müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergel Lavrovun Misirə səfərə cavabdır. Rusiyalı rəsmilərin Misirə səfəri ötən ilin 14 Noyabrında baş tutmuşdu.

Qeyd edək ki, ötən il M.Mursinin devrilməsindən sonra Vaşinqton baş verənləri “hərbi çevrilişi” olaraq qiymətləndirməsə də, Vaşinqton-Qahirə münasibətlərində soyuqluq yarandı. ABŞ Dövlət Departamenti Misirə hər il göstərilən 1,3 milyard dollar yardımın dayandırıldığını bəyan etdi. Barak Obama administrasiyası qəbul etdiyi qərarla həmçinin “Apache” vertolyotları, “Harpoon” gəmi əleyhinə raketlər, “F-16” təyyarələri və tanklar üçün ehtiyat hissələrinin Misirə çatdırılmasını dayandırdı.

Misirdə baş verənləri “hərbi çevriliş” olaraq qiymətləndirməyənlərdən biri də Rusiya idi. ABŞ və Misir münasibətlərində yaranan gərginlik Rusiya üçün yaşıl işıq yandırdı. Moskvanın əsas məqsədi isə heç şübhəsiz ki, yeni bir silah bazarının əldə edilməsi idi. “The Sunday Times” qəzeti hələ keçən ilin noyabr ayında yazırdı ki, ABŞ-ın Misirə silah satışı və hərbi yardımı təxirə salmasından sonra ölkənin yeni rəhbərliyi böyük miqdarda silah almaq üçün Rusiyaya müraciət edib. Misirin Rusiyadan almaq istədiyi silahlar arasında aşağı hündürlükdə uçan hərbi təyyarələr, müasir tank əleyhinə sistemlər və köhnə sovet tanklarının modernizasiya olunmuş modelləri var.

Misirin özünün iqtisadi imkanlarının zəif olmasına baxmayaraq, hesab edilir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin maliyyə yardımları Qahirəyə Rusiyadan istədiyi silahları almağa imkan verəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR