• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Yanukoviç: “Anladım ki, məni öldürməyə qərar veriblər”

  • Dünya
  • 5 Yanvar 2015 13:03
  • 703 Baxış
Yanukoviç: “Anladım ki, məni öldürməyə qərar veriblər”

ABŞ-ın “The New York Times” qəzeti Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ölkədən qaçış şəraiti haqqında araşdırma dərc edib.

Publika.az xəbər verir ki, qəzet Ali Radanın fevralın 20-də bütün qüvvələrin küçələrdən geri çəkilməsi haqqında verdiyi qərarın faktiki olaraq Yanukoviçin ölkədən qaçışının əsas səbəbi olduğunu yazıb.

“Ukraynanın Ali Radası prezident administrasiyasının ətrafındakı mühafizəni götürəndə Yanukoviç anladı ki, artıq getmək lazımdır. Yanukoviç prezident administrasiyasının binasının pəncərəsindən baxanda gördüklərindən şoka düşmüşdü. Milislər avtobuslara oturmağa başlamışdı. Bundan sonra prezident binanı tərk etdi və bir daha ora qayıtmadı", - Xarkov vilayətinin sabiq qubernatoru Mixail Dobkin bildirib.

ABŞ nəşri qeyd edib ki, Yanukoviç həmin ərəfədə ölkənin şərqinə növbəti səfəri haqqında düşünürmüş. O, Dobkinlə telefon söhbətində səfər zamanı baş çəkməsi üçün bir neçə fabrik ayırmağı xahiş edibmiş.

Ukraynanın sabiq prezidentinin müttəfiqi olan İnna Boqoslovskaya “The New York Times”a danışıb ki, Yanukoviç 20 fevraldan sonra parlamentin daha onun tərəfində olmadığını anlayıb.

Yanukoviçin özü isə iddia edib ki, müxalifət liderləri onu qarşı sui-qəsd hazırlayıblar.

“Mənim hakimiyyətdən uzaqlaşdırılmağım üçün dörd konstitusion əsas var idi. Bunlardan birincisi olan impiçment alınmadı. İkincisi, məni səhhətimlə bağlı ola bilərdi. Lakin mən vəzifəmi icra etmək üçün tam sağlam idim. Daha iki əsas qalırdı: könüllü istefa və ya ölüm. Müxalifətin liderləri zəng edərək məni könüllü istefaya inandırmağa çalışdılar. Mən qəti surətdə bundan imtina etdim. Bundan sonra isə konkret hərəkətlər başlandı. Mənə və ətrafımda olan insanlara təhdidlər gəlməyə başladı. Anladım ki, məni öldürməyə qərar veriblər", - Yanukoviç vurğulayıb.

Sabiq prezident kortejinin bir neçə dəfə atəşə tutulduğunu, mühafizəçilərdən birinin yaralandığını bildirib: “Buna görə də Baş Komandana tabe olan, mənə sədaqətini saxlayan güc strukturlarının olduğu yerə köçmək lazım idi”.

Yanukoviç bildirib ki, Krımda olarkən Rusiyaya getməyə qərar verib.

“Mən anlayırdım ki, Konstitusiyanı bərpa etmək cəhdim ölkədə vətəndaş müharibəsinə gətirib çıxarardı. 2014-cü il fevral ayında keçirilmiş rəsmi sosioloji sorğulara görə, ölkənin 47 faizi Maydanı dəstəkləyir, 46 faizi buna qarşı çıxırdı. Bu zaman cəbhə xətti təxminən Dneprdən keçirdi. Nəticədə, hazırda Donbas hövzəsində yaşanan faciəni bütün Ukrayna yaşaya bilərdi”, - Yanukoviç ölkədən qaçışına bəraət qazandırır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR