Putinə interneti kimlər qadağan edib? – İDDİA
Bizi izləyin

Dünya

Putinə interneti kimlər qadağan edib? – İDDİA

2014-cü ilin əsas geosiyasi hadisələrini şərh edən dünya mediası 2015-ci illə bağlı proqnozlarını irəli sürür. Maraqlıdır ki, analitiklərin əksəriyyəti geosiyasi proseslərin mərkəzində Qərb-Rusiya qarşıdurmasının dayandığını bildirirlər.

ABŞ-ın “Forbes” jurnalı hesab edir ki, Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə ABŞ üçün əsas təhlükə olaraq qalacaq. Jurnalın yazarı Loren Tompson Vaşinqtonun xarici siyasətində çox ciddi çatışmazlığın olduğunu yazıb. Onun fikrincə, gələcəyin proqnozlaşdırılmasında Vaşinqtonun nailiyyətləri olduqca azdır. Tompson Perl-Harbora hücum, Şimali Koreyanın Cənubi Koreyaya müdaxiləsi, Karib böhranı, Cənubi Vyetnamın məğlubiyyəti, SSRİ-nin dağılması, İraqın Küveytə müdaxiləsi, 11 sentyabr terror aktı və yeni minillikdə “İslam dövləti”nin yaranması kimi hadisələri misal göstərir.

Qərbin sanksiyaları və nəticədə neftin qiymətinin düşməsi ilə Rusiyanın ağır iqtisadi vəziyyətlə üzləşməsinə baxmayaraq, Loren Tompson Qərb üçün xoşagəlməz hadisələrin də gözlənilməz olmayacağını qeyd edib: “Hazırda görünür ki, Qərbin sanksiyaları Vladimir Putinin hökumətinə ağır zərbə vurub. Bir çoxlarının sözlərinə görə, sanksiyalar Ukraynaya müdaxilə və Krımın zəbt edilməsinə əvəz olaraq Rusiya üçün ağır cəza oldu. Ancaq bu həftə “Wall Street Journal”da Alan Kallison yazıb ki, sanksiyalar bəzən tamamilə əks nəticələrə səbəb olur”.

Rusiyanın Ukraynadakı hərəkətləri Qərbin əksər sakinləri üçün açıq təcavüz aktıdır. Ancaq Vladimir Putin və onun ətrafındakı dar məsləhətçilər qrupu, eləcə də rusiyalıların əksəriyyəti belə hesab etmirlər. Putinin yaxın ətrafı, əsasən Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının fikrincə, ABŞ Ukraynada inqilabın müəllifidir və Rusiyanın zəifləməsinə yönəldilən dövlət çevrilişini təşkil edib. Krımı rus mədəniyyətinin beşiyi adlandıran Putin regionun məhz Rusiyanın iqtisadi və siyasi təsir dairəsi olması barədə Qərbə dəfələrlə xəbərdarlıq edib. Qərb analitiklərinin fikrincə, Putinin özü bir çox şeydə onu informasiya ilə təchiz edən Kreml bürokratiyasından asılıdır. Hətta Putinin internetdən istifadə etmədiyi deyilir. Bunun isə birbaşa olaraq Kreml bürokratiyasının istəyi ilə bağlı olduğu bildirilir. Putin mətbuat konfranslarında dəfələrlə bildirib ki, məhz Qərbin anti-Moskva siyasəti Rusiyanı Ukrayna məsələsində fərqli davranmağa məcbur edib.

Ağır sanksiyalarla xeyli zəiflədilən Rusiyanın nüvə silahı Qərbin gözünü qorxutmaqda davam edir. Hazırda ABŞ və Rusiyanın nüvə arsenalı dünya nüvə ehtiyatının 90 faizini təşkil edir. Loren Tompson qeyd edir ki, Moskva təhlükəsizliyin təmin olunması məsələlərində böyük ölçüdə nüvə arsenalından asılıdır: “Çünki Rusiya yeni hərbi texnologiyaların hazırlanmasında Qərblə ayaqlaşa bilmir. ABŞ Rusiyanı bu məsələdə xeyli qabaqlayır. Rusiya hərbi doktrinasına əsasən, Qərbin hücumlarının dəf edilməsi üçün nüvə silahından istifadə oluna bilər. Rusiya ötən il nüvə silahlarının işə salındığı genişmiqyaslı hərbi təlimlər keçirdi. Rusiya ordusunun yüksək vəzifəli zabitinin sözlərinə görə, strateji raket arsenalının 96 faizi bir neçə dəqiqə ərzində buraxıla bilər”.

Putinin fikrincə, cari iqtisadi problem sanksiyaların nəticəsidir. Qərb ekspertləri hesab edirlər ki, uzun sürən iqtisadi eniş Putinə dəstəyi zəiflədə və son nəticədə onu avtoritarizmi gücləndirməklə hakimiyyətini möhkəmləndirməyə itələyə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm