Navalnı evdə oturmayacağını bəyan edib
Bizi izləyin

Dünya

Navalnı evdə oturmayacağını bəyan edib

Dekabrın sonunda 3 il yarım müddətinə şərti cəzaya məhkum edilmiş Rusiya müxalifət lideri məhkəmənin ev həbsi barədə hökmünə tabe olmayacağını bildirib.

Publika.az-ın məlumatına görə, Aleksey Navalnı ev həbsi barədə qərarın qeyri-qanuni olduğunu deyib. Eyni fikri onun vəkili də səsləndirib. Olqa Mixaylova deyib ki, Navalnının ev həbsi şərtlərinə əməl etməkdən imtinası qanuna zidd deyil.

"Onun əsaslandırılmış məhkəmə qərarı olmadan ev həbsində saxlamaq qeyri-qanunidir", - vəkil əlavə edib.

"Mən qanunla tələb olunan 5 sutka və ondan da artıq müddət ərzində vicdanla gözlədim. Hökm indiyədək yoxdur. Mən heç bir kağız olmadan, məhkəmənin hökm hissəsi olmadan həbsdə qalıram”, - müxalifət lideri öz bloqunda yazıb.

Qanuna görə, hökmün çıxarılmasından sonra 5 gün ərzində onun nüsxələri mühakimə edilən şəxsə, onun vəkili və ittihamçıya təqdim olunur.

"Mən ev həbsində saxlanma barədə qeyri-qanuni tələbi yerinə yetirməkdən imtina edirəm”, - Navalnı bildirib.

Dekabrın 30-da Navalnının qardaşı Oleqə üç il yarım müddətinə həbs cəzası, Navalnının özünə isə üç il yarımlıq şərti cəza kəsilərək ev həbsi uzadılıb. Zamoskvoretsk məhkəməsinin qarşısında çıxış edən müxalifət lideri ona qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu deyib.

Hökmün çıxarılmasından sonra Oleq Navalnı “Butırka” istintaq təcridxanasına, Aleksey Navalnı isə ev həbsinə qaytarılıb.

"Bununla öyünmək səfehlikdir. Lakin mən Rusiya məhkəmələri tarixində hökmün çıxarılmasından sonra ev həbsində qalan yeganə adamam. Cinayət məcəlləsinin 107 -ci maddəsi birmənalı göstərir ki, belə bir həbs qətimkan tədbiri yalnız şübhəli və ittiham olunan şəxslərə qarşı tətbiq olunur”.

Cinayət məcəlləsinin 311-ci maddəsinə əsasən “azadlıqdan məhrum etməni” nəzərdə tutmayan hökmün çıxarılması və yaxud da şərti cəzanın kəsilməsi təqdirində mühakimə edilən şəxs məhkəmə zalında azad olunmalıdır.

Aleksey Navalnının vəkilləri hökmün qüvvəyə minməsinədək müxalifət liderinin ev həbsində saxlanılması ilə bağlı qərara qarşı apellyasiya iddiası ilə çıxış ediblər.

Vəkil Vadim Kobzev hökmü qeyri-qanuni və əsassız kimi dəyərləndirib. Məhkəmə çox qəribə qərar çıxarıb: adama şərti cəza kəsərək ev həbsində saxlamaq", - Vadim Kobzev İnterfax agentliyinə deyib.

Cəzaların icrasına nəzarət edən dövlət qurumu (FSİN) dekabrın 30-da etiraz mitinqinə qatılmaq üçün evini tərk etmiş Navalnının ev həbsi şərtlərini pozduğunu deyərək məhkəməyə müraciət edib.

Məhkəmə işi icraata götürmək iddiasını rədd edərək, müvafiq sənədləri geri qaytarıb.

"Beləlilklə, Zamoskvoretsk məhkəməsinin özü də etiraf edib ki, hökmdən sonra hər hansı bir ev həbsi ola bilməz və FSİN-in mənə qarşə verdiyi şikayətini geri qaytarıb”, - Aleksey Navalnı deyib.

Müxalifət liderinin dediyinə görə o yalnız evlə ofis arasında hərəkət etmək niyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm