Vaşinqton “Normandiya formatı”na badalaq vurdu
Bizi izləyin

Dünya

Vaşinqton “Normandiya formatı”na badalaq vurdu

Fransa və Almaniya Astanada “Normandiya formatı”nda görüşün baş tutacağına şübhələnir.

Publika.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkelin mətbuat katibi Şteffen Zaybert 15 yanvarda Astanada Ukrayna, Rusiya, Almaniya və Fransa liderləri arasında planlaşdırılan görüş haqqında suala cavab verərkən “hələ dəqiq bir şey deyə bilmirəm” deyib.

Mətbuat katibinin sözlərinə görə, belə görüşlər yalnız o halda əhəmiyyətli olacaq ki, prosesdə irəliləyiş əldə olunsun.

Öz növbəsində Fransa prezident Fransua Olland fransız radiosuna bildirib ki, Astanaya “irəliləməyə nail olmaq imkanı” yaranacağı halda gedəcək.

Xatırladaq ki, Almaniya kansleri, Ukrayna, Fransa və Rusiya prezidentlərinin 2015-ci il yanvarın 15-də “Normandiya formatı”nda Astanada görüşəcəyi barədə məlumatı Ukrayna prezidenti Pyotr Poroşenko ötən həftə Kiyevdə keçirdiyi illik mətbuat konfransında açıqlayıb. Ukrayna dövlətinin başçısı həmçinin əlavə edib ki, bu görüş Minsk formatına zidd olmayacaq.

Ukrayna böhranı üzrə danışıqların “Normandiya formatı”nda davam etdirilməsi isə ABŞ-ın prosesdən kənarda saxlanılmasıdır. 2014-cü ilin noyabr ayında Ukraynanın baş naziri Arseniy Yasenyuk bildirmişdi ki, Rusiya Ukrayna, Avropa Birliyi, ABŞ təmsil olunduğu Cenevrə formatından imtina edərək Ukraynaya ikinci Abxaziyanı təklif edir.

"Ukrayna dövlətinin və hökumət başçısının ümumi mövqeyi bundan ibarətdir ki, danışıqların keçirilməsi üçün ən yaxşı və effektiv formatı Cenevrə formatıdır. Rusiya var gücü ilə bu formatdan imtina etməyə çalışır və bizə Ukrayna ərazisində ikinci Abxaziyanı təklif edir. Biz Rusiya muzdluları və terrorçularla birbaşa danışıqlar aparmayacağıq”, - deyə Ukrayna baş naziri söyləmişdi.

Astanada “Normandiya formatı”nda görüşün baş tutmaması isə indiki halda ABŞ-ın maraqlarına cavab verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm