
Türkiyənin İstanbul şəhərində Turizm Polis İdarəsinin binası qarşısında törədilən terror aktına görə məsuliyyəti İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) üzərinə götürüb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, DHKP-C-nin internet saytında dərc olunan xəbərdə terror aktının təşkilatın fəalı Elif Sultan Kalsen tərəfindən törədildiyi qeyd olunub.
Adıçəkilən şəxs dünən özünü Turizm Polis İdarəsinin binası qarşısında partladaraq, 1 polisin ölməsinə, 2 polisin yaralanmasına səbəb olub. Elif Sultan Kalsenin 2012-ci ildə Çağlayanda İstanbul Ədliyyəsi qarşısında təşkil edilən bir mətbuat konfransına qatıldığı da ortaya çıxıb.
Xatırladaq ki, İstanbulda 1 yanvar tarixində Dolmabahçe Sarayına təşkil edilən bombalı hücuma görə məsuliyyəti də DHKP-C üzərinə götürmüşdü.
DHKP-C 30 mart 1994-cü ildə qurulub, lideri Dursun Karataşdır. Təşkilat ideoloji olaraq marksizm və leninizm fəlsəfələrini mənimsəyib. DHKP-C Türkiyə, ABŞ, İngiltərə və Avropa Birliyinin terror təşkilatları siyahısına daxil edilib. DHKP-C öz məqsədini belə açıqlayır: “Məqsədimiz mövcud sistemləri silah gücünə məhv edərək, yerinə marksist-leninist ideyalara söykənən bir sistem gətirməkdir”. Bu açıqlamadan da göründüyü kimi, DHKP-C demokratik siyasi bir təşkilat yox, terror təşkilatıdır.
Ömər Dağlı