• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Olland hökumətin təcili toplantısını çağırdı - TERROR

  • Dünya
  • 7 Yanvar 2015 17:21
  • 565 Baxış
Olland hökumətin təcili toplantısını çağırdı - TERROR

Fransa prezidenti Fransua Olland Parisdəki atışma ilə bağlı Nazirlər Kabinetinin təcili iclasını çağırıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə “Agence France-Presse” agentliyi bildirib. İclas yerli vaxtla saat 14:00-də olmalıdır. Hazırda prezident, baş nazir Manuel Vals, daxili işlər naziri Bernar Kaznev və Paris meri An İdalqo hadisə yerindədir.

Xatırladaq ki, “Kalaşnikov” avtomatları və qumbaralarla silahlanan naməlum şəxslər “Charlie Hebdo” satirik jurnalının ofisinə basqın edərək əməkdaşları atəşə tutublar. Cinayətkarlar bundan sonra gizlənməyi bacarıblar. “Charlie Hebdo”ya hücumdan sonra Parisdə terror təhlükəsinin yüksək səviyyəsi tətbiq edilib. Son məlumatlara görə, atışma nəticəsində 2-si polis olmaqla 12 nəfər ölüb.

Fransa prezidenti Fransua Olland satirik jurnalın əməkdaşlarına hücumu terror aktı adlandırıb. Dövlət başçısı “Twitter” səhifəsində “Heç bir barbar aktı mətbuatın azadlığını kəsə bilməyəcək. Biz hadisələrə reaksiya verən və birləşə bilən vahid ölkəyik” yazıb.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 1969-cu ildə fəaliyyətə başlayıb. 1981-ci ildə fəaliyyətini dayandıran jurnal 11 il sonra yenidən çap olunmağa başlanıb. Jurnal Məhəmməd peyğəmbərin Danimarkanın “Jyllands-Posten” nəşrində dərc edilən karikaturalarını 2006-cı ildə yenidən çap etməklə tanınıb.

“Charlie Hebdo” “Müsəlmanların günahsızlığı" filminə qarşı etiraz aksiyaları zamanı - 2012-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarının yeni seriyasını dərc edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR