“Rusiyada qullar, Honkonqda qaliblər” – ruslar hara “yoxa” çıxır? - PROQNOZ
Bizi izləyin

Dünya

“Rusiyada qullar, Honkonqda qaliblər” – ruslar hara “yoxa” çıxır? - PROQNOZ

Ukraynaya müdaxilədən sonra Rusiya Qərbin ağır iqtisadi sanksiyalarına məruz qaldı. Neftin qiymətinin sürətlə enməsi də dünyadan yarımtəcrid vəziyyətinə düşən ölkəyə əlavə zərbə oldu. Bütün bunların nəticəsini özlərinin gündəlik həyatlarında hiss edən rusiyalılar vəziyyətdən çıxış yolları axtarmağa başlayıb. Bəzi rusiyalılar isə artıq ölkə rəhbərliyinin vəziyyətdən çıxış yolunu tapmayacağını düşünərək, çarəni ölkəni tərk etməkdə görürlər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 2014-cü ilin nəticəsinə görə, ekspertlər Rusiyada orta sinfinin nümayəndələri arasında mühacirət əhvali-ruhiyyəsinin artdığını qeyd edirlər. Mütəxəssislərin bəziləri hesab edirlər ki, söhbət rus mühacirətinin yeni dalğasından söhbət gedir. Mühacirətin yeni dalğasının əvvəlkilərdən əsas fərqi ondan ibarətdir ki, indi xaricə getmək istəyənlər bu fikrə məhz 2014-cü ilin martından sonra gəlib.

“Bu insanlar getmək istəmirlər, onlar məcburi mühacirət edirlər. Onlar ölkədəki siyasi hadisələrin təzyiqi altında olanlardır” – mühacirət üzrə konsultant Sergey Kuznetsov Rusiya mətbuatına açıqlamasında deyib.

Rusiya orta sinfinin əsasını yüksək ixtisaslı işçilər və kiçik biznesin sahibləri təşkil edir. Sergey Kuznetsovun sözlərinə görə, Rusiyanın həm iqtisadi, həm də siyasi inkişafının qeyri-müəyyənliyi vətəndaşları qorxudur və “mühacir” adını üzərinə götürməyə məcbur olur. Kuznetsov qeyd edir ki, müştəriləri əsasən üç istiqamətə üstünlük verirlər. Birinci, bu ənənəvi istiqamətdir: Kanada, Avstraliya, ABŞ. İkinci istiqamət Almaniya və Fransa kimi ölkələr başda olmaqla Avropa ölkələridir. Üçüncü istiqamət isə slavyan mədəniyyətinə hakim olan qonşu Şərqi Avropa ölkələridir.

"Strateji insan resurslarını idarə etmə" proqramının direktoru Yekaterina Varqa bildirir ki, proqramçılara və digər yüksək ixtisaslı mütəxəssislərə yaşayış yerlərini dəyişmək daha rahatdır. O, bu peşələrin yerli mədəniyyət və ya hansısa xüsusi hüquqi məhdudiyyətlərlə birbaşa bağlı olmadığını ifadə edib.

Rusiyanı keçən il informasiya texnologiyaları sahəsində çalışan bir neçə mütəxəssis tərk edib. Məsələn, "VKontakte” sosial şəbəkəsinin banisi Pavel Durov ölkəni tərk etməsindən az əvvəl hakimiyyətin təzyiqlərindən şikayətlənirdi. “Planner 5D” interyer dizaynı üzrə şirkətin təsisçiləri Aleksey Şeremetyev və Sergey Nasırev də xaricə üz tutublar. Lakin onlar hakimiyyətlə hansısa problemlərin olmadığını bildirdilər. Bundan başqa, “Game Insight” mobil aparatları üçün oyunların istehsalçısı Moskvadan Vilnüsə köçdü. “Toonbox” animasiya studiyasının prosüderi Pavel Muntyan öz ofisini Kiprə köçürdü. Həmçinin “Gloria Jeans” geyim şirkətinin sahibi Vladimir Melnikov şirkətin Rostovdakı baş ofisini Honkonqa köçürməyə qərar verib. “Rusiya Federasiyasında biz qullar kimi, amma Honkonqda qaliblər kimi öləcəyik”, - Melnikov bildirmişdi.

2014-cü ilin oktyabrında “Bloomberg” agentliyi bildirirdi ki, statistikaya görə, ilin ilk səkkiz ay ərzində Rusiyadan 204 insan mühacirət edib. Bu Vladimir Putinin Rusiya prezidenti olduğu istənilən ildə qeydə alınan rəqəmdən çoxdur. Həmçinin qeyd edilirdi ki, 2014-cü ildə ABŞ-da “yaşıl kart” (Bu kart ABŞ-a mühacirət etmək və bu ölkənin daimi sakini olmaq imkanı verir) alan rusiyalıların sayı əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

Sonda isə Rusiyanın hansı istiqamətdə getdiyini ən açıq şəkildə göstərən bir proqnozu yada salaq. Bu proqnozla 2014-cü ilin noyabr ayının sonunda məşhur rusiyalı investisiya bankiri və iqtisadçı Slava Rabinoviç çıxış etmişdi. Rusiya üçün “öldürücü” proqnoz verən iqtisadçı ölkə vətəndaşlarının bir il sonra başqa ölkədə yaşayacağını iddia etmişdi.

“Rusiya sanksiyalara görə bütün dünyaya gülür. Ancaq möcüzələr olmayacaq. Həm də nəzərə almaq lazımdır ki, iqtisadi və maliyyə kollapsı birdən-birə baş vermir. Özümüzü aldatmayaq. Xarici malların əvəz edilməsi baş vermir. Hər şeyin, o cümlədən iqtisadiyyatın idxala ehtiyacı olmayan neft sektoru, kənd təsərrüfatı sektoru kimi sahələrdə belə idxal üzrə dünya rekordu əldə edən ölkənin dünya iqtisadi sistemindən çıxması və devalivasiya zamanı tam, təkrar edirəm, tam iqtisadi kollaps baş verir. Düşünürəm ki, düz bir il sonra - 2015-ci ilin sonunda Rusiya tamamilə başqa ölkə olacaq. Biz - əgər o vaxta kimi Rusiyanı tərk edib getməsək - tamamilə başqa ölkədə yaşayacağıq. Əgər hər şey “ora" doğru hərəkət edərsə, o halda 2015-ci il ərzində biz iqtisadiyyatda praktik olaraq bütün süzgəclərdən keçirilmiş effektləri görəcəyik", - Slava Rabinoviç vurğulamışdı.

Deməli, rusiyalılar istənilən halda bu gedişatla ilin sonuna kimi başqa ölkədə olacaqlar: Onlar ya öz ölkələrini tərk edəcək, ya da ölkələrində əvvəlki Rusiya ilə vidalaşacaqlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm