Paris ssenarisi hansı ölkələrdə təkrarlana bilər? – MÖVQE
Bizi izləyin

Dünya

Paris ssenarisi hansı ölkələrdə təkrarlana bilər? – MÖVQE

Suriya və İraqda baş verən hadisələrin Avropada bumeranq effekti doğuracağı gözlənilən idi. Bu təhlükəli və xoşagəlməz ssenaridən digər ölkələr də sığortalanmayıb.


Publika.az xəbər verir ki, bunu Boston Universitetinin müəllimi, terrorizm üzrə ekspert Mark Abrams Parisdə “Charlie Hebdo” jurnalına hücumu şərh edərkən deyib.


Onun sözlərinə görə, Parisdə reallaşan hücum olduqca peşəkarlıqla yerinə yetirilib: “Bu, hücum edənlərin doğrudanmı Suriyadan gəldiyinə şübhələr yaradır. Lakin mindən artıq Fransa vətəndaşının Suriyaya döyüşməyə getdiyi, İŞİD-ə qoşulduğu də faktdır. Bu insanlar cihad sıralarına qoşulur, radikallaşır və daha sonra vətənə qayıdırlar”.


Abram Parisdəki hücumun qaranlıq tərəfinə də toxunub və bunun Fransa xarici siyasətinə hesablanmış addım olması ehtimalını istisna etmir.


Böyük Britaniyanın “Politics First” nəşrinin baş redaktoru Markus Papadopulosun fikrincə, bu proseslərin arxasında Qərbin özü dayanır: “Paris hücumu Qərbin dünyada terrorizmin yayılmasında rolu olan “islam dövləti”ni dəstəkləməsi fonunda da qiymətləndirilməlidir. Əgər həqiqətən də bu terroru müsəlmanlar edibsə, o zaman fransız hökumətinin 2011-ci ildə Liviya və Suriya qiyamçılarını dəstəkləməsi gündəmə gələcək. Qərb öz uzunmüddətli geostrateji maraqları üçün islam qruplaşmalarını zaman-zaman dəstəkləyib. Amerikalılar və avropalılar 1980-ci illərdə Əfqanıstanda, 1990-cı illərdə Bosniyada, 2011-ci ildə Liviya və Suriyada eyni addımı atıb. Qərb terrora heç bir dəstəyin qəbulounmaz olduğunu anlamalıdır. Parisdə terrorun qurbanları ilə, Suriyadakı qurbanların arasında heç bir fərq yoxdur”.


Mark Abrams isə Paris ssenarisinin təkrarlana biləcəyi ölkələrə xəbərdarlıq edib. Onun fikrincə, Suriya və İraqa cihad ardınca gedən, daha sonra vətənə qayıdanlar olduqca təhlükəlidir: “Bu gün Orta Asiyadan başlayaraq, Rusiya, Cənubi Qafqaz, Türkiyə, Şərqi Avropa ölkələrindən olanlar, eləcə də fransızlar, almanlar, ingilislər bu və ya digər səbəbdən Suriyaya üz tutur. Orda “İslam dövləti”nə qoşulur. Gedənlər arasında sonradan səhv etdiklərini anlayanlar da ola bilər. Lakin bu heç nəyi dəyişdirmir. Onlardan geri qayıdanlar da var və bu insanlar qayıtdıqları ölkənin təhlükəsizliyi, cəmiyyəti üçün qorxuludur. Ölkələr Paris ssenarisini unutmamalı, belə təhlükələrə qarşı indidən tədbirlər görməlidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm