• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Peyğəmbər haqda film qalmaqal yaratdı - YENİLƏNDİ

  • Dünya
  • 14 Fevral 2014 17:07
  • 1 114 Baxış
Peyğəmbər  haqda film  qalmaqal yaratdı - YENİLƏNDİ


Türkiyədə serialların birində Məhəmməd Peyğəmbərin (ə.s.ə) işıq formasına görüntülənməsi böyük qalmaqala səbəb olub.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, STV kanalında yayımlanan “Şefkat Tepe” serialında İslam peyğəmbəri bir işıq axını şəkilində göstərilir. Lakin bir çox ilahiyyatçılar bunu etirazla qarşılayıb.

“Peyğəmbər bizim üçün nümunədir, lakin heç vaxt aktyor ola bilməz”

Türkiyənin Dini İşlər İdarəsinin Şura üzvü və Ankara Universitetinin ilahiyyat fakültəsinin dekan müavini professor Bünyamin Erul bildirib ki, bu və buna bənzər vəlilərlə bağlı filmlərdə həmişə onlar göstərilirdi, lakin son zamanlar peyğəmbərin işıq axını şəkilində də olsa göstərilməsi yanlışdır. Onun sözlərinə görə, əsrimizin texnoloji inkişafı nəticəsində müqəddəs olan hər şeyin mediada göstərilməsi problemlərə yol açıb.

İlahiyyatçı qeyd edib ki, müqəddəslərə hörmət etmək Qurani-Kərimin əsas əmrlərindəndir: “Həzrəti peyğəmbər əfəndimiz Məhəmməd Mustafaya, Qurani-Kərimə, Kəbəyə, mələklərə hörmət etmək və bunlarla bağlı danışarkən, yazarkən, onlarla bağlı nəsə nümayiş etdirərkən çox diqqətli olmaq lazımdır. Belə məsələlərdə mütləq ilahiyyatçılardan, bu sahənin elm adamlarından məsləhət almaq lazımdır. Belə bir laqeydlik digər filmlərdə, xüsusilə qısametrajlı filmlərdə çoxalmasına səbəb ola bilər”.

B. Erul bildirib ki, belə bir görüntü başqa ölkələrdə, misal üçün Pakistanda, İndoneziyada, Malaziyada olsa bəlkə də kütlələr küçəyə çıxardı: “ Bu cür şeylərə imkan vermək olmaz. Bu filmlər daha çox xristian mədəniyyətindəki Həzrəti İsanı göydən endirmə səhnələrini yamsılayır. Bizdəki peyğəmbər anlayışı daha çox ülvi və sadədir. Buna görə də diqqətli olmalıyıq. Peyğəmbərimizin imicini adiləşdirən, bəsitləşdirən hətta ruh çağırmağa bənzəyən bir səhnə peyğəmbərimizin ucalığına, şanına, müqəddəsliyinə yaraşan bir səhnə deyil. Əlbəttə təmiz yuxu gözəldir. İnsanlar peyğəmbərimizi yuxularında da görə bilərlər, amma bu çox şəxsi məsələdir. Bir çoxları belə yuxu görsə də, heç vaxt bu barədə danışmaz. Hələ hansısa filmdə, serialda yayımlanması ümumiyyət doğru deyil”.

“Əvvəllər onu özümüzə çağırmaq yerinə, özümüz ona layiq ola bilmək üçün çalışırdıq”

İslamın ilkin çağlarında peyğəmbər haqqında müxtəlif hədislər uydurulduğunu deyən B. Erul günümüzdə də belə uydurmaların olduğunu deyib. Onun sözlərinə görə, məqsədli şəkildə bu edilməsə belə, yenə də lağa qoymaq kimi bir şeydir.

“Peyğəmbərimiz örnək mənbəyimizdir. Bizim onu əsrimizə çağırmaq cəhdlərimiz doğru deyil. Keçmiş ədəbimiz daha yaxşıdır. “Sənə qovuşa bilsəm, ey Allahın Rəsulu” deyərdik. Onu özümüzə çağırmaq yerinə, özümüz ona layiq ola bilmək üçün çalışırdıq, bu xüsusiyyətləri qorumaq lazımdır. İslam adətinə görə, peyğəmbərimizin heç bir halda şəkili çəkilməməlidir. Onun şəklini, camalını, mübarək vücudunu təsəvvür edən nələrsə yoxdur. Belə filmlərdə bunu işıq formasında göstərməyimiz uşaqlarımızın peyğəmbərimizin işıq olduğunu düşünməyinə səbəb ola bilər. Həm peyğəmbərimizin, həm də bütün səhabələrinin görüntülərinin göstərilməməsi daha idealdır”-deyə ilahiyyatçı vurğulayıb.

O, belə məsələlərdə mütləq elm adamlarının məsləhətinin vacib olduğunu deyib.

“Həmzə deyəndə yadımıza aktyor Antoni Kuin düşür”

Tanınmış ilahiyyat professoru Nihat Hatipoğlu da belə görünütlərin səhv olduğunu deyib. O, əvvəl çəkilmiş bir neçə filmdən nümunə də gətirib.
““Çağırış” filmi çəkiləndə “Əl-Əzhər” universitetindən səhabələrin görüntülənməsinin nə qədər doğru olduğu soruşulub. “Əl-Əzhər” bu istiqamətdə fətva vermədiyi üçün peyğəmbər və onun 4 xəlifəsi göstərilmədi. Sadəcə, Həzrəti Həmzəni göstərdilər. Onu da qəbul edə bilmirik. Çünki o filmdən sonra Həmzə deyəndə yadımıza aktyor Antoni Kuin düşür. Halbuki heç kim Həzrəti Həmzə ola bilməz. O möhtəşəm insan olub. Bundan başqa. “Həzrəti Yusif filmi vardı. Sözün düzü, hamımız baxdıq. Amma heç birimiz də qəbul etmədik. Çünki Peyğəmbərin görüntülənməsi doğru deyil. Heç kim onun obrazını canlandıra bilməz. Əcnəbilər Həzrəti Musanın, Həzrəti İbrahimin filmini çəkdilər. Amma fikirləşirəm ki, peyğəmbərlərin, 4 xəlifənin canlandırılması, hətta kölgəsinin göstərilməsi doğru deyil. Belə şeylərə diqqət eləməliyik”-deyə professor qeyd edib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR