100 il sonra Yaxın Şərqə dönüş və ya Fransanın “11 sentyabrı” - TƏHLİL
Bizi izləyin

Dünya

100 il sonra Yaxın Şərqə dönüş və ya Fransanın “11 sentyabrı” - TƏHLİL

Fransa Parisdə “Charlie Hebdo” jurnalının redaksiyası və supermarketə edilən hücumlardan sonra müharibə anonsu kimi qəbul edilə biləcək qərar verdi. Paris Orta Şərqə “Şarl de Qoll" təyyarədaşıyan gəmisini göndərmək niyyətindədir. Məlumata görə, gəmidən beynəlxalq koalisiyanın bütün əməliyyatlarında istifadəsi nəzərdə tutulub.

Əslində Parisdəki terror aktlarından sonra xarici mətbuatlarda gedən şərhlər də yaxın gələcəkdə nələrin baş verəcəyinə müəyyən qədər ipucu verirdi. Təsadüfi deyil ki, xarici medialardakı analitik şərhlərdə terror aktı “Fransanın 11 sentyabrı” kimi dəyərləndirildi. 2001-ci il 11 sentyabr tarixində Nyu-Yorkdakı əkiz qüllələrin partladılmasından sonra hansı proseslərin baş verdiyi, dünyanın necə dəyişildiyi barədə çox danışmaq lazım deyil. Əfqanıstan, İraq, Suriya, Liviya, Yəmən, Misir, Afrikanın bir çox ölkələrində minlərlə insanın qətli, Türkiyənin özündə belə bu gün də partladılan bombalar 11 sentyabrın “məhsulları”dır. Amma Qərbin özü də etiraf edir ki, 11 sentyabrdan sonra həyata keçirilən “Səlib yürüşləri-2”, onun ardınca “Ərəb baharı” adlandırılan inqilablar istədikləri nəticəni verməyib, yaxud da prosesləri Qərbin istədiyi istiqamətə yönəltmək mümkün olmayıb.

Parisdəki terror aktlarından sonra yazdığımız yazılardan (publika.az/p/60066) birində hadisənin mümkün versiyalarına toxunmuşduq. Və əminliklə bildirmişdik ki, terror aktının nəticələrindən məhz Qərbin geosiyasi maraqlarının həyata keçirilməsi üçün istifadə olunacaq. Bu maraqların həyata keçirilməsi üçün Qərbin, o cümlədən Fransanın əlində artıq müəyyən əsaslar var. “Əl-Qaidə” terror qruplaşmasının Yəmən qanadı Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına hücuma görə məsuliyyəti üzərinə götürüb. Parisdə supermarketdə insanları girov götürən Ahmed Kulibali və onun hazırda axtarılan həyat yoldaşı Hayat Boumeddenin isə İŞİD üzvü olduğu bildirilir.

Terror aktında İŞİD və “Əl-Qaidə”nin adının hallanması Fransa və ABŞ başda olmaqla bir sıra dövlətləri təxirə salınmış strateji məqsədlərinə yaxınlaşdırır. Fransa prezidenti Fransua Olland terror aktından əvvəl “Suriyaya 2013-cü ildə kimyəvi silah istifadə edilərkən müdaxilə etmədiyimiz üçün peşmanam. Müdaxiləmiz reallaşmadı və indi də qarşımızda İŞİD terroru var. İŞİD-in isə Əsəd rejimi ilə əlaqəsi olduğundan şübhələnirik” demişdi. Qərb 2013-cü ildə neft və qaz satışından milyardlar qazanan Rusiya qarşısında geri çəkilərək Əsədi vurmaq fikrindən vaz keçməli olmuşdu. İndi isə Rusiya iflas həddindədir, Putinin son vaxtlar səsi çıxmır və mümkün qədər az görünməyə çalışır. Çox güman ki, ABŞ-ın “Əl-Qaidə” lideri Üsamə Bin Ladenin arxasınca gedərək Əfqanıstanı işğal etməsi kimi, Ollandın da “hücumu “İslam Dövləti”nə simpatiya bəsləyənlər edə bilər” deyərək İŞİD-in arxasınca İraq və Suriyaya getməsi hazırkı situasiyada problem olmamalıdır.

Qeyd edək ki, Fransadan Orta Şərqə yola çıxacaq “Şarl de Qoll" təyyarədaşıyan gəmisi Fransanın yeganə bu tip gəmisidir. Gəmi Fransa hərbi dəniz donanmasının lideridir. Gəminin silah və hərbi texnika arsenalına aşağıdakılar daxildir:

- “Super Etander” və “Rafal-M” tipli 36 qırıcı-bombardmançı

- DRLO E-2S “Xokay” tipli 3 təyyarə

- “Pantera” 565 MB axtarış-xilasetmə vertolyotları (sayı açıqlanmayıb)

Bundan başqa, gəminin arsenalına “Grumman Hawkey E-2” kəşfiyyat təyyarələri də daxildir. Gəminin ekipajı 2 min nəfərdir. Bura zirehli avtomobillərə təchiz olunan 800 piyada döyüşçü daxil deyil. Bütün bunlar isə hava əməliyyatlarının həyata keçirilməsi üçün kifayət qədər böyük hərbi qüvvədir.

Təsadüfi deyil ki, bəzi ekspertlər son günlər Yaxın Şərqdə baş verən hadisələri XX əsrin əvvəlindəki proseslərə bənzədirlər. Onlar bölgənin imperialist dövlətlər tərəfindən yenidən bölüşdürülməsi uğrunda müzakirələr və savaş aparıldığını dilə gətirirlər. Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani “Sykes-Picot” andlaşmasının dəyişməli olduğunu deyib. Bərzani İŞİD-ə qarşı həyata keçirilən strategiya ilə əlaqədar amerikalı generalla görüşdüyünü bildirib. “Mənim planımı soruşdular. Mən planım “Sykes-Picot” andlaşmasının dəyişdirilməsidir”, - Şimali İraq regional kürd rəhbərliyinin başçısı vurğulayıb.

Yada salaq ki, “Sykes-Picot” gizli andlaşması 1916-cı il 9 may tarixində Fransa və Böyük Britaniya arasında imzalanıb. Andlaşma Osmanlı dövlətinin, bütövlükdə Orta Şərqin bölüşdürülməsini nəzərdə tutur. Hazırda baş verən proseslər isə deməyə imkan verir ki, Yaxın Şərqin yenidən bölüşdürülməsi mərhələsinə start verilib və andlaşmanın 100-cü ildönümündə ikinci bir “Sykes-Picot” ortaya çıxa bilər. Və bu dəfə də Fransa Orta Şərq piroqundan kifayət qədər pay almaq niyyətindədir. Amma bu dəfə gizli deyil...

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm