“Jako” həbs olundu
Bizi izləyin

Dünya

“Jako” həbs olundu

43 yaşlı killer, Rusiyanın ən çox axtarılan cinayətkarı «Jako» ləqəbli Aslan Qaqiyev dünən Avstriyanın paytaxtı Vyanada həbs olunub.

Publika.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının araşdırmaları zamanı bəlli olub ki, «Jako» ləqəbli kriminal avtoritet tərəfindən idarə olunan cinayətkar qruplaşma 56 sifarişli qətl törədib.

Qeyd edək ki, kriminal dəstənin qətlə yetirdiyi şəxslər sırasında hüquq mühafizə orqanlarının rəhbərləri, nəhəng məmurlar və tanınmış biznesmenlər də olub. «Osetinli killerlər» adı ilə tanınan cinayətkar dəstənin qurbanları arasında müflisləşmiş «Sodbiznesbank»ın və «Kredittras» bankın sahibi Aleksandr Slesarevin də adına rast gəlmək mümkündür. O, həyat yoldaşı və övladı ilə birlikdə güllələnib.

Rusiya mətbuatında yayılan informasiyaya görə, dəstənin başçısı Aslan Qaqiyev axşam saatlarında Vyananın mərkəzi vağzalının yaxınlığında həbs olunub. Avstriyanın federal kriminal polisinin yetkilisi Mariyo Xaylın sözlərinə görə, ötən ilin dekabr ayının sonlarında Rusiya İnterpolun Milli Mərkəzi Bürosu Qaqiyevin Vyanada ola biləcəyindən şübhələndiyi üçün bu barədə Avstriya polisinə məlumat verib. Məhz bundan sonra genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bir müddət sonra əməliyyatçılar «Jako» nun yerini müəyyənləşdiriblər. O, Avstriya xüsusi təyinatlalıları – «Kobra» qrupu tərəfindən yaxalanıb. Baş verənlər kriminal avtoritet üçün gözlənilməz olduğundan o, müqavimət göstərməyə belə imkan tapmayıb.

Hüquq mühafizə orqanlarının yaydığı məlumatda deyilir ki, Aslan Qaqiyev həbs olunduğu zaman onun üzərində saxta Bolqarıstan pasportu və şəxsiyyət vəsiqəsi olub. Başqa şəxslərin adı qeyd olunan həmin sənədlərə «Jako»nun şəkli yapışdırılıb. Məhkəmənin qərarı ilə o, bir zamanlar ukraynalı oliqarx Dmitri Firtaş və Qazaxıstan prezidentinin keçmiş kürəkəni, bu ölkənin Avstriyadakı sabiq səfiri Rahat Əliyevin saxlanıldığı Yozefştadt həbsxanasına yerləşdirilib. Rusiya Baş Prokurorluğu artıq Qaqiyevin ekstradisiyası üçün zəruri sənədlərin hazırlanmasına başlayıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm