Rusiya miqrantlara amnistiya verməyə hazırlaşır
Bizi izləyin

Dünya

Rusiya miqrantlara amnistiya verməyə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin iki il əvvəl ölkəsinin 2025-ci ilə qədər miqrasiya siyasətinin konsepsiyasını təsdiqlədi. Ancaq iqtidardakı Vahid Rusiya Partiyası belə əmindir ki, indiyə qədər bu sahədə aydınlıq yoxdur.

Publika.Az –ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədri İqor Rudenski hökuməti miqrasiya siyasətində nizam yaratmağa çağırıb.

Federal Miqrasiya Xidmətinin etirazlarının əksinə olaraq, komitə sədri Rusiyada miqrasiya amnistiyasının elan edilməsini təklif edib. Miqrantların Rusiyaya nəzarətsiz girişi ölkənin ən ciddi problemlərindən biri hesab olunur. Sosioloji sorğular da göstərir ki, rusiyalıların əksəriyyəti miqrantların axınının məhdudlaşdırılmasının tərəfdarıdır. Ancaq hakimiyyət miqrantların əsas axınının qeydə alındığı ölkələrlə viza rejimini tətbiq etməkdən prinsipial olaraq imtina edir.

İqtisadi siyasət komitəsinin sədri İ.Rudenski hesab edir ki, viza rejimini tətbiq etməkdənsə, bir sıra digər addımlarla bu sahədəki vəziyyəti düzəltmək olar. “Məsələn, miqrantlardan soruşmaq olar ki, onlar Rusiya ərazisində işləmək istəyirlərmi? Miqrantların ölkə üzrə yerdəyişməsini izləmək üçün vahid elektron pasport sistemi yaradıla bilər. Vahid Rusiya Partiyası ölkədə miqrasiya amnistiyasını elan etməyə hazırdır”, - komitə sədri bildirir.

İ.Rudenski qeyd edir ki, aydın miqrasiya siyasəti olmadan Rusiya iqtisadiyyatının inkişafı qeyri-mümkündür:“Vahid Rusiya Partiyası miqrantlar üçün amnistiya elan etməyi təklif edib. Miqrasiya siyasəti qanuni və aydın olmalıdır. Əmək miqrantlarını cəlb edən biznes və bələdiyyələrə xüsusi diqqət ayırmaq lazımdır. Hansı ki, bu sahələrdə ixtisassız iş qüvvəsindən geniş istifadə edirlər”.

Federal Miqrasiya Xidməti isə miqrasiya amnistiyası ideyasını dəstəkləmir. “Mən belə bir amnistiyanın müvəffəqiyyətinə inanmıram”, - Federal Miqrasiya Xidmətinin başçısı Konstantin Romodanovski bildirib. O, 2007-2008-ci illərdə qeyri-qanuni miqrantlara cərimənin ödənilməsi və yeni miqrasiya kartının alınması ilə bağlı müraciət edildiyini, lakin lazımı nəticənin əldə olunmadığını deyib. K.Romodanovski bildirib ki, 5 milyon qeyri-qanuni miqrantın yalnız 2,2 mini bu təklifi müsbət cavablandırıb.

Rusiya Federal Miqrasiya Xidmətinin direktor müavini Yelena Radoçinanın verdiyi məlumata görə, hazırda ölkədə 11,3 milyon xarici var və onlardan 3,6 milyonu burada qanunsuz yaşayır. “Təəssüf ki, risk qrupu olan xarici vətəndaşlar da var. Onlar artıq 90 gündən çoxdur ki, Rusiyadadır və öz hüquqi statusunun təyin olunması üçün Federal Miqrasiya Xidmətinin müvafiq orqanına müraciət etməyiblər”, - Y. Radoçina deyib.

Müstəqil ekspertlər isə hesab edir ki, miqrasiya amnistiyasının elan edilməsi iqtisadiyyat üçün faydalı olar bilər. İqtisadiyyatda əmək miqrantlarına tələbatın çox yüksək olduğunu deyən “Finam” idarəetmə şirkətinin analitiki Maksim Klyaqinin sözlərinə görə, qeyri-şəffaf biznes və korrupsiya xarici əmək resurslarının qanuniləşdirilməsi üçün əsas maneədir. Ekspertin fikrincə, miqrantların qanuniləşməsi onların əməyinin effektliyinin artırılması üçün əsas şərtdir. O, orta müddətli perspektivdə iqtisadiyyatın normal işləməsi üçün 10 milyon əcnəbi lazım olmayacağını, bu rəqəmin 1,5-2 milyon olduğunu düşünür.

“Bəzi sahələr, məsələn tikinti, ticarət və sanitar sahələri miqrantlar olmadığı olmadığı halda iş qüvvəsindən məhrum olacaq. Rusiyalılar bu müəssisələrdə aşağı maaşla işləmək istəmirlər. Miqrasiya siyasətinin aydın hədəfləri müəyyən edilməyib. Özəl şirkətlərdə ucuz iş qüvvəsi ilə bağlı aşkar korrupsiya faktları var”, - “Xalq xəzinəsi” şirkətinin kommersiya direktoru Aleksandr Quskov danışır.

“Corum Group” şirkətinin department rəhbəri Yelena Plaxov da hesab edir ki, mövcud miqrasiya siyasəti iqtisadiyyat üçün çox effektsizdir və miqrasiya amnistiyasının elan edilməsinə ehtiyac var:

“Mövcud miqrasiya siyasəti miqrantlardan rüşvətin alınması üçün yaxşı mühitdir. Leqallaşdırılmış miqrantlar iqtisadiyyat üçün daha faydalı ola bilər. Onlar heç olmasa vergi ödəyirlər. Miqrasiya amnistiyası qəbul olunmalıdır. Amnistiya hətta pullu ola və büdcəyə 100 milyard rubla qədər vəsait gətirə bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm