İran Yəməni Səudiyyə Ərəbistanından “azad edir”
Bizi izləyin

Dünya

İran Yəməni Səudiyyə Ərəbistanından “azad edir”

İran və Səudiyyə Ərəbistanı arasında qarşıdurma mərkəzinə çevrilən Yəməndə güc balansı Tehranın lehinə dəyişib. İranın dəstəklədiyi Husilər bir neçə şəhər istisna olmaqla bütün ölkəni ələ keçirib.

İranmeylli Husiler paytaxt Sanaya nəzarəti ələ keçirərək Səudiyyə Ərəbistanının dəstəklədiyi dövlət başçısı Abdurabbu Mansur Hadini ev dustaqlığına məhkum edib. Dünən isə Yəmən prezidenti ölkədəki vəziyyətin sabitləşməsi üçün üsyançı Husi şiə qruplaşmasının lideri Abd əl-malik əl Hutiv tərəfindən irəli sürülən dörd tələbi qəbul edib. “Əl-Qaidə” terror təşkilatı və “İhvan-ı İslah” Partiyasına qarşı müharibə elan edən Husilər Qərbdən də səssiz şəkildə dəstək alır.

Konstitusiya dəyişəcək

Şiə qruplaşmasının tələbləri konstitusiyadakı “səhvlər”in düzəldilməsi ilə bağlıdır. O, Milli Dialoq üzrə Konqresin qərarlarının həyata keçirilməsini sürətləndirməyi və təhlükəsizliklə bağlı problemləri dərhal həll etməyi tələb edib.

Qeyd edək ki, Yəmən Milli Dialoq üzrə Konqresin baş katibliyi bu həftə yeni konstitusiya layihəsinin əsas müddəalarını dərc edib. Dəyişikliklər Yəmənin dördü şimal və ikisi cənub olmaqla altı regiondan ibarət federativ dövlətə çevrilməsini nəzərdə tutur. Dövlətin paytaxtı Sana xüsusi statusa malik olacaq və regionlardan heç birinin tərkibinə daxil olmayacaq. Yəmən prezidentinin mətbuat xidmətindən verilən açıqlamada Husilərin dövlət təşkilatlarında təyinat haqqı olduğu bildirilir.

Qərbdən səssiz dəstək

Husilərin silah gücünə tələblərini diktə etməsinə Qərb dünyasından hər hansı ciddi reaksiya gəlməyib. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Cen Psaki dünən gündəlik mətbuat konfransında “İran ilə Husilərin narahatlıq yaradan bir əlaqəyə sahib olduğunu” söyləməklə kifayətlənib. Analitiklər hesab edir ki, “Əl-Qaidə” terror təşkilatı və “İhvan-i İslah” Partiyasına müharibə elan edən Husilərə Qərb dünyası səssiz qalmaqla dəstək verir.

Qeyd edək ki, Yəmənin şimalında təsiri olan Husilər ölkə əhalisinin üçdə birini təşkil edir. Husilər sünni iqtidarı tərəfindən hüquqlarının pozulduğunu iddia edir və muxtariyyət üçün 2004-cü ildən mübarizə aparır. Tez-tez yaranan gərginlik son iki həftə ərzində şiddətli qarşıdurmalara çevrilib və Husilər paytaxtdakı fəaliyyətini gücləndirib.

Növbəti hədəf neft şəhəri Marib

Sana, Sada, Amran, iki liman şəhəri Əl-Hudeydə ve Əl-Muhanı ələ keçirən Husilərin növbəti hədəfləri ölkənin ikinci böyük şəhəri Taiz, strateji əhəmiyyəti olan neft şəhəri Marib və “Əl-Qaidə”nin nəzarətindəki Əl-Beyda şəhəridir. Husilər dünən Marib şəhərinə yaxın bir ərazidə hərbi birlik yerləşdirib. Maribli tayfalar isə Husilərə qarşı döyüşdə orduya dəstək verəcəklərini açıqlayıb. Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənilən sünni qəbilələrin nəzarətindəki Marib şəhəri ölkənin təbii qaz və neft yataqlarına sahib olmaq üçün strateji əhəmiyyət daşıyır.

Silah-sursat anbarı ələ keçirilib

Husilər dünən paytaxtı Sanada raket anbarları və hərbi texnikanın olduğu briqada qərargahını ələ keçirib. Tayfa üzvləri silahlı hücum zamanı hər hansı bir müqavimətlə qarşılaşmayıb. Husilərin anbardan 300 tank, 400 pulemyot və digər silahları ələ keçirdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm