• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Putin rusiyalıları “aclıq və işsizlik erası”na hazırlayır - VİDEO

  • Dünya
  • 26 Yanvar 2015 13:30
  • 604 Baxış
Putin rusiyalıları “aclıq və işsizlik erası”na hazırlayır - VİDEO

Rusiya hökuməti rusiyalıları kəmərlərin sıxılması, maaşların azaldılması və işsizliyə hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya iqtisadiyyatı barədə proqnozları şərh edən “Nezavisimaya Qazeta” bildirib.

Nəşr qeyd edir ki, iqtisadçılar bu yaxınlarda Rusiya Federasiyası haqqında verdikləri mənfi proqnozları əhəmiyyətli dərəcədə pisləşdiriblər. Davos İqtisadi Forumunda çıxış edən Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov ölkəsinin vətəndaşlarını əsassız illüziyalarla qidalanmamağa çağırıb. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatında vəziyyət dünya maliyyə böhranının olduğu 2008-2009-cu illərdən daha mürəkkəbdir. Rusiya hökumət rəsmisinin çıxışını şərh edən “Nezavisimaya Qazeta” ölkədə hər şeyin daha pis ola biləcəyini qeyd edib.

Eyni zamanda, “Nezavisimaya Qazeta” Rusiya baş nazirinin birinci müavininin bəyanatındakı ziddiyyətləri göstərib. Belə ki, Şuvalovun fikrincə, 2015-ci ildə Rusiyada iqtisadi artım səviyyəsi sıfır ətrafında olacaq. Halbuki qəzet 2009-cu ildə Rusiya iqtisadiyyatında 8 faiz azalmanın qeydə alındığını yazıb.

Rusiya iqtisadçıları isə Şuvalovun iqtisadi artım barədə proqnozları ilə razı deyil. Onlar daha ciddi azalmanı gözləyirlər. Xüsusi olaraq, 2015-ci ilin proqnozlarına görə, iqtisadi azalma 6 faiz olacaq. Əhalinin gəlirləri 6 faiz, əsas kapitala investisiyalar 16 faiz, pərakəndə ticarət dövriyyəsi 7 faiz azalacaq, bir dollar isə 82 rubl ətrafında dövr edəcək. İqtisadi böhranın yeni reallıqları maaşların azaldılması və işsizliyin artmasıdır. Amma Rusiyanın yeni böhranda özünəməxsus “taktika”sı olacaq. Əgər başqa ölkələrdə iqtisadi böhran işçilərin kütləvi ixtisarları ilə müşayiət olunursa, Rusiyada başqa ssenari yaşanacağı gözlənilir. Müəssisələrdə maaşların verilməsi dayandırılır, işçilər maaş ödənilmədən uzunmüddətli məzuniyyətlərə göndərilir, nəhayət, onlar işsizlər sırasına keçirilir.

İqtisadiyyat və Əmək Tədqiqatları Mərkəzinin direktoru Vladimir Qimpelsonun fikrincə, Rusiya məmurlarında hazırda anti-böhran tədbirləri ilə bağlı əsaslandırılmış ssenarilər yoxdur: “Görünür, məmurlar hesab edirlər ki, 2015-ci ildə də əvvəlki böhranın ssenarisi təkrarlanacaq və buna görə də 2008-2009-cu illərdə tətbiq olunan anti-böhran tədbirləri hazırlanır. Amma heç bir zəmanət yoxdur ki, hər şey əvvəlki kimi olacaq”.

Rusiyada iqtisadi situasiyanın ciddi şəkildə pisləşməsi haqqında “Kommersant” qəzeti də yazıb. Nəşr bildirir ki, Ümumdünya Bankının proqnozlarına görə, 2015-ci ildə Rusiyanın yalnız əsas ixrac məhsulu olan neft deyil, həm də digər xammallar ucuzlaşacaq.

Bu günlərdə deputatlardan birinin vətəndaşlara sağ qalmağın reseptini təklif etməsi də Rusiya hökumətinin rusiyalıları “aclıq erası”na hazırladığını göstərir. “Vahid Rusiya” Partiyasının Sverdlovsk vilayətindən olan deputatı İlya Qaffner Yekaterinburq ticarət mərkəzlərindən birində məhsulların yoxlanması zamanı qalmaqallı bəyanatla çıxış edib. Prezident Vladimir Putinin "Vahid Rusiya” Partiyasının nümayəndəsi rusiyalılara böhran şəraitində daha az qidalanmağı məsləhət görüb. “Ölkənin tarixini xatırlamaq lazımdır”, - İlya Qaffner deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR