• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kremlə öldürücü zərbə: Qərb son silaha əl atmağa hazırlaşır

  • Dünya
  • 26 Yanvar 2015 17:33
  • 1 446 Baxış
Kremlə öldürücü zərbə: Qərb son silaha əl atmağa hazırlaşır

Qərb Rusiyaya öldürücü zərbə vurmağa hazılaşır.

Publika.az xarici mediaya istinadən verdiyi məlumata görə, söhbət Rusiyanın SWIFT maliyyə sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) kənarlaşdırılmasından gedir.

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edəcəyi halda SWIFT Rusiya banklarına xidmət göstərməyi dayandıracaq. SWIFT-dən bildirilib ki, bunun üçün beynəlxalq qərarlar qurumun fəaliyyəti üçün əsas təşkil edir.

Qeyd edək ki, dünyanın 200-dən çox ölkəsinin 10,5 mindən çox bankı Belçikanın La-Yulp şəhərində yerləşən SWIFT-in xidmətlərindən xarici banklara pul göndərmək üçün istifadə edir. Bu banklararası sistemin köməyi ilə 2014-cü ildə 4 milyard əməliyyat həyata keçirilib. Hər bir iştirakçı bank özünün səkkizrəqəmli kodunu alır. Bu məlumatlara giriş əldə etməklə terrorçuların pulu harada gizlətdiyini öyrənmək olar. Əgər hansısa bir ölkənin sistemə girişi bağlanıbsa, onun iqtisadiyyatını çökdürmək olar.

ABŞ hökuməti 2001-ci il 11 sentyabr terror aktlarından cəmi bir neçə gün sonra lazımi məlumatların verilməsi xahişi ilə SWIFT-in o vaxtkı rəhbəri Lenni Şranka rəsmi sorğu göndərmiş və istədiyini almışdı. İran banklarının SWIFT-ə girişdən məhrum edilməsi isə ABŞ-ın ən böyük müvəffəqiyyəti olub. Nəticədə bu ölkə ilə beynəlxalq ticarət praktik olaraq sıfra qədər düşüb. Sanksiyalar İran iqtisadiyyatına çox ciddi ziyan vurub və İran hökuməti danışıqlar stoluna oturmağa məcbur olub.

Xatırladaq ki, yanvarın 15-də Avropa parlamenti Ukraynada stabilliyi pozan hərəkətlərə davam edəcəyi halda Rusiyaya qarşı növbəti sanksiyaların qəbul ediləcəyi barədə qərar verib. Yeni sanksiyalara Rusiya banklarının beynəlxalq əməliyyat sistemlərinə girişinin məhdudlaşdırılması da daxildir.

ABŞ Dövlət Administrasiyası da Rusiyanın SWIFT sistemindən kənarlaşdırılacağına ümid edir. “ABŞ Ukrayna məsələsində əvvəlki kimi diplomatik həllə üstünlük verir. Amma bu variant hələ lazımlı effekt verməyib. Başqa yola gəlincə, bizim Rusiyaya təsir imkanlarımız hələ bitməyib”, - Dövlət Administrasiyasındakı mənbə bildirib.

Mənbə ABŞ-ın Rusiyanı SWIFT sistemindən kənarlaşdıracağını istisna etməyib. O, bunun Rusiya üçün çox ağrılı olacağını deyib.

Rusiyanın “VTB” Bankının prezidenti Andrey Kostin də hesab edir ki, maliyyə sanksiyalarının tətbiqi, o cümlədən Rusiya banklarının SWIFT beynəlxalq maliyyə sistemindən kənarlaşdırılması yolverilməzdir və bu tammiqyaslı müharibəyə gətirib çıxara bilər. O, "Handelsblatt" adlı alman jurnalına müsahibəsində deyib ki, bu baş verəcəyi halda ABŞ səfiri Moskvanı dərhal tərk etməlidir. O, eyni zamanda Rusiya bank sisteminin dollar və avrodan asılılığını da etiraf edib.

Rusiyanın avro və dollardan asılılığına gəlincə, Almaniyanın “Die Zeit” qəzetinin müəllifləri hesab edirlər ki, amerikalıların SWIFT sistemindən başqa daha bir silahı var və bu da dollardır: “Dünya ticarətinin 80 faizi və valyuta mübadilələrin 90 faizi dolların payına düşür. ABŞ ərazisində hər elektron saziş Amerika valyutası ilə bağlanmalıdır. Dollara girişdən məhrum edilməsi istənilən beynəlxalq bank üçün intihara bərabər olardı. Bunlardan biri Fransanın “BNP Paribas” bankı idi. İranla əməkdaşlıq edən bank dollarla əməliyyat aparmaq hüququndan məhrum edilmiş və sonradan ABŞ-ın xeyrinə 9 milyard dollar cərimə ödəməyə məcbur olmuşdu. ABŞ Rusiya iqtisadiyyatını dağıtmaq istəmir, onun hədəfi Rusiya iqtisadiyyatını zəiflətməkdir. Birinci növbədə nüfuzlu Rusiya oliqarxları sanksiyaların ağır nəticələrini özlərinin üzərində hiss etməli və Rusiya prezidentindən uzaqlaşmalıdırlar. Artıq hazırda bir sıra hesablar dondurulub və Rusiya şirkətlərinin dünya maliyyə bazarlarına girişi əhəmiyyətli dərəcədə çətinləşdirilib. Amma Rusiya bankları hələ ki banklararası SWIFT sistemindən istifadə edə bilər. ABŞ hələ ki bu ekstremal imkandan istifadə etməyib. Vaşinqton Moskvanın sanksiyaların ağır nəticələrinə dözməyərək mövqeyini dəyişdirə biləcəyinə ümid edir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR