İslam Kərimov komaya düşüb - İDDİA
Bizi izləyin

Dünya

İslam Kərimov komaya düşüb - İDDİA

Özbəkistan prezidenti İslam Kərimov komaya düşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə müxalifətdəki “Özbəkistan Xalq Hərəkatı” iddia edib.

“Özbəkistan Xalq Hərəkatı”nın fəalları Özbəkistan hökumətindəki mənbələrə istinadən iddia edirlər ki, dövlət başçısının səhhəti yanvarın 28-də kəskin pisləşib.

“Prezident İslam Kərimov yanvarın 28-də təxminən saat 20:30-da “Kuksaroy” iqamətgahında axşam yeməyi zamanı huşunu itirib. İqamətgahdakı tibbi heyət dövlət başçısına təcili tibbi yardım göstərib. Ancaq prezidentin huşunu itirməsinə nəyin səbəb olduğunu müəyyən etmək mümkün olmayıb. İslam Kərimov yanvarın 29-da da koma vəziyyətində olub”, - mənbə bildirib.

Müxalifətçilər qeyd edirlər ki, Kərimovlar ailəsinə yaxın olan Rüstəm İnoyatov, hökumət başçısı Şövkət Mirziyayev, Nazirlər Kabinetinin digər üzvləri və Milli Təhlükəsizlik Xidmətinin başçısı ötən həftənin cümə axşamı təcili şəkildə prezident iqamətgahına gəliblər. Görüşün detalları haqqında məlumat yoxdur.

Özbəkistan prezidentinin mətbuat xidmətinin son rəsmi informasiyasına əsasən, İslam Kərimov 27 yanvarda “Oksaroy” iqamətgahında ABŞ-ın Özbəkistana təyin olunan yeni səfiri Pamela Spratlenin etimadnaməsini qəbul edib.

“Vesti.kg” xəbər portalına danışan ekspertlər Özbəkistan prezidentinin xəstəliyi ilə əlaqədar bütün regionda qeyri-sabit vəziyyətin yaranacağını proqnozlaşdırırlar.

“Başqa dövlətlərlə müqayisədə Özbəkistan müxalifəti böyük təzyiqə məruz qalıb və nəticədə “zirzəmiyə” sıxışdırılıb. Nəticədə, bu “zirzəmi” ekstremist xarakter əldə edib və yalnız İslam Kərimovun yaratdığı güc sayəsində saxlanılır. Onun dövlət idarəçiliyindən çəkilməsi bütün regionda vəziyyətin pisləşməsinə gətirib çıxara bilər”, - “Alfa-antiterror” qrupunun sədri, regional təhlükəsizlik sahəsində mütəxəssis Artur Medetbekov bildirib.

Qeyd edək ki, Özbəkistan prezidentinin səhhətinin pisləşməsi ilə əlaqədar xəbərlər mətbuatda tez-tez çıxır. Məsələn, Özbəkistanın “Azattık” radiosu 2010-cu ildə xəbər vermişdi ki, İslam Kərimov 2009-cu il ərzində iki dəfə komaya düşüb. Oxşar şayiələr 2013-cü ildə də yayılıb. Yerli media prezidentin infarkt keçirdiyi və ağır vəziyyətdə olduğunu yazıb. İslam Kərimov bir müddət sonra Moskvaya səfər etməklə iddialara cavab verdi.

İslam Kərimov artıq 25 ildir ki, prezident postunu tutur. O, faktiki olaraq 1989-cu ildən (Həmin vaxt Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini tuturdu) respublikaya rəhbərlik edir. Kərimov 2015-ci il 29 mart tarixinə təyin olunan növbəti prezident seçkilərində də iştirak etmək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm