“Yeni SSRİ”yə qurban veriləcək ölkə və ya Rusiya – Səudiyyə Ərəbistanı danışıqları nə vəd edir? - MÖVQE
Bizi izləyin

Dünya

“Yeni SSRİ”yə qurban veriləcək ölkə və ya Rusiya – Səudiyyə Ərəbistanı danışıqları nə vəd edir? - MÖVQE

Səudiyyə Ərəbistanı Rusiya prezidenti Vladimir Putinə neftin qiymətini qaldıracağına söz verib. Amma Putin bunun əvəzində Suriyanın Bəşər Əsəd rejiminə verdiyi dəstəkdən imtina etməlidir.

Publika.az xəbər verir ki, bu barədə Amerika və Səudiyyədəki diplomatik mənbələrinə istinadən “The New York Times” qəzeti yazıb.

Amerika nəşrinin yazdığına görə, bu barədə Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərliyi arasında hazırda danışıqlar davam edir. Danışıqlar bir neçə aydır ki, başlayıb, amma tərəflər əhəmiyyətli irəliləyişə nail ola bilməyiblər. “Əgər neftin qiyməti Suriyada sülhün əldə olunmasına imkan verərsə, razılaşmamaq üçün səbəblər görmürük", - səudiyyəli diplomat bildirib.

Bundan əvvəl isə səudiyyəli məmurlar iddia edirdilər ki, neftin qiyməti yalnız qlobal tələbatı və təklifi əks etdirir, geosiyasi proseslər iqtisadi gündəliyə təsir etmir. “The New York Times”ın yazdığına görə, Ər-Riyadın təklifinin Rusiya prezidenti tərəfindən qəbul olunacağı inandırıcı deyil. Qeyd olunur ki, xarici siyasi təzyiqlərə baxmayaraq, Moskva iqtisadi çətinliklərə hazır olduğunu dəfələrlə nümayiş etdirib. Bunun ən bariz nümunəsi kimi Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı qəbul olunan sanksiyalar göstərilir. Belə ki, ABŞ və Avropa Birliyinin qəbul etdiyi sanksiyalar, eləcə də Moskvaya qarşı elan edilməmiş müharibəyə Səudiyyə Ərəbistanının qoşulması ilə neftin qiymətinin faciəvi şəkildə aşağı düşməsi Rusiyaya indiyə kimi 200 milyard dollardan çox zərər vurub. Amma Moskvanın Ukrayna ilə bağlı mövqeyi dəyişməz qalır və Putinin Əsədə dəstəyi də əvvəlki kimi davam edir.

Məhz Suriya KİV-i diplomatik mənbələrinə istinad edərək iddia edir ki, Səudiyyə Ərəbistanından olan nümayəndə heyətinin 2014-cü ilin noyabrında Moskvada keçirdiyi görüşlərin əsas mövzusu da Dəməşq rejiminə verilən dəstəyin dayandırılması olub. Təsadüfi deyil ki, Ukrayna hadisələri fonunda Rusiyada baş qaldıra biləcək milli-azadlıq mübarizəsində Səudiyyə Ərəbistanının adı ilk sıralarda çəkildi. ABŞ prezidenti Barak Obamanın ötən ilin mart ayında – Krımın ilhaqından dərhal sonra Səudiyyə kralı Abdullah ilə görüşməsi də bu istiqamətdə müəyyən iddialara yol açdı. ABŞ-ın islam dünyasında ən yaxın müttəfiqi sayılan Səudiyyə Krallığının kəşfiyyat şefi ötən bir il ərzində iki dəfə Moskvaya gəlmişdi. O zaman Kremlə yaxın analitiklər yazırdılar ki, Rusiyada çox ciddi Səudiyyə faktoru formalaşıb. Yəni Səudiyyə krallığının Rusiyaya qarşı mübarizəsi kompleks xarakter daşıya bilər. Ər-Riyad Rusiyaya qarşı aparılan iqtisadi müharibədə hazırda həlledici rola malikdir. Rusiyada daxili siyasi vəziyyəti gərginləşdirmək də Qərb ilə “yardımlaşmaya” daxil ola bilər. Təsadüfi deyil ki, rəsmi Moskva ötən ilin ikinci yarısında Şimali Qafqazda, xüsusən Çeçenistanın paytaxtı Qroznıda törədilən terror aktlarının arxasında dayanan qüvvə kimi barmağını üstüörtülü olsa da, Ər-Riyada tuşladı. Amma eyni zamanda, Moskva bu kimi hadisələrin onun mövqeyinə təsir etməyəcəyini bəyan etməyi də unutmadı. İddialara görə, eyni mövqe Səudiyyə Krallığının kəşfiyyat şefinin Moskva səfərlərində də dilə gətirilib.

Rusiya Suriya prezidentinin ən qatı tərəfdarlarından biri olaraq qalır və ona hərbi vertolyotlar da daxil olmaqla, müxtəlif hərbi texnika, yanacaq və ehtiyat hissələrini satır. Eyni zamanda, Səudiyyə Ərəbistanı Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) ən böyük oyunçusudur və dünyada neft hasilatının 20 faizi onun payına düşür. Bu isə ona neftin qiymətinə təsir etmək imkanı verir.

“The New York Times”ın yazdığına görə, Birləşmiş Ştatlar Rusiyanın Bəşər Əsəd dəstəyinin dayandırılması üzrə Səudiyyənin irəli sürdüyü təşəbbüsləri dəstəkləməyə hazırdır. Baxmayaraq ki, neftin qiymətinin artırılması ABŞ iqtisadiyyatının bir çox sahələrinə zərər verə bilər.

Qeyd edək ki, İranın “Mashregh” nəşri bu günlərdə Səudiyyənin yeni kralı Salman bin Əbdüləziz əs-Səud ilə bağlı bir yazı dərc edib. Nəşr yazır ki, yeni kral səudiyyə qəbilələri arasındakı qarşıdurmanı həll etməli, həm də neftin qiyməti ilə bağlı ciddi qərarlar qəbul etməlidir: “Çünki neftin qiymətinin kəskin azalması Səudiyyə iqtisadiyyatına böyük zərər vurub. Ölkəyə dəyən zərər milyardlarla dollarla qiymətləndirilir və Ər-Riyad onu kompensasiya etmək üçün vasitələrə malik deyil. Bu yaxınlarda rəsmi şəxslər etiraf etdilər ki, büdcənin kəsiri 38 milyard dollar təşkil edir”.

Deməli, neftin qiymətinin hazırkı səviyyəsi Səudiyyə Ərəbistanını heç bir halda qane edə bilməz. Neft hasilatını sabit saxlamaqla qiymətin azalmasına birbaşa təsir edən Səudiyyənin bunu öz istəyi ilə etdiyi də ağlabatan deyildi. Səudiyyə neftin qiymətinin artırılmasına çalışır, amma bunu Rusiyaya edilən güzəşt kimi təqdim etməklə ondan nələrisə, daha doğrusu, Əsədi qidalandıran “can damarı”nı kəsməsini istəyir. Rusiyanın cavabı nə olacaq? Burada həm mənfi, həm də müsbət cavab vermək olar.

Birincisi, Rusiyanın indiyə kimi sərgilədiyi davranışlara diqqət yetirsək, deyə bilərik ki, Əsədi milyardlara satmayacaq. Suriya Yaxın Şərqdə SSRİ-nin varisinə yeganə mirasdır. Həm də post-sovet məkanından kənarda yeganə hərbi bazanın yerləşdiyi ölkədir. Əlavə edək ki, Suriya prezidenti Bəşər Əsəd bu günlərdə “Foreign Affairs” nəşrinə müsahibəsində Rusiya və İranın azalmayan dəstəyini hiss etdiyini deyib.

İkincisi, Rusiya Səudiyyənin təklifini qəbul edə bilər. Suriyanı itirsə belə, neftin qiymətinin artması nəticəsində qazanılan əlavə milyardlar Rusiyanın Ukraynada daha da vəhşiləşməsinə imkan verə bilər.

Səudiyyə Ərəbistanı və Rusiya arasında aparılan danışıqlarla bağlı səsləndirilən iddialar belə bir təəssürat yaradır ki, Qərb üçün (Səudiyyənin təşəbbüsünün öz ağlının məhsulu olduğu inandırıcı deyil – Ö.D.) indiki halda Suriya Ukraynadan daha qiymətlidir. Məntiqlə, haqqında danışılan təklif Rusiyanın özü üçün də sərfəli olmalıdır. Putinə “Yeni SSRİ” üçün Suriya deyil, Ukrayna lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm