Ukrayna üçün Amerika silahı: Putinə siqnal, yoxsa...
Bizi izləyin

Dünya

Ukrayna üçün Amerika silahı: Putinə siqnal, yoxsa...

Ukrayna silah verilməsi barədə hazırda ABŞ-da müzakirələr aparılır. Donbasda hərbi əməliyyatların vaxtı uzandıqca bu ölkədə Ukraynaya silah verilməsinin zəruri olduğunu düşünənlərin sayı da artır. ABŞ-ın belə bir qərar verməsinin hansı mümkün nəticələri ola bilər?

Publika.az xəbər verir ki, fevralın 5-də ABŞ-ın dövlət katibi Con Kerri Kiyevə gələcək.

Səfərin gündəliyində Ukraynanın şərqində vəziyyətin nizama salınması üçün Vaşinqtonun mümkün köməyi dayanır. Buraya hərbi yardım da daxildir. Səfər ərəfəsində “The New York Times” nəşri yazıb ki, Birləşmiş Ştatlar Kiyevə 3 milyard dollar dəyərində müdafiə silahlarının çatdırılması imkanına baxır.

ABŞ-ın mümkün hərbi köməyi barədə informasiya Donbas hövzəsində yeni döyüş əməliyyatlarının genişlənməsi fonunda çıxıb. Donbas hövzəsindəki münaqişənin həlli üzrə üçtərəfli əlaqə qrupunun 31 yanvarda Minskdə keçirilən görüşü uğursuzluqla nəticələndi. Separatçılar bütün cəbhə xətti boyu Ukrayna mövqelərinə hücum edirlər. “Donetsk Xalq Respublikası” separatçı qurumu 100 min nəfərin səfərbərliyini elan edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatına görə, Luqansk və Donetsk “xalq respublikaları” son günlər Rusiyadan müasir silahlar alıb. Separatçıların yeni silahlarla yenidən formalaşdırdığı hərbi güclərlə nəzarət altında saxladığı əraziləri genişləndirməyə hazır olduğu bildirilir. “Donetsk Xalq Respublikası” separatçı qurumun “dövlət başçısı” Aleksandr Zaxarçenko da bəyan edib ki, döyüş əməliyyatları Donetsk vilayətinin sərhədlərinə çıxana kimi davam etdiriləcək. Hazırkı mənzərə onu deməyə əsas verir ki, separatçılar danışıqları davam etdirməkdə maraqlı deyil və Ukraynanın yaranmış vəziyyətdə seçimi yoxdur: Kiyev müdafiə olunmalıdır. Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun ölkənin hərbi anbarlarında bütün Avropa ilə 20 il döyüşmək üçün kifayət edəcək qədər silah olduğunu deməsinə baxmayaraq, rəsmi Kiyev Rusiyanın dəstəklədiyi separatçılarla döyüşmək üçün silah yardımına ehtiyacının olduğunu bildirir. Və ABŞ-ın hərbi yardımı Ukrayna üçün göydəndüşmə olardı.

ABŞ Qlobal Məsələlər İnstitutu, Brukinqsk İnstitutun və Çikaqo Atlantik Şurası ABŞ hökumətinə Ukraynaya tank əleyhinə raketlər və pilotsuz təyyarələri çatdırmağı məsləhət görür. Sözügedən silahların ümumi məbləği isə 3 milyard dollardır. Bu, Ukrayna üçün kifayət qədər böyük məbləğ olmalıdır. Müqayisə üçün deyək ki, 2015-ci ildə Ukrayna ordusunun bütün büdcəsi təxminən 2,7 milyard dollar olub.

ABŞ-ın mümkün hərbi yardımı, sözsüz ki, yalnız Kiyevi deyil, həm də Moskvanı heyrətləndirir. Almaniyanın “Deutsche Welle” nəşri yazır ki, ABŞ-ın Ukraynaya mümkün hərbi yardımı Rusiya üçün növbəti çağırış olmalıdır.

Nəşr hesab edir ki, ABŞ-ın Ukraynaya silah çatdırılması əlavə problemlər yarada bilər. “Problem yalnız hərbi köməyin verilməsi haqqında qərarın qəbul olunması zamanı yaranmayacaq. Problem həm də silahların Ukraynaya çatdırılması zamanı yaranacaq. Ukraynada, o cümlədən orduda korrupsiyanın səviyyəsi Vaşinqtona yaxşı məlumdur. Yəqin ki, amerikalıları bir məsələ düşündürəcək: silahlar təyinatı üzrə istifadə olunacaqmı? Bu problemi nəzarətçilərin – ABŞ silahlı qüvvələrinin nümayəndələrinin köməyi ilə həll etmək olardı. Amma bu halda Rusiyanın hansı reaksiya verəcəyinin təxmin etmək çox asandır”, - “Deutsche Welle” qeyd edib.

Qeyd olunur ki, Vaşinqtonun Ukraynaya müdafiə silahları verməsi ilə bağlı mövqeyi ABŞ-ın Avropadakı partnyorları - Almaniya və Fransadan da asılı olacaq. Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland əmindir ki, Minsk razılaşmaları çərçivəsində Ukraynanın şərqində sülh əldə etmək üçün bütün imkanlar hələ tükənməyib. Almaniya kansleri Vaşinqtona açıq şəkildə xəbərdarlıq edib ki, Ukraynanın silahlandırması vəziyyəti daha da pisləşdirəcək.

“Fransa və Almaniya anlayır ki, ABŞ-ın Ukraynaya hərbi yardımı Donbas hövzəsində vəziyyəti idarəolunmaz hala gətirəcək. Avropa qitəsində sülh təhdidi altında olacaq. Buna görə də Avropa liderləri və ABŞ-ın əsas vəzifəsi Vladimir Putini Pyotr Poroşenko ilə danışıqlar stolunda oturmağa məcbur etməkdir. Bu görüşün “Normandiya formatı” və ya “Cenevrə formatı”nda olmasının prinsipial fərqi yoxdur. Əsas məqsəd Donbas hövzəsində müharibəni dayandırmaqdır. Qərb dövlətlərinin liderlərinin iştirakı ilə Ukrayna və Rusiya prezidentləri razılaşmağa məcburdur. Sabiq prezident Leonid Kuçma və separatçı qurumlarının liderlərinin iştirakı ilə deyil”, - Almaniya nəşri qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm