
Suriya və İraqda davam edən münaqişə və böhran
vəziyyətini nəzərə alaraq Avropa İttifaqı bu ölkələrə əlavə bir
milyard avro yardım ayıracaq.
Publika.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının
xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi
Federika Moqerini bildirib. Onun sözlərinə görə, həmin vəsaitlə
İraq və Suriya, eləcə də münaqişə regionuna qonşu olan Livan,
İordaniya və Türkiyəni də əhatə edən geniş strategiyanın
maliyyələşdiriləcəyini bildirib.
Müxtəlif layihələr çərçivəsində Aİ həmin ölkələrin “İraq və Şam
İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın doğurduğu
təhlükələrə qarşı müdafiəsini gücləndirməyə çalışacaq. Vəsaitlər
ilk növbədə radikallaşmaya, terroristlərin maliyyələşdirilməsi və
sərhədləri keçməsinə qarşı mübarizə, eləcə də sərhədlərin
qorunmasının gücləndirilməsini əhatə edən proqramlara
yönəldiləcək.
Moqerinin sözlərinə görə, əlavə yardımların 40 faizi İraq və
Suriyada humanitar vəziyyətin yaxşılaşdırılmasına və digər
ölkələrdə qaçqın düşərgələrinə sərf olunacaq.
Avropa İttifaqının rəsmisi təmsil etdiyi qurumun Suriyadakı
vətəndaş müharibəsi ilə əlaqədar humanitar layihələrə indiyədək 3,2
milyard avro vəsait ayırdığını da açıqlayıb.