Putinin nə istədiyini anlamayan dünya - “rus sevgisi”nin növbəti hədəfi kimdir?
Bizi izləyin

Dünya

Putinin nə istədiyini anlamayan dünya - “rus sevgisi”nin növbəti hədəfi kimdir?

“Hazırda Rusiya prezidenti Vladimir Putin Şərqi Ukrayna üzərində nəzarətini möhkəmləndirir. O, artıq Qərblə münaqişədə növbəti cəbhə xəttinin haradan keçəcəyini düşünür”.

Publika.az xəbər verir ki, bu fikirlər ABŞ-ın “Bloomberg” nəşrində dərc olunan “Putin dünya nizamını dəyişdirmək istəyirmi?” başlıqlı yazıda qeyd olunub.

Yazı müəllifi qeyd edir ki, Baltikyanı ölkələrin qorxudulması, Qazaxıstana təzyiq və Yunanıstanla əlaqələrin möhkəmləndirilməsi yolu ilə Avropa İttifaqını parçalamaq Dövlət Təhlükəsizliyi Komitəsinin keçmiş agenti olan prezident Vladimir Putinin dünya nizamını dəyişmək üçün həyata keçirmək istədiyi mümkün fəaliyyət istiqamətləridir. "Biz görürük, yeni bölücü xüsusiyyətlər meydana çıxır. Atmosfer çox gərgindir”, - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəhbəri Lamberto Zannier Münhen Təhlükəsizlik Konfransında bildirib.

ABŞ nəşri qeyd edir ki, “Soyuq müharibə” vaxtlarından fərqli olaraq, hazırda Rusiyanın bütün dünyada müttəfiqləri və “peyk şəbəkə”si yoxdur: “Onun iqtisadiyyatı İtaliyadan daha zəifdir, adambaşına düşən ümumi daxili məhsula görə isə Kiprdən daha geridədir. Sanksiyalar və ucuzlaşan neft nəticəsində rublun dəyərinin kəskin düşməsi ölkə iqtisadiyyatını uçuruma itələyir. Ancaq iqtisadi çətinliklərə baxmayaraq, Putinin manevr bacarığı avropalıları və amerikalıları təəccübləndirir. Hazırda Putinin reytinqi 85 faizə çatır. Prezident vətəndaşlarını İkinci dünya müharibəsi zamanı nasistlərə necə qarşı durduğunu xatırlatmağa çalışır. Putin üçün mübarizənin hədəfi 1989-cu ildən sonra yaranan və ABŞ-ın rəqibi olmayan bir dünya nizamını dağıtmaqdır”.

Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçevin sözlərinə görə, NATO və Avropa Birliyinin layihələri gizli xarakter daşıyır: “Onlar bu layihələrdə Rusiyanın iştirakını nəzərdə tutmurlar. London, Paris, Berlin, Vaşinqton və Kiyev əlavə problemləri yaradırlar. Həm də bu bizim lap yaxınlığımızda baş verir”.

Qərb mediasının yazdığına görə, Moskva hakimiyyəti Qərbi parçalamağa çalışır. Qeyd edilir ki, Putin müəyyən dərəcədə məqsədinə də çatır. Məsələn, amerikalılar və avropalılar arasında fikir ayrılıqları arxada qalan istirahət günlərində aydın şəkildə üzə çıxdı. Almaniya kansleri Merkel və digər Avropa rəsmiləri Vaşinqtonun Ukraynaya silah çatdırılması təşəbbüslərinə qarşı çıxdığını bəyan etdilər.

“Rusiyanın energetika diplomatiyası bəzi ölkələri, məsələn, Macarıstanı məcbur edir ki, Avropanın anti-Rusiya sanksiyalarını dəstəkləməsin. Kreml həmçinin NATO ölkəsi olan Yunanıstanla əlaqələrini inkişaf etdirir. Beləliklə, çətin ki, Rusiyanı İran kimi dünya ticarətindən atmaq mümkün olacaq. Avropanın sanksiyaları üçün 28 ölkənin yekdil razılığı tələb edilir. Məsələn, Belçika Rusiyanın SWIFT sistemindən kənarlaşdırılmasına qarşı çıxıb. Avropa Birliyinin fevralın 12-də keçiriləcək sammitində sözügedən fikir ayrılıqları ön plana çıxa bilər”, - Bloomberg” nəşri yazıb.

ABŞ nəşri bildirir ki, hədəf hazırda Baltikyanı respublikalardır və Putin region ölkələrinə qarşı iqtisadi müharibə aparır, həmçinin Latviya və Estoniyada yaşayan etnik rusları separatçılığa həvəsləndirir. “Bloomberg” qeyd edir ki, Putinin “rus sevgisi” özünü Qazaxıstanda da göstərə bilər.

Putinin növbəti addımı nə olacaq? Obama administrasiyası bu suala cavab verərkən iki düşərgəyə bölünüb. Pessimistlər hesab edirlər ki, Putin var gücü ilə “Qərbin təcavüzü”nə qarşı mübarizə aparmaqda davam edəcək. Obamanın özünün də daxil olduğu ikinci qrup, Avropa diplomatiyasına meyllidir və iqtisadi sanksiyalar, eləcə də NATO güclərinin Şərqi Avropada güclənməsi qarşısında Putinin geri çəkiləcəyini gözləyirlər.

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Kiyev və Moskvada olduğu bir vaxtda da Donbasda döyüşlər davam etdi. Bir sıra Amerika hərbçiləri və kəşfiyyatçıları güman edir ki, Putin Mariupol vasitəsilə Krımla quru əlaqəni təmin etmək istəyir. Bu isə o deməkdir ki, 500 min sakini olan liman şəhərinə hücum olacaq. Amma ümumilikdə analitiklər Putinin strateji konsepsiyasının olduğu, yaxud da sadəcə əlinə düşən imkanlardan istifadə etdiyini bilmir. Finlandiya prezidenti Sauli Niinisto ümumi fikri belə xülasə edib: “Bilmirəm, kimsə Putinin nə istədiyini anlayırmı?”

Mümkün ssenarilərdən ən pisini Litva prezidenti Dalya Qribauskayte dilə gətirib. Onun sözlərinə görə, Putinin qarşısı Ukraynada alınmasa, bu onun torpaq iştahası daha da artıracaq və növbəti hədəf Baltikyanı ölkələr olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm