• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ və Rusiyanın Ukrayna müharibəsi: iki variant, fərqli dünya – RUS VERSİYASI

  • Dünya
  • 13 Fevral 2015 11:36
  • 2 577 Baxış
ABŞ və Rusiyanın Ukrayna müharibəsi: iki variant, fərqli dünya – RUS VERSİYASI

Minskdə “Normandiya dördlüyü”nün 16 saatlıq danışıqlarından sonra atəşkəs razılığı əldə olundu. Atəşkəsə əməl olunacaqmı? Bu, başqa bir sualdır.

Əslində müharibə Rusiya və Ukrayna arasında getmir. Münaqişə Ukrayna uğrunda və Ukrayna vasitəsi ilə ABŞ və Rusiya arasındadır. Ukrayna cəbhəsində kim qazanacaqsa, yaxın gələcəkdə dünyanı idarə etmək baxımından da qalib həmin ölkə olacaq.

ABŞ qazanacağı təqdirdə dünya yenə birqütblü olacaq. Bu ölkə yenə kimi istəsə əfv edəcək, kimi istəsə edam. Rusiya qazanacağı təqdirdə isə…

Rusiyalı politoloq Sergey Savçenko bu vəziyyətləri qısa təhlil edib.

Birinci variant - ABŞ-ın qələbəsi

Heç kimə sirr deyil ki, hazırda Ukrayna rəhbərliyi müstəqil qərar qəbul etmir. Onları hakimiyyətə gətirənlər Vaşinqtonda oturub. ABŞ öz planlarını həyata keçirmək üçün Ukrayna, Polşa, Pribaltika ölkələrini qurban verməyə hazırdır.

Başqalarının əlləri ilə döyüşmək onların kredosudur. Yankilər Ukrayna cəbhəsində qalib gəlsə, növbəti bir il ərzində Belarusu hədəfə alacaqlar. Rusiyaya qarşı sanksiyaları isə heç kim ləğv etməyəcək. Tədricən əldən salınan Rusiya parçalanacaq. Sibir Çin Xalq Respublikasının nəzarətinə keçəcək.

NATO nüvə silahının terrorçuların əlinə keçməsi bəhanəsi ilə ölkə ərazisinə daxil olacaq. Nəticədə, Rusiya Avropa İttifaqından vassal asılılığı olan ölkəyə çevriləcək.

Rusiyadan sonra növbə Çinə çatacaq. Çin başa düşür ki, təkbaşına ABŞ-la bacarmaq mümkün deyil. Rusiya məğlub olarsa, 40-50 il ərzində ABŞ-ın təzyiqləri ilə çökəcək və ən yaxşı halda regional obyektə çevriləcək.

Məhz bu səbəbdən də, Çin Rusiya ilə müttəfiqlik etməyə məcburdur. Amma Çinin hələ də Rusiyaya ərazi iddiası var.

İkinci variant – Rusiya qalib gəlir

Rusiya qalib olarsa, ABŞ-ın dünya hegemonluğu yavaş-yavaş başa çatacaq. Onun siyasətindən narazı olanlar, hələlik açıq şəkildə narazılıqlarını dilə gətirə bilməyən ölkələr hərəkətə keçəcək. ABŞ güclü dövlətlərdən biri olaraq qalsa da, dünya liderliyinə son qoyulacaq.

Çoxqütblü dünya yarandıqda BMT-nin nizamnaməsi dəyişəcək. Çin Rusiyaya qarşı ərazi iddialarından əl çəkib nəzərlərini Avstraliya sərhədlərinə dikəcək.

Avropa üçün isə liderin dəyişməsinin fərqi yoxdur: istər ənənəvi amerikalı olsun, yaxud barbar hesab etdikləri ruslar. Avropanı başa düşmək olar. Onlar müharibə istəmir. Qorxaqlıqları ucbatından İraqı, Liviyanı bombalayanda ABŞ-la həmrəy oldular. Ukrayna isə çox yaxındadır. Müharibə Avropanın sərhədləri yaxınlığında gedir. Avropalılar ABŞ-ın maraqları üçün Ukraynadakı müharibəyə qarışmaq istəmirlər. Avropa anlayır ki, ABŞ məğlub olarsa, dünya xaosdan xilas olacaq.

ABŞ məğlub olarsa, Əl-Qaidə və İŞİD kimi terror təşkilatları da tədricən yox olacaq. Çünki bu təşkilatların real maliyyə mənbəyi tapılandan sonra problem tez bir zamanda çözüləcək.

Hələlik münaqişə bitməyib. Bir şeyi də yadda saxlamaq lazımdır ki, ABŞ Ukraynaya görə heç vaxt nüvə silahına əl atmayacaq. ABŞ yalnız öz ərazisi təhlükədə olan zaman bundan istifadə edə bilər. Başqa halda yox.

Tərcümə: İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR