Pilotu yandırılan ölkə: ABŞ-ın zahiri dostunun İŞİD problemi - XƏRİTƏ
Bizi izləyin

Dünya

Pilotu yandırılan ölkə: ABŞ-ın zahiri dostunun İŞİD problemi - XƏRİTƏ

İordaniya beynəlxalq koalisiyanın İŞİD-ə qarşı əməliyyatında daha böyük rol oynamağa başlayıb. Terrorçuların fevralın 3-də əsir düşmüş iordaniyalı pilotu yandıraraq edam etməsindən sonra bu ölkə İŞİD-ə qarşı mübarizəni gücləndirib. İordaniya təyyarələri Suriya ərazisində terrorçuların düşərgələrini daha aktiv bombalayır.

Daxili düşmən

Ancaq İordaniya üçün əsl təhlükə ölkə sərhədlərindən yüz kilometrlərlə aralı olan xilafət dövləti deyil. İordaniyanın özündə də İŞİD-ə loyal yanaşan, hətta onların uğurlarına sevinən minlərlə gənc var.

“The Foreign Policy” nəşrinin müxbiri əhali arasında Parisdəki “Charlie Hebdo“ terroru ilə bağlı sorğu keçirib. Məlum olub ki, iordaniyalıların çoxu jurnalistlərin qətlə yetirilməsini təqdir edir.

Radikal islamın İordaniyadakı beşiyi isə Zarka şəhəri sayılır. Bu şəhər İraq “Əl Qaidə”sinin lideri Əbu-Musab əz Zarkavinin vətənidir. Odur ki, İordaniya hökuməti radikallarla təkcə xaricdə yox, həm də ölkə hüdudlarında da mübarizə aparmağa məhkumdur.

İordaniya Yaxın Şərqdə ABŞ-ın ən yaxın müttəfiqlərindən sayılır. Əhalinin isə amerikalılara qarşı münasibəti yaxşı deyil. Ölkə əhalisinin cəmi 12 faizi ABŞ-ı dost ölkə hesab edir.

İraq və Suriya ərazisində İŞİD və “Əl-Nusra” qruplaşmaları tərkibində minlərlə iordaniyalı döyüşür. Onlar öz vətənlərində də şəriət qaydalarının bərqərar olmasını arzulayırlar.

Radikallarla necə mübarizə aparmalı?

İordaniyanın keçmiş baş naziri Tahir əl-Masri hesab edir ki, ordu yaxşı hazırlıq vəziyyətindədir və əgər İŞİD sərhədi keçməyə cəhd edərsə, qarşısı alınacaq: “Məni narahat edən başqa məsələdir. Ölkədə terrorçulara rəğbət bəsləyən gənclərin sayı gün-gündən artır. Biz əsas bu problemlə məşğul olmalıyıq. Ölkə əhalisinin 10 faizi İŞİD-i terror təşkilatı hesab etmir. Bu, 500 min nəfər deməkdir. Böyük rəqəmdir”.

Ancaq araşdırmalar göstərir ki, gənclərin terrorçulara meyil etməsi bir çox hallarda ideoloji amillərlə bağlı deyil. İordaniyada 19-24 yaş arası gənclərin 30 faizi işsizdir. Ev-eşiyi olmayanlar isə daha çoxdur. Onlar gecəqondularda yaşamağa məcburdurlar. Səfalət içində böyüyən gənclər cihadçılara potensial işəgötürən kimi baxırlar. Axı terrorçular sıralarında döyüşənlərə hər ay vaxtlı-vaxtında kifayət qədər yüksək pul ödəyirlər.

Məhz buna görə İordaniya hökuməti qabaqlayıcı tədbirlər planı hazırlayır. Tahir əl-Masri hesab edir ki, hökumətin anti-İŞİD proqramı və təbliğatı effekt vermir: “Təhsil sahəsində islahatlar olmalıdır. Savadsız adamı terrora cəlb etmək asan işdir. Gənclər təhsil almalı, iş yerləri ilə təmin olunmalıdırlar. Düzdür, İŞİD pilotumuzu edam etdikdən sonra terrorçulara qarşı münasibət az da olsa dəyişib. Lakin kardinal dəyişikliyə gətirib çıxarmayıb. Çünki onlar da təbliğat aparırlar”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm