• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“İrəvanın bu demarşı heç nə dəyişdirməyəcək” - EKSPERTLƏR

  • Dünya
  • 17 Fevral 2015 14:00
  • 542 Baxış
“İrəvanın bu demarşı heç nə dəyişdirməyəcək” - EKSPERTLƏR

Xəbər verildiyi kimi, dünən Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan və Türkiyə arasında imzalanan Sürix protokollarını parlamentdən geri çağırıb.

O, parlamentə göndərdiyi məktubunda Türkiyə hakimiyyətini siyasi iradəyə sahib olmamaqda ittiham edib. Türkiyənin isə 10 oktyabr 2009-cu ildə imzalanan Sürix protokolları ilə bağlı mövqeyi birmənalıdır. Ankara protokolların Türkiyə Böyük Millət Məclisində təsdiq olunması üçün işğal altında olan Azərbaycan torpaqların azad edilməsini şərt olaraq irəli sürür. İrəvan isə protokollarda belə bir şərtin olmadığını bildirir.

2009-cu ilin dekabrında Türkiyənin baş naziri (indiki prezident) Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Ankara Dağlıq Qarabağ münaqişəsi həll olmadan protokolları təsdiqləməyəcək. 2010-cu ilin aprelində isə Sarkisyan protokollarının təsdiqi prosesinin dayandırılması haqqında fərman imzalayıb və bildirib ki, Türkiyə başlanmış prosesi davam etdirməyə hazır deyil.

Sarkisyanın protokolları parlamentdən geri çağırması Ankara-İrəvan münasibətlərində hansı dəyişikliklərə gətirib çıxaracaq?

Publika.az xəbər verir ki, Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin sədr müavini Vladimir Cabbarov Serj Sarkisyanın bu demarşının Ankara və İrəvan arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmayacağını bildirib.

“Bu, münasibətlərin pisləşməsi deyil. Ölkələr arasında münasibətlərin pisləşməsi üçün heç bir ilkin şərt yoxdur. Bu, vəziyyətin aydınlaşdırılmasıdır”, - rusiyalı senator RİA xəbər agentliyinə söyləyib.

Ekspertlər Toğrul İsmayıl və Aleksandr Markarov da hesab edirlər ki, İrəvanın bu demarşı Ankara və İrəvan arasında münasibətlərə praktik olaraq təsir etməyəcək. Toğrul İsmayıl xatırladır ki, Ermənistanın Konstitusiya Məhkəməsi protokollara 5-6 dəyişiklik edib və protokolların yalnız bu formada Ermənistan parlamentində qəbul edilə biləcəyini bildirib: “Yəni, Ermənistan parlamentindən geri çağırılan protokolların hazırkı məzmunu protokolların ilkin variantına ümumiyyətlə uyğun deyil. Sarkisyanın qərarı Ermənistan tərəfindən siyasi demarşdır və göstərmək istəyir ki, Türkiyə ilə münasibətlərə yenidən baxmaq lazım olacaq. Erməni tərəfi həmişəki kimi münasibətlərin hər hansı ilkin şərtlər olmadan qurulmasını istəyir. İki ölkə arasında kifayət qədər ciddi problemlər var. Birincisi, Ermənistan indiyə qədər Türkiyənin ərazi bütövlüyünü tanımır. Bu çox ciddi məsələdir. Yəni, mən indiyə kimi ən azı bir yüksək vəzifəli erməni məmurunun dilindən eşitməmişəm ki, onlar Qars və Moskva müqavilələrini tanıyırlar. İkincisi, ermənilər 1915-ci il hadisələrini Türkiyə qarşısında “soyqırım” olaraq qoymağa çalışırlar. Bu, həmçinin qeyri-ciddi addımdır. Əgər biz Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəyiriksə, o halda Ermənistan da dostluq əlini uzatmalıdır. Ermənistan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı üçün dürüst danışıqlara getməyə məcburdur”.

Ekspert qeyd edir ki, o, protokolların imzalandığı ilk gündən Ermənistanın onu qəbul etməməsi üçün hər şeyi edəcəyinə əmin olub: “Ona görə də deyə bilmərəm ki, Sarkisyanın bu addımı sensasiyadır. Düşünürəm ki, Türkiyə də buna təəccüblənməyəcək. Türkiyə tərəfi diplomatik münasibətlərin qurulması üçün maksimum çalışır. Türkiyənin tələbləri aydındır, amma Ermənistanın nə istədiyi tamamilə aydın deyil. Qonşu dövlətlərin ərazilərinə iddia etmək və sonra “mənimlə sülh bağlayın, məni normal ölkə kimi qəbul edin” demək çox qeyri-ciddi səslənir. Ermənistan bu şəkildə necə ciddi dövlətə çevrilə bilər?”

MDB ölkələri İnstitutunun erməni filialının direktoru Aleksandr Markarovun fikrincə, protokolların parlamentdən geri çağırılması 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı keçirilən siyasi tədbirlərin bir hissəsidir. Politoloq qeyd edir ki, erməni məsələsi ilə bağlı Türkiyənin xarici siyasətində dəyişikliklərinin olacağını güman etmir. Aleksandr Markarov regionun əvvəlki kimi sərhədlərin açılmasına kəskin ehtiyacın olduğunu dilə gətirib.

“Ermənistan bu problemin həlli üçün digər infrastruktur resurslarını və nəqliyyat dəhlizlərini araşdırır. Ancaq daha bir nəqliyyat dəhlizinin mövcudluğu, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması Ermənistanın iqtisadiyyatına müsbət təsir edə bilər”, - Aleksandr Markarov vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR