“Erməni Maydanı” yetişib? – Sarkisyan “təmizləmə” əməliyyatına başladı
Bizi izləyin

Dünya

“Erməni Maydanı” yetişib? – Sarkisyan “təmizləmə” əməliyyatına başladı

Xəbər verildiyi kimi, Ermənistanın müxalifət üçlüyü fevralın 20-də İrəvanın Azadlıq Meydanında ümumxalq mitinqinin keçirilməsi barədə qərar qəbul edib. Serj Sarkisyan rejiminin ölkədaxili vəziyyətə nəzarət etməkdə çətinlik çəkməsi və paralel olaraq müxalifətin hakimiyyət qarşısında mövqelərini gücləndirməsi Ermənistanda hakimiyyət dəyişikliyinin olacağı barədə iddiaları gücləndirib.

Publika.az xəbər verir ki, Rusiyanın “rosbalt.ru” saytında gedən yazıda da məhz bu məqamlara diqqət yetirilib.

“Erməni “Maydanı” yetişdi?” başlıqlı yazıda “Çiçəklənən Ermənistan” Partiyası, Erməni Milli Konqresi və “İrs” Partiyasının təmsil olunduğu “trio”nun son addımları, xüsusən “Çiçəklənən Ermənistan” Partiyasının sədri, oliqarx Qaqik Sarukyanın prezident Serj Sarkisyanla münasibətləri şərh edilib.

Xatırladaq ki, Qaqik Sarukyan partiyasının Siyasi Şurasının fevralın 13-də keçirilən iclasında rejimlə bağlı planlarını tam şəkildə ifadə etdi. “Əziz həmvətənlər, mübarizəyə hazırlaşın. Əgər bütün xalq ayağa qalxacaqsa, hakimiyyət dəyişdiriləcək. Bütün siyasi qanuni üsullarla - gecə-gündüz mitinqlər, yürüşlər, nümayişlər, itaətsizlik və sair yollarla Serj Sarkisyanın istefasına nail olmaq, bu şər hakimiyyətdən azad olmaq üçün sizi ümummilli səfərbərliyə çağırıram”, - partiya sədri vurğulayıb.

Təbii ki, erməni oliqarxının bu qətiyyəti Serj Sarkisyanı narahat etməyə bilməz. “Rosbalt.ru” saytının yazdığına görə, “Çiçəklənən Ermənistan” Partiyasının fəallarının evlərində müxtəlif bəhanələrlə axtarışlar aparılır, bəziləri ilə həbs edilir. Sarkisyan Sarukyanın özünü isə “əqli qabiliyyəti az olan” və “ölkə üçün şər” adlandırıb və böyük siyasi ambisiyalarının olduğunu bildirib. Sarkisyanın fikrincə, Sarukyan kimi tiplər real təhlükə təqdim edir. Ermənistan prezidenti Sarukyanın Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacağına söz verib. Bütün bunlarla yanaşı, Sarukyan üçün daha bir təhlükə var. Sarkisyan onun milyardlarla dollar vergini ödəməməkdə ittiham edir və yoxlamaların başlanacağı barədə xəbərdarlıq edib.

Sarukyan isə Sarkisyan qəzəbini onunla əlaqələndirib ki, o, Ermənistanın parlament idarə üsuluna keçidini nəzərdə tutan Konstitusiyaya dəyişikliklərindən sonra prezident postunu tutmaqdan imtina edib. Sarukyan Sarkisyanın ona etdiyi şirnikləşdirici təklifləri də açıqlayıb: “Səmimi olmaq istəyirəm. Sarkisyan mənə əməkdaşlığın müxtəlif variantları, həmçinin Konstitusiya dəyişikliyindən sonra prezident postunu təklif edib. Amma bir şərtlə ki, onun faktiki olaraq ömürlük hakimiyyətdə qalmaq arzusunun reallaşması ilə razlaşmalı idim”.

Yəni o, Sarkisyanın prezident postundan gedərək baş nazir kimi ölkədə birinci şəxs olacağı barədə istəyi ilə razılaşmayıb. Əksinə, Sarkisyan rejiminin ömrünə bir neçə ay qaldığını iddia edir.

Müxalifət “triosu”nun fevralın 20-də keçirəcəyi mitinqdə Avropa Birliyi ilə assosiativ sazişdən imtina edərək Avrasiya İttifaqına girişə qarşı çıxan bütün qüvvələrin iştirak edəcəyi gözlənilir. Rejimə qarşı keçiriləcək mitinq eyni zamanda anti-Rusiya xarakterinin daşıyacağı ehtimal edilir. Rusiyanın Gümrüdəki hərbi qulluqçusunun bir erməni ailəsini bütünlüklə məhv etməsindən elə də çox zaman keçməyib və Moskvaya qarşı qəzəb soyumayıb.

“Mitinqin anti-Rusiya xarakteri daşıyacağı istisna edilmir. Təbii ki, Moskvanın maraqları üçün ölkənin milli maraqlarına qarşı çıxan erməni prezidenti də əsas hədəfdir. Amma xatırladaq ki, Gümrüdə Rusiyanın Cənubi Qafqazdakı yeganə hərbi bazası yerləşir. Rusiyaya qarşı siyasətə Moskvanın laqeyd qalacağı inandırıcı deyil. Yeri gəlmişkən, İrəvanda etiraz aksiyasını təşkil etmək qərarı ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın Ermənistana səfəri “təsadüfən” üst-üstə düşdü. İstisna edilmir ki, erməni müxalifəti Kiyev Meydanının ilhamverici qüvvəsinə Moskvaya tərəf baxmadığını nümayiş etdirməyə qərar verib”, - yazıda deyilir.

Qeyd olunur ki, erməni müxalifəti qarşıdakı mitinqlə Ermənistanda “Maydan minası”nı qoymağa çalışacaq: “Bu minanın nə vaxt partlayacağını demək çətindir. Amma tamamilə görünür ki, bu dəfə Sarkisyanın özü həbslər, axtarışlar, kobud ictimai ritorika və Sarukyanın biznesinin maliyyə yoxlamaları ilə “Maydan virusu”nun yayılmasın sürətləndirib. Axı “Çiçəklənən Ermənistan” nüfuzuna və üzvlərinin sayına görə Ermənistanın aparıcı müxalifət partiyasıdır. Sarkisyanın “təmizləmə əməliyyatı” onun ətrafında başqa müxalifət güclərinin birləşməsinə gətirib çıxardı”.

Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan hesab edir ki, əgər yaxın günlərdə Respublika və “Çiçəklənən Ermənistan” Partiyaları arasında səhnəarxası hansısa razılıqlar əldə olunmasa, ölkədə kifayət qədər maraqlı proseslər baş verəcək: “Təbii ki, Respublika Partiyası “Çiçəklənən Ermənistan” Partiyasının zəiflədilməsi üzrə hərəkətlərə təşəbbüs edəcək. Aralarındakı bütün körpülər yandırılmayıb, amma hamısına zərər vurulub”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm