“Rusiya təcavüzkar ölkə kimi sülh əməliyyatında iştirak etməyəcək”
Bizi izləyin

Dünya

“Rusiya təcavüzkar ölkə kimi sülh əməliyyatında iştirak etməyəcək”

“Donbas hövzəsində gələcəkdə sülh missiyasının tərkibində Rusiyanın nümayəndələrinin iştirakı qəbul edilməməlidir”.

Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Birliyinin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Han ilə görüşdən sonra deyib.

“Rusiya təcavüzkar ölkə kimi Ukraynadakı sülh əməliyyatında iştirak etməyəcək”, - Poroşenko birgə mətbuat konfransında bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının fevralın 18-də keçirilən iclasında Kiyev üçün ən yaxşı formatın Avropa Birliyinin polis missiyası olduğunu deyib. O, əminliyini ifadə edib ki, hazırkı vəziyyətdə Avropa Birliyinin sülhməramlıları təhlükəsizliyin ən effektiv və ən optimal zamini olacaq. Poroşenko bu məsələnin Fransa və Rusiya prezidentləri, həmçinin Almaniya kansleri ilə müzakirə edildiyini vurğulayıb.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra qurumun katibi Aleksandr Turçinov da bildirib ki, təmasın xəttində və Kiyevin nəzarət etmədiyi Ukrayna-Rusiya sərhədində beynəlxalq güclər yerləşdirilməlidir. Turçinov Ukraynanın Ali Radasının müraciətinin BMT və Avropa Birliyi tərəfindən müsbət qarşılanacağına ümid etdiyini dilə gətirib.

Lakin Kiyevin bu ideyası separatçılar və Moskva tərəfindən sərt qarşılanıb.“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun rəhbərliyi Poroşenkonun ideyasını son dərəcə mənfi adlandırıb. Ukrayna danışıqları üzrə üçtərəfli əlaqə qrupunda “DXR”in səlahiyyətli nümayəndəsi Denis Puşilin bildirib ki, sülhməramlılarla bağlı ideyanın səsləndirilməsi Minsk razılaşmalarının pozulması deməkdir. “DXR”in “Xalq Şurası”nın başçısı Andrey Purqin isə Donbas hövzəsində sülhməramlıların yerləşdirilməsi haqqında danışıqların tez olduğunu deyib. Onun sözlərinə görə, əgər sülhməramlılar lazımdırsa, burada yalnız Rusiyanın sülhməramlılarından söhbət gedə bilər.

Bundan əvvəl isə Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin Rusiya və Ukraynanın sərhədinə beynəlxalq sülh kontingentinin dəvət edilməsi ilə bağlı Kiyevin ideyasını şərh edib. O, qeyd edib ki, Kiyev rəhbərliyinin bu bəyanatları Minsk razılaşmalarını yerinə yetirmək niyyətini şübhə altına qoyur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm