• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kremlin yeni taktikası: keçmiş rəhbərlər niyə ortaya çıxdı?

  • Dünya
  • 23 Fevral 2015 12:50
  • 1 591 Baxış
Kremlin yeni taktikası: keçmiş rəhbərlər niyə ortaya çıxdı?

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və sabiq baş nazir Nikolay Azarovun qəfildən ortaya çıxması Rusiyanın Ukraynaya qarşı müharibədə yeni taktikasıdır.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ukraynalı ekspertlər Vadim Karasev və Vladimir Fesenko Viktor Yanukoviç və Nikolay Azarovun son açıqlamalarını şərh edərkən deyib.

Ekspertlər hesab edir ki, Rusiyanın siyasi texnoloqları Maydan qələbəsinin ildönümü ərəfəsində Ukraynadakı hazırkı vəziyyəti xalqın diqqətinə sabiq prezident və baş nazirin vasitəsilə çatdırmaq istəyib. Onların fikrincə, atəşkəsə riayət olunacağı halda müharibə ikinci plana çəkiləcək və pisləşən sosial vəziyyət aktuallıq qazanacaq.

“Yanukoviç və Azarov vasitəsilə ziddiyyətləri göstərirlər ki, keçmiş hakimiyyət dövründə bir dollar 8 qrivna ilə dəyişdirilirdi, sabit maaşlar və sülh var idi. İndiki hakimiyyət dövründə isə bir dollar 29 qrivna ilə dəyişdirilir, əhalinin gəlirləri aşağı düşüb və insanlar müharibədə həlak olur. Rusiyanın yeni taktikası hərbi amillərin işləmədiyi bir vaxtda işləyə bilər. Sabiq baş nazir Azarov təsadüfən danışmadı ki, indiki hakimiyyət əvvəlki hakimiyyətdən çox zəif görünür”, - Karasev qeyd edib.

Vladimir Fesenko hesab edir ki, keçmiş hakimiyyətin hər iki lideri ölkədəki yeni siyasi reallıqları anlamırlar: “Reallıq ondan ibarətdir ki, nə Yanukoviç, nə də Azarov nə Kiyevdə, nə də Donbas hövzəsində lazım deyil”.

Xatırladaq ki, Ukraynanın keçmiş prezidenti iki gün əvvəl Rusiyanın “Birinci kanalı”na verdiyi müsahibəsində imkan yaranan kimi “insanların həyatını yüngülləşdirmək üçün” Ukraynaya qayıdacağına söz verib. Yanukoviç etiraf edib ki, Ukraynadan kənarda yaşasa da, prosesləri diqqətdən qaçırmır və vəziyyəti öyrənmək üçün adamlarını vaxtaşırı Ukraynaya göndərir. Keçmiş prezident vurğulayıb ki, Ukraynaya qayıtmaq və etiraz hərəkatına başçılıq etmək, insanların müdafiəsində hansısa bir formada iştirak etmək fikrindən daşınmayıb: “Amma fikirləşirəm ki, bizim opponentlərimiz, bizim düşmənlərimiz məni məhv etmək üçün hər şeyi edəcəklər. Mənim bütün silahdaşlarım da Ukraynaya qayıtmağıma qəti şəkildə qarşı çıxırlar”.

Qeyd edək ki, Viktor Yanukoviç 22 fevral 2014-cü ildə Ukraynadan qaçıb. Rusiya prezidenti Vladimir Putin sonradan etiraf etdi ki, Yanukoviçin qaçışını Rusiya təşkil edib.

Nikolay Azarov isə fevralın əvvəlində Rusiyada “Ukrayna iki yol ayrıcında” kitabının təqdimat mərasimində Kiyevdəki hazırkı hakimiyyəti tənqid edib. O, qeyd edib ki, hakimiyyət dəyişikliyi həyata keçirən siyasi güclər Ukraynada “Liviya ssenarisi” reallaşdırmağa hazırlaşırdılar. Sabiq nazir Ukrayna xalqının diqqətini müharibədə axan qanlara və ağır iqtisadi vəziyyətə çəkib: “Ukraynada böhrandan yeganə çıxış yolu yeni konstitusiyanın qəbul edilməsidir: “Yeni konstitusiyada regionlara iqtisadi və maliyyə azadlığını vermək, başqa cür düşünənlərin təqibini dayandırmaq, işgəncələrə və insanların qorxudulmasına son qoymaq lazımdır. Vətəndaş müharibəsi ölkəmizə dağıntılar və qətllər gətirir. Mən anlamıram ki, belə bir vəziyyətə səfərbərlik haqqında fərmanı imzalamaq necə mümkün idi? Ukrayna hakimiyyəti 100 min insanı ətçəkənə göndərdi və onların qəbirlərini əvvəlcədən qazdı”.

Amerikalı politoloq və publisist Mayk Uitninin bu günlərdə səsləndirdiyi iddia da deməyə əsas verir ki, Moskva müharibədə məğlubiyyət və ağır iqtisadi vəziyyətdən Pyotr Poroşenko hakimiyyətini devirmək üçün yararlanacaq. Onun fikrincə, Ukrayna ordusunun Debaltsevoda məğlubiyyəti bir il ərzində ölkədə ikinci dövlət çevrilişi üçün əsas yaradacaq və prezident Pyotr Poroşenkonun siyasi karyerasının sonu olacaq. Amerikalı politoloq Ukrayna oliqarxlarının Poroşenkonu devirmək üçün siyasi mərkəz yaradacağını iddia edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR