“Dünyanın ən kasıb prezidenti” öz postunu tərk edir
Bizi izləyin

Dünya

“Dünyanın ən kasıb prezidenti” öz postunu tərk edir

Fevralın 28-də Uruqvay Prezidenti Xose Muxikanın prezidentlik mandatı başa çatır. Ölkə konstitusiyasına əsasən, eyni şəxs iki dəfə dalbadal prezident seçilə bilməz.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Uruqvayda keçirilən prezident seçkilərində qalib gəlmiş ölkənin keçmiş başçısı, 74 yaşlı onkoloq-həkim Tabare Vaskes 2015-ci il martın 1-də dördillik fasilədən sonra yenidən hakimiyyətə qayıdır.

Buna baxmayaraq, Muxika siyasi arenanı tərk etmək fikrində deyil. Onun bundan sonra senator postunu tutacağı bildirilir.

Xose Muxika 1960-70-ci illərdə rejimə qarşı terror, bank qarətləri və girovlar götürmək kimi metodlarla silahlı mübarizə aparan Tupamaros qruplaşmasının iştirakçısı kimi tanınır. O, hökumət qüvvələri ilə toqquşmalar zamanı 6 güllə yarası alıb, əsir götürülüb, müxtəlif işgəncələrə məruz qalıb və həyatının ümumilikdə 14 ilindən çoxunu həbsxanalarda keçirib. 1985-ci ildə siyasi məhbusların əfv edilməsindən sonra azadlığa çıxan Muxika hakimiyyətin zorakı metodlarla ələ keçirilməsi cəhdlərinin səhv olduğunu etiraf edib.

Mətbuatın “dünyanın ən kasıb prezidenti” adlandırdığı Xose Muxika şəhərkənarı sadə evdə yaşamağa, adi geyinməyə üstünlük verir və maaşının böyük hissəsini xeyriyyəçiliyə sərf edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm