Hollandiya prokurorluğu: “Boinq” rus silahından vurulub
Bizi izləyin

Dünya

Hollandiya prokurorluğu: “Boinq” rus silahından vurulub

Niderland Baş prokurorluğu Ukraynanın şərqində qəzaya uğrayan “Malayziya hava yolları” şirkətinə məxsus “Boeing-777” təyyarəsi ilə bağlı tədqiqatın nəticələrini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qəzanı araşdıran Beynəlxalq Qrupun müstəntiqləri sərnişin təyyarəsinin Rusiyanın “Buk” zenit-raket sistemi ilə vurulduğu qənaətinə gəlib.

Məlumata görə, Beynəlxalq Qrupun müstəntiqləri hadisə ilə bağlı bir milyona qədər sənəd, video və fotonu toplayaraq araşdırıb. Tədqiqat qrupu müəyyən edib ki, təyyarə “Buk” zenit-raket sistemi ilə vurulub. Sistemin isə hadisəyə az qalmış Rusiyadan gətirildiyi bildirilir. Həmçinin mütəxəssislər əmindirlər ki, zenit-raket sistemi Rusiyanın mütəxəssisləri, yaxud da bu mütəxəssislərin rəhbərliyi altında separatçılar tərəfindən idarə olunub.

Hazırda prokuror qrupu şübhəlilərin dairəsini müəyyən etmək, onlara qarşı sübutları toplamaq üçün çalışır. Toplanılacaq sübutlar məhkəməyə ittiham hökmünün çıxarılması üçün təqdim olunacaq.

Niderland Baş prokurorluğundan həmçinin bildiriblər ki, Rusiyanın məxfi xidmətləri Niderland polisi və prokurorluğunun kompüter sistemlərinə girməyə çalışıb.

Xatırladaq ki, sərnişin təyyarəsi iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçarkən Ukraynanın Donetsk vilayətində vurulub. Təyyarənin göyərtəsində 298 nəfər, o cümlədən 85 uşaq və 15 heyət üzvü olub. Onlardan 154-ü Niderland vətəndaşı olub. Hadisəyə görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Bu isə qarşılıqlı ittihamların bir-birini əvəzləməsinə səbəb olub.

Rusiya Müdafiə Nazirliyi hesab edir ki, təyyarə Ukrayna tərəfindən vurulub. Bildirilir ki, təyyarə qəzaya uğrayarkən onu Ukraynanın “SU-25” qırıcı təyyarəsi müşayiət edib. Bu zaman onların arasındakı məsafə 5 kilometr olduğu iddia edilir. “Bu məsafədən isə SU-25 qırıcılarındakı “hava-hava” tipli raketlərlə mülki təyyarəni vurmaq mümkün idi. Niyə hərbi qırıcı mülki avialaynerlə eyni hava dəhlizində olub?” - Rusiya Müdafiə Nazirliyi sözçüsü Andrey Kartapalov deyib.

Rusiya Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, Ukraynanın 4 “Buk-M1” zenit-raket divizionu var. Hadisə günü həmin komplekslərin yerdəyişməsi qeydə alınıb.

ABŞ isə iddia edir ki, hərbi peyk vasitəsilə özünümüdafiə dəstələrinin Malayziya təyyarəsinə raket atdığı anı çəkiblər. Amerika kəşfiyyatı “torpaq-hava” tipli raketin uçuşunu qeydə alıb. Bu tip raketlər həm üsyançılarda, həm də Ukrayna ordusunda mövcuddur.

“Donetsk Xalq Respublikası” separatçı qurumun “dövlət başçısı” Aleksandr Zaxarçenko isə iddia edir ki, o, təyyarənin Ukrayna tərəfindən vurulduğunu şəxsən görüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm