Qırğız zabitin Donbas etirafları: “Faşistləri görmədim...”
Bizi izləyin

Dünya

Qırğız zabitin Donbas etirafları: “Faşistləri görmədim...”

Ukraynanın şərqindən qayıdan qırğızıstanlı zabit müharibə ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

Publika.az xəbər verir ki, separatçıların tərəfində vuruşan Manas (şərti ad) “Azattık” radiosuna müsahibəsində Rusiya KİV-inin təbliğatına aldandığını etiraf edib.

O, Ukrayna ordusuna qarşı yarım ilə qədər müqavilə əsasında döyüşüb. Amma tədricən anlayıb ki, hər şey Rusiya KİV-inin yazdığı və işıqlandırdığı kimi deyil, tamamilə başqadır. Qırğızıstanlı zabit bundan sonra ölkəsinə qayıtmaq qərarına gəlib. Manasın sözlərinə görə, Donbas hövzəsində müharibədə iştirakla bağlı qərar qəbul edəndə Rusiya KİV-in bəhs etdiyi “faşistlərlə mübarizə aparmaq” arzusunu rəhbər tutub: “Amma məlum oldu ki, bütün bunlar sadəcə təbliğatdır. Hərçənd mənim üçün çox kədərlidir. Mən siyasi məktəbi bitirmişəm, amma aldandım”.

Manasın sözlərinə görə, müharibəyə onunla birlikdə 17 həmyerlisi yola düşüb. O, bölgüdən sonra xüsusi təyinatlı briqadaya düşüb. Çe Gevara ləqəbli kalininqradlı kazak onlara rəhbərlik edib. Bölgü Krasnodonda aparılıb və onlar Luqanska yola salınıb.

“Mən düşünürdüm ki, orada faşistlərlə döyüşəcəyik. Amma prinsip etibarilə onları görmədim. Biz nizami Ukrayna ordusu ilə vuruşurduq. Bu zaman mənim daxilimdə nəsə sındı”, - Manas deyib.

Manas iddia edir ki, separatçıların tərəfində döyüş bacarığı olan hərbi hissələr vuruşur. Həmin hissələr isə Cənubi Osetiyada yerləşir. Donbasa döyüşməyə gələnlərin demək olar ki, hamısı ilə müqavilə bağlanılıb: “Minsk razılaşmalarından sonra separatçılar arasında qüvvələrin komplektləşməsi başlayıb. Donbas hövzəsində çox az könüllü qalıb, onları nizami qoşunlarla əvəz edirlər”.

Qırğızıstanlı zabit qəti şəkildə anlayıb ki, Rusiya KİV-inin təbliğatının qurbanı olub. Manas Debaltsevonun alınmasından sonra verilən məzuniyyətdən istifadə edərək vətənə dönməyə qərar verib və Donbas hövzəsinə qayıtmağı planlaşdırmır.

Rusiya hakimiyyəti qəti şəkildə bildirir ki, Ukraynanın şərqində Rusiyanın nizami ordusunun bölmələri vuruşmur. Ancaq hələ atəşkəs barədə razılaşmanın imzalanmasına qədər hüquq müdafiəçiləri iddia edirdi ki, Ukraynanın şərqinə Rusiyadan müqavilə əsasında döyüşçülər göndərilir. Rusiyanın Müdafiə Nazirliyi bu məlumatları təkzib edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm