İtaliyada nazir oğlunun rüşvət qalmaqalı
Bizi izləyin

Dünya

İtaliyada nazir oğlunun rüşvət qalmaqalı

İtaliyada rüşvət üstündə həbs olunan iş adamı Stefano Perettinin ölkənin rabitə və abadlıq naziri Maurizio Lupinin mühəndis oğlu Luca Lupiyə 10 min 300 avro dəyərində bahalı saat və digər bahalı hədiyyələr verməsi ölkədə ciddi qalmaqala səbəb olub.

Publika.az-ın İtaliya mediasına istinadən verdiyi məlumata görə, 4 nəfərin həbsi, 51 nəfərin isə istintaq dindirilməsinə cəlb olunduğu böyük infrastruktur layihəsi ilə bağlı araşdırmalar zamanı hökumət üzvləri arasında ciddi korrupsiya faktlarının üstü açılıb.

Belə ki, Florensiya Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı “Expo 2015” inşaat proqramı çərçivəsində liman və şose yollarının infrastruktur layihələri, Milan-Verona, Florensiya-Boloniya sürətli qatar xətti, Roma və Milan metroları kimi böyük layihələrdə rüşvət hallarına yol verildiyi aşkarlanıb. Təqribən 25 milyard avro dəyərində olan bu layihələrdə böyük korrupsiya faktlarına rast gəlindiyi üçün rüşvət vermə və alma, küllü miqdarda maliyyə yeyintisi və sairə ittihamlar üzrə cinayət işi açılıb, bir qrup hökümət nümayəndəsi və iş adamı həbs edilib.

Həbs edilənlər arasında uzun illər İtaliyanın Rabitə və İnfrastruktur Nazirliyində çalışan və vəzifədən gedəndən sonra ayrı-ayrı tanınmış şirkətlərdə əlaqələndirici rolunu oynayan Enrico İncalza və onun müavini Sandro Pacella, iş adamları Stefano Perotti və Francesco Cavallo da yer alır.

Prokurorluğun məlumatına görə, telefon dinləmələri zamanı məlum olub ki, həbs olunan iş adamları nazir Maurizio Lupinin mühəndis oğlu Luca Lupiyə bahalı hədiyyələr və digər rüşvətlər veriblər. Stefano Perettinin verdiyi hədiyyələr arasında 10 min 300 avro dəyərində bahalı “Rolex” saatı da var. Həbs olunan iş adamı Franco Cavallonun isə nazir Maurizio Lupiyə xüsusi tikilmiş bahalı kostyum hədiyyə edib.

İtaliyanın müxalifət partiyaları oğlunun rüşvətxor əməllərinə göz yumduğu üçün nazir Maurizio Lupinin istefasını tələb edirlər.

Ancaq italyan nazir ona qarşı edilən bu ittihamlara etiraz edərək istefa vermək fikrində olmadığını söyləyib: “Heç bir günahı olmayan oğlumun qəzetlərin birinci səhifəsində yer alması içimi ağrıdır. Mən heç kəsdən oğluma iş verilməsini istəməmişəm. Çünki oğlumun keçmişi uğurlu olduğu üçün buna ehtiyacı da olmayıb”.

İtaliya Hakimlər Birliyinin sədri Rodolfo Sabelli isə hökuməti korrupsiya və rüşvətə qarşı mübarizə aparmamaqda, əksinə, korrupsiya və rüşvətə bulanmış şəxslərin əməllərinin ört-basdır etməkdə ittiham edib.

Baş nazir Matteo Renzi isə baş verənlərdən təəssüfləndiyini bildirib.

Prezident Senatının sədri Pietro Grasso isə İtaliyada rüşvətə qarşı keçirilən bu əməliyyatı aysberqin görünən tərəfi adlandırıb. Avropa Birliyinin 28 üzv ölkəsi arasında rüşvət hallarının ən çox rast gəlindiyi ölkə İtaliyadır. Bu ölkədə ötən illərdə rüşvətə qarşı qanunda cəza tədbirləri sərtləşdirilsə də, böyük sayda korrupsiya və rüşvət halları tüğyan edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm