• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Birləşmiş Ərəb Əmirlikləri İsveçdəki səfirini geri çağırıb

  • Dünya
  • 20 Mart 2015 04:26
  • 728 Baxış
Birləşmiş Ərəb Əmirlikləri İsveçdəki səfirini geri çağırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) özünün İsveçdəki səfirini geri çağırıb.


BƏƏ hakimiyyət orqanları bu barədə qərarı Səudiyyə Ərəbistanından sonra qəbul edib. Bir qədər əvvəl İsveçin xarici işlər naziri Marqot Valstremin sərt bəyanatlarına etiraz əlaməti kimi, habelə İsveç ilə Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlıq haqqında müqavilənin qüvvəsinin dayandırılması ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanı da öz səfirini geri çağırıb.


BƏƏ XİN bu ölkənin İsveçdəki səfirinin geri çağırılması ilə əlaqədar İsveçin səfirinə nota təqdim edib. Bu sənəddə “İsveçin xarici işlər nazirinin ölkə parlamenti qarşısında Səudiyyə Ərəbistanı Krallığı və onun məhkəmə sistemi barəsində bəyanatlarının kəskin pislənməsi” bildirilir. Notada qeyd edilir ki, “ölkənin və cəmiyyətin dini və mədəni xüsusiyyətlərini nəzərə almayan bu bəyanatlar dövlətlərin bərabərhüquqlu münasibətlərinin əsasını təşkil edən suverenlik prinsipini pozur, bu, başqa dövlətin daxili işlərinə qarışmaq deməkdir”.

İsveçin xarici siyasət idarəsi rəhbərinin mətbuat katibi Erik Buman bəyanatla çıxış edərək, Birləşmiş Ərəb Əmirliklərinin Stokholmdakı səfirini geri çağırmasına görə rəsmi Stokholmun təəssüfləndiyini bildirib. Erik Buman deyib: “BƏƏ ilə bizim yaxşı və geniş əlaqələrimiz var, biz bu əlaqələri qoruyub saxlamaq və inkişaf etdirmək istəyirik”.

Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı Ərəb Dövlətləri Liqasının üzvü olan ölkələrin XİN başçılarının Qahirə görüşündə heç bir səbəb göstərmədən, Marqot Valstremin nazirlər qarşısında çıxışına imkan verməyib. İsveç hökuməti isə buna cavab olaraq Səudiyyə Ərəbistanı ilə hərbi sahədə əməkdaşlığa dair sazişin müddətini artırmamaq niyyətində olduğunu bildirib. Bunun ardınca Səudiyyə Ərəbistanı özünün İsveçdəki səfirini geri çağırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR