• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Qərb-Şərq arasında kiber müharibə

  • Dünya
  • 22 Mart 2015 12:18
  • 338 Baxış
Qərb-Şərq arasında kiber müharibə

''İnformasiya müharibəsi'' termininə ilk dəfə I Fars körfəzi müharibəsi zamanı rast gəlmək mümkündür. Bu anlayış altında o vaxt İraq informasiya sistemlərinin – hərbi və mülki informasiya vasitələrinin pozulmasına istiqamətlənmiş dezinformasiya və kinetik gücün tətbiqi nəzərdə tutulurdu. ''Körfəz müharibəsi''ndən sonra artıq yeni ''kiber müharibə'' nəzəriyyəçiləri meydana çıxmağa başlaşdı.

Bunlarda biri də 1995-ci ilin avqustunda ABŞ Milli Müdafiə İnstitutunda çap olunan, Martin Libikinin kiber müharibə ilə bağlı tədqiqatı idi. Orada müəllif bu müharibə növünün 7 formasını müəyyən edirdi:

  • Komanda-idarə forması – İndiki anlamda idarəedən və icraedən tərəflər arasındakı rabitə kanallarının dağıdılması;
  • Kəşfiyyat müharibəsi – Hərbi sahədə vacib olan informasiyaların toplanması və öz məlumatlarının qorunması;
  • Elektron müharibə – Elektron kommunikasiya vasitələrinə – radioəlaqə, radiolokasiya stansiyaları, kompüter şəbəkələrinə qarşı yönələn fəaliyyət;
  • Psixoloji müharibə – Bu, təbliğat, ''beyinlərin yuyulması'', əhalinin ''informativ emalını'' nəzərdə tutur. Libiki psixoloji müharibə növünü də 4 qismə bölür – insanların mənəvi sarsılması, silahlı qüvvələrdə ruh düşkünlüyünün yaradılması, komandanlığın dezoriyentasiyası və mədəniyyətlərin toqquşması;
  • Xaker hücumları – Bu, düşmənin mülki obyektlərinə qarşı təxribat fəaliyyəti və onlardan bu sahədə qorunmanı nəzərdə tutur. Xakerlərin fəaliyyəti şəbəkələrin total iflicinə, rabitənin pozulmasına, məlumatların dəyişdirilməsinə, elektron şəbəkələrin gizli monitorinqinə və sair məqsədlər üçün istifadə edilir. Libikiyə görə, xakerlərin silahı – kompüter viruslarıdır;
  • İqtisadi informasiya müharibəsi – Libiki konkret olaraq bunun iki növü olduğunu hesab edir – informasiya blokadası (kommersiya kanallarının kəsilməsi) və informasiya imperializmi (ümumi iqtisadi imperializm siyasətinin bir hissəsi);
  • Kiber hücumlar – Müəllif kiber hücumu adi xakerlikdən fərqləndirir. Bu, sırf hədəfi izləmək və lazım olarsa şantaj etmək məqsədi ilə kompüter məlumatlarının ələ keçirilməsi və kompüter şəbəkələrinin iflic edilməsini ehtiva edir.

Hərbi mütəxəssislər arasında kiber müharibə konsepsiyası ilə bağlı fərqli fikirlər mövcuddur. Məsələn, Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun (IRIS) kiber strategiyasının direktoru Maksim Pinard hesab edir ki, ''kiber müharibə'' termini ilə hansısa bir konkret reallığı müəyyən etmək düzgün deyildir. O özü "kiber hücum" anlayışından istifadə edir. Fransız aliminin fikrincə "kiber müharibə" termininin ənənəvi müharibə ilə heç bir əlaqəsi yoxdur və bu yeni bir anlayiş kimi səslənsə də, sadəcə düşmən kommunikasiyalarının dağıdılmasının klassik metodudur. Pinarda görə, dünyada kiber məkan hərbiləşdirilərsə, bundan əsasən sıravi vətəndaşlar əziyyət çəkəcək.

Superdövlətlərin həyata keçirdiyi kiber müharibə təcrübəsi

Dünyada superdövlətlərin apardıqları informasiya müharibələrinə aid maraqlı təcrübələri misal çəkməzdən öncə qeyd edək ki, kiber sahədə fəaliyyət hərbçilər üçün yeni əfsanəvi "Eldorado" rolunu oynayır. Bu gün bu sahədə əsas fəaliyyət göstərən aktorlar isə ABŞ, Rusiya və Çindir. Son illərdə dünya hökmranlığını təmin etmək üçün Ağ ev öz fəaliyyətində müxtəlif vasitələrdən istifadə edir və artıq neçənci ildir ki, bu sahədə öz strategiyasını müəyyənləşdirir. Onun dünyadakı rəqiblərinə qarşı apardığı mübarizələr arasında kiber cəsusluq ən aktiv üsullardan biridir. Vaşinqton dünyanın bütün nöqtələrində informasiyanın gizli yollarla əldə edilməsi, media yayımın idarəedilməsi və əhaliyə təsir göstərilməsi üçün dövlətlərin sosial şəbəkələrinə hücum əməliyyatları həyata keçirir. Məsələn, Müdafiə üzrə Müasir Araşdırma Layihələri Agentliyi (DARPA) kiber sahədə hücum əməliyyatlarının aparılmasında ABŞ Müdafiə Nazirliyi üçün xüsusi "X Planı" hazırlayıbdır. Bundan əlavə, Birləşmiş Ştatların Milli Təhlükəsizlik Agentliyinin (MTA) Google, Yahoo, Facebook, Microsoft və digər meqa şirkətlərin məlumat mərkəzlərinə birbaşa çıxışı var və kiber hücumlar çərçivəsində hazırlanmış proqramlarla kiber məkanın istənilən iştirakçısını rahatlıqla izləyə bilirlər.

Yuxarıda qeyd olunanlarla yanaşı, ABŞ həm də Çini kiber casusluqda ittiham edir. Amerika xüsusi xidmət orqanlarının fikrincə, rəsmi Pekin nəinki Amerikanın hərbi sirlərini, həmçinin onun Avropadakı müttəfiqlərinin sirlərini oğurlamağa davam edir. Halbuki keçmiş ABŞ xüsusi xidmət orqanı analitiki Edvard Snoudenin də bəhs etdiyi məxfi sənədlər sübüt edir ki, ABŞ hər yerdə "gözlərə və qulaqlara" malikdir. ABŞ-ın uzun illər ərzində hətta Almaniya kansleri Angela Merkelin telefon danışıqlarını dinlədiyi də iki ölkə arasında diplomatik qalmaqala səbəb olmuşdu. 2014-cü ilin iyulunun ortalarında Almaniya hökuməti casusluq fəaliyyəti ilə əlaqədar ABŞ səfirliyindən MTA-nın ölkə ərazisini tərk etməsini tələb etmişdir. "Wired Magazine" nəşrinə müsahibəsində Edvard Snouden bildirib ki, MTA-nın arsenalında "Mastermind" adlı silah mövcuddur. Kiber müharibənin aparılması üçün nəzərdə tutulan bu cihaz şəbəkə trafikinin analizini apararaq, hücumların qarşısını almaq və onlara insan müdaxiləsi olmadan avtomatik cavab vermək (hücum etmək) funksiyası ilə təchiz olunubdur.

Bu məkanın fərqli və özünəməxsus xüsusiyyəti ilə seçilən digər oyunçusu isə Rusiyadır. İnformasiya məkanı olaraq adlandırdığı bu sahədə Rusiya həm bir sıra beynəlxalq təşəbbüslər irəli sürmüş, həm də kiber məkanı öz hərbi doktrinasına inteqrasiya etmişdir. Rusiyanın bu sahədə üstünlüyünü Qərbin nüfuzlu kibertəhlükəsizlik mütəxəssisləri də təsdiq edirlər.

Rusiyaya bağlı qüvvələrin 2007-ci ilin yazında Estoniyaya və 2008-ci ilin yayında Gürcüstana etdikləri kiber hücumlar Qərbin narahatlığını daha da artırdı. Bu məqsədlə NATO 2008-ci ildə kibertəhlükəsizliyi təmin etmək üçün Estoniyada Kiber Müdafiə üzrə Aparıcı Əməkdaşlıq Mərkəzini yaratmışdır. Bu mərkəzdə NATO-ya üzv ölkələr və tərəfdaş dövlətlərin nümayəndələrinə kiber hücumlardan qorunmaq məqsədilə daim təlimlər keçilir. 2014-cü ilin sentyabrında isə Rusiyanın bu məkanda fəaliyyəti ilə bağlı məsələni Şimali Atlantika İttifaqının Uelsdə keçirilən sammitində Ukraynadakı hadisələrlə bağlayaraq NATO ölkələri siyasi qərar qəbul etdilər.

NATO müttəfiq qoşunlarının komandanı, amerikalı general Filip Bridlova görə, Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqində hərbi əməliyyatlar göstərdi ki, Rusiya hərbi komandanlığı hərbi əməliyyatların aparılması zamanı kiber hücumdan səmərəli istifadə edib.

Ukraynadakı hadisələr öz növbəsində NATO-nun kiber müdafiə planının tezliklə qəbul edilməsini istəyən digər ölkələrin də xeyrinə oldu. Çünki NATO-ya daxil olan ölkələrin kiber məkanı Şimali Atlantika müqaviləsinin 5-ci maddəsinin təsiri altına düşürdü. Bu maddəyə görə, NATO ölkələrindən birinə edilən hücuma görə, NATO hücum edən ölkəyə qarşı hərbi tədbirlər görə bilər. Həmçinin NATO ölkələri hücum əleyhinə informasiya şəbəkələrini yoxlaya və ümumiyyətlə, dünyada istənilən hücuma baxa bilər, bununla da fərdi və ya kollektiv özünümüdafiə hüququnu həyata keçirə bilərlər. Belə çıxır ki, hər hansı xaker qrupu müəyyən dövlətin ərazisindən Şimali Atlantika Alyansına münasibətdə kiber hücum etmək istəsə, onda o dövlətə qarşı təsir tədbirləri, o cümlədən hərbi əməliyyatlar tətbiq edilə bilər. Beləliklə, NATO-ya daxil olan ölkələr arasında yaradılmış kiber müdafiə üçüncü dünya dövlətləri üçün təhlükə risklərini artırır.

Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, Qərb-Şərq qarşıdurması digər məkanlarda (yerüstü, dənizdə, havada və kosmosda) olduğu kimi, kiber məkanda da davam edir. Bu isə o deməkdir ki, böyük dövlətlərin dünya hegemonluğu uğrunda mübarizələri davam etdikcə, bundan sadə insanlar həmişə əziyyət çəkəcəklər. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, 2014-cü ildə dünyada internetə 3 milyarda yaxın adam qoşulmuş və inkişaf etmiş cəmiyyətlərdə insanların həyatı həlledici dərəcədə elektronlaşdırılmışdır. Bu günə kimi kiber məkanın birbaşa təsiri nəticəsində heç kəs həyatını itirməsə də, görünən budur ki, bəşəriyyəti təhlükəli proseslər gözləyir.

newtimes.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR