İran və Səudiyyənin Yəmən savaşı: ən pis və ən yaxşı yollar müharibəyə aparır – TƏHLİL
Bizi izləyin

Dünya

İran və Səudiyyənin Yəmən savaşı: ən pis və ən yaxşı yollar müharibəyə aparır – TƏHLİL

Orta Şərqdə İran-Səudiyyə Ərəbistanının növbəti savaş meydanı Yəmən oldu.

Publika.az xəbər verir ki, İran son aylarda paytaxt Sana başqa olmaqla ölkənin bir çox yerini ələ keçirən şiə husilərini dəstəkləyir.

Orta Şərqdə İran – Səudiyyə qarşıdurması

Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri husilərin paytaxtı ələ keçirməsindən sonra ölkənin cənubundakı Aden şəhərinə qaçan prezident Abdurrabuu Mansur Hadiyə dəstək verir. Səudiyyə İranın İraq və Suriya ilə yanaşı, Yəməndə də güclənməsinə icazə verməyəcəyini açıqlayaraq, husilərə qarşı hərbi əməliyyatlara başladı. Suriya və İraqda Tehranın güclənməsindən narahat olan rəsmi Ər-Riyadın Yəməndə İrana qarşı açıq şəkildə çıxması anlaşılandır. Çünki İran Qərblə qarşıdurma fonunda nə qədər zəif görünsə də yaxın Şərqdə mövqelərini kifayət qədər gücləndirə bilib. Xüsusilə post-Səddam dönəminin İraqı və daxili çəkişmələrə başı qarışan Suriya Tehran üçün əla müstəvi idi. Bununla yanaşı, Hizbullah Livanı da İranın təsiri altındadır. Halbuki, “ərəb baharı” dalğasının qabağına qatıb qovduğu ərəb dünyası İranın bölgədə sakit və görünməz formada genişləndiyinin fərqinə varmamışdılar. Lakin görünür, Şərqə doğru nüfuz savaşında Tehran bununla kifayətlənmək istəmir və strateji önəmi olan Yəməni də Səudiyyənin, dolayısı ilə ABŞ-ın təsir dairəsindən almaq istəyir.

Yəmən: Tehranın Riyada zərbə nöqtəsi

Bu ölkənin strateji önəmi olduqca böyükdür. Oman dənizi ilə Qırmızı dənizin kəsişdiyi yerdə yerləşən Yəmən Şərqi Afrika sahillərini nəzarətdə saxlamaq üçün önəmi məkandır. Bununla yanaşı, onun mövqeləri Səudiyyə Ərəbistanını cənubdan əhatələməyə də imkan verir. İran buranı ələ keçirməklə Qırmızı-Oman-Bəsrə- Hörmüz xətti istiqamətində işləyən enerji daşıma xəttinə nəzarət edə və Səudiyyə Ərəbistanının qarşısına ciddi güc qoya bilər. Bu xəttin əsasını təşkil edən Bəsrə-Hörmüz boğazı 40 minə yaxın gəminin keçə biləcəyi məsafədədir, eyni zamanda, Afrika ilə Asiya qitələrini bir-birindən ayırmaqla dünya neft ticarətinin göz bəbəyi hesab olunur. Bu boğaz strateji əhəmiyyətinə görə Misir və İsrailin də xüsusi əhəmiyyət verdiyi məntəqə hesab edilir. Bu baxımdan, İranın daha əhəmiyyətli Yəməndə məskunlaşmaq istəyi strateji baxımdan önəmi hesab olunur.

Husilər kimlərdir?

Yəmənin daxilində İrana bağlı kifayət qədər güclü qüvvə mövcuddur. Söhbət husilərdən gedir. Husilər əsasən Yəmənlə Səudiyyə Ərəbistanının sərhədində yerləşən Sada şəhərinin mərkəzində məskunlaşıb. Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvələri olan ilk 5 imamın yolunu qəbul edən husilər Zeydi məzhəbinə mənsubdurlar. Onlar sünnilərlə nəzəri və praktiki dində mübahisə etmirlər. Lakin onların dolayısı ilə İrana yaxınlığı da danılmaz faktdır.

Böhran nə vaxt başladı və nə ilə nəticələnə bilər?

Böhran sünni Hadinin prezident olmasından sonra genişlənib. Onun prezidentliyə başladığı vaxtdan hökumət gücləri və şiə husiləri arasında münaqişələr, qarşıdurmalar zaman-zaman yaşanıb.

2014-cü ilin 21 sentyabr tarixində tərəflər “sülh və beynəlxalq ortaqlıq” müqaviləsi imzalayıb. Lakin dialoqun davam etməsi məsələsi müzakirə olunduğu bir vaxtda prezident Hadinin şəxsi sözçüsü Əhməd Avad bin Mübarəkin husilər tərəfindən qaçırılması ilə münaqişə yenidən qızışıb və daha pik həddə çatıb.

Hətta husilərin silah gücü ilə ölkəyə nəzarət etmək istədiyini iddia edən prezident Hadi və baş nazir Xalid Bahhah istefa etdiklərini də açıqladı. Lakin parlament istefaları qəbul etmədi.

Hazırda qarşıdurma davam edir və İran və husilərlə Səudiyyə Ərəbistanı – Hadi iqtidarı (Qərb də onların yanındadır) qarşı-qarşıyadır.

Ekspertlərə görə, ən yaxşı halda Yəməndə məzhəb davası mənfi çalarlarla davam edəcək. Ən pis halda isə Yəmən böhranı bütün bölgəni müharibəyə sürükləyə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm