Yəməndə ara qarışdı, Ukraynada düzəldi
Bizi izləyin

Dünya

Yəməndə ara qarışdı, Ukraynada düzəldi

“Hazırda Ukraynada döyüşlər səngiyib, sakitlik hökm sürür”.

Bunu Publika.az-a açıqlamasında Ukraynanın Luqansk Vilayəti Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev bildirib.

Onun sözlərinə görə, indi Ukraynada döyüşlərin getməsi barədə xarici mediada yayılan məlumatlar doğru deyil. R.Uğurluyev deyib ki, Ukraynanın münaqişəli ərazilərində döyüşlər bir neçə gündür dayanıb: “Arabir avtomat səsləri eşidilir ki, bu da üzbəüz olmur. Atışma hələ ki yoxdur”.

Diaspor rəhbəri qeyd edib ki, hazırda tərəflər Ukrayna tərkibində "Luqansk Xalq Respublikası"nın yaradılması ilə bağlı məsələni müzakirə edir: “Ona görə də tərəflər atəşkəs elan ediblər. Digər tərəfdən isə separatçılar muxtar vilayət statusunun verilməsi ilə razılaşmırlar. Onlar istəyir ki, müstəqil respublika elan olunsun. Təbii ki, prezident Petro Poroşenko da buna razı deyil. Hazırda bununla bağlı proseslər davam edir”.

R.Uğurluyev bildirib ki, artıq Avropa Birliyinin yardımları da Ukraynaya gəlməyə başlayıb: “Bu barədə mətbuat da yazır ki, Avropa Birliyi Ukrayna hökumətinə əlindən gələn yardımı göstərir”.

Ukraynadakı azərbaycanlıların vəziyyətinə də toxunan R.Uğurluyev deyib ki, hazırda azərbaycanlılar neytral mövqedə dayanaraq öz işləri ilə məşğuldurlar: “Luqanskda yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı da hər gün əlaqə saxlayıram. Hələ ki azərbaycanlılarla bağlı hər hansı xoşagəlməz məlumat yoxdur”.

Qeyd edək ki, bir sıra xarici siyasi şərhçilər Yəmən müharibəsi başlanandan sonra Ukrayna hadisələrinin gündəmdən kənarda qalacağını proqnoz etmişdi.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm