Batan gəmi narkotik daşıyırmış
Bizi izləyin

Dünya

Batan gəmi narkotik daşıyırmış

2012-ci ildə qəzaya uğrayan Costa Concordia səyahət gəmisi iri həcmdə narkotik daşıyırmış. Bu barədə martın 30-da La Repubblica qəzeti məlumat yayıb.

Nəşrin əlinə İtaliyanın Ndrangheta mafiya qruplaşması üzvlərinin gəminin göyərtəsində iri kokain partiyasının daşındığına dəlalət edən danışıqlarının səs yazısı düşüb. Qəzet qəzadan sonra da aşkar edilməyən kriminal yükün Costa Concordia gəmisinin göyərtəsində ekipaj üzvlərindən birinin köməyi ilə daşındığını ehtimal edir.

Ndrangheta İtaliyanın ən nüfuzlu və varlı cinayətkar qruplaşmasıdır. Əsasən narkotik ticarəti ilə məşğul olan mafiya İtaliyaya kokain daşıyan kanalları nəzarətdə saxlayır, Cənubi Amerika narkokartelləri ilə sıx əməkdaşlıq edir.

La Repubblica nəşrinin məlumatına əsasən, mafiya narkotik yüklərini Avropa, Şimali Amerika və Karib dənizi hövzəsi ölkələri arasında əlaqə yaradan Norwegian Cruise Lines və MSC Cruises kompaniyalarının gəmiləri ilə daşıyır.

Qeyd edək ki, 2012-ci il yanvarın 13-də 4,2 min sərnişinlə Aralıq dənizində səyahət edən Costa Concordia gəmisi Cilyo adası yaxınlığında qayalara dəyərək qəzaya uğramış, nəticədə 32 nəfər həyatını itirmişdi.

Gəminin kapitanı Françesko Skettino təxminən üç il sürən məhkəmə prosesindən sonra gəmini batırmaqda, qəsd olmadan ölümə səbəb olmaqda və sərnişinlərin təxliyəsi başa çatmadan gəmini tərk etməkdə təqsirli bilinərək 16 il azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm