İrana daha 3 ay vaxt verildi
Bizi izləyin

Dünya

İrana daha 3 ay vaxt verildi

İran ilə “5+1” (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri - ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin və Almaniya) arasında İsveçrənin Lozanna şəhərində keçirilən nüvə müzakirələrində çərçivə razılaşması üçün müəyyən olunan müddət dünən başa çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov rusiyalı jurnalistlərə verdiyi açıqlamasında əsas mövzularda razılaşmanın əldə olunduğunu deyib.

İranın xarici işlər naziri Cavad Zərif insanların istirahət etməyə və səhər tezdən danışıqlara yenidən başlamağa ehtiyacının olduğunu bildirib. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Maria Harf danışıqlarda irəliləyişin əldə olunduğunu və müzakirələrin bu gün davam etdiləcəyini açıqlayıb.

Yekun razılaşma üçün müzakirələrin yeni mərhələdə davam etdirməsi gözlənilir. İranın nüvə proqramı ilə əlaqədar son razılaşma üçün müəyyən olunan tarix 1 iyuldur.

İran Xarici İşlər Nazirliyinin köməkçisi və nüvə müzakirəçisi Həmid Baidinejad ölkəsi ilə “5+1” qrupu arasında aparılan müzakirələrdə sanksiya mövzusunda həll olunmayan və müzakirə olunmalı məsələlərin olduğunu deyib. İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Baidinejad “müzakirələr millətimizin konstitusiya haqları zəmanət altına alınana kimi davam edəcək” söyləyib. Xarici işlər nazirləri səviyyəsində davam edən müzakirələrdə siyasi, hüquqi və texniki baxımdan böyük əhəmiyyət daşıyan bir mərhələyə çatdıqlarını ifadə edən iranlı diplomat sanksiyalar və uranın zənginləşdirilməsi ilə əlaqədar mövzuların müzakirə olunduğunu bildirib.

Rusiyanın xarici işlər naziri İranın nüvə probleminin nizama salınmasında nazirlər səviyyəsində bütün əsas məsələlər üzrə prinsipial razılığın əldə olunduğunu qeyd edib. Lavrov dəqiqləşdirib ki, vasitəçi ölkələrin ekspertləri və İran iyunun sonuna kimi texniki detalları tamamlayacaqlar.

Bununla belə, danışıqlara yaxın amerikalı diplomatı “Reuters”ə açıqlamasında bildirib ki, müzakirələrin nəticələri haqqında Lavrovun şərhləri ilə razılaşmır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm