• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Borcun əvəzinə Krım – Rusiyanın yeni təzyiq yolu

  • Dünya
  • 20 Fevral 2014 10:31
  • 802 Baxış
Borcun əvəzinə Krım – Rusiyanın yeni təzyiq yolu

Ukrayna paytaxtı Kiyevdə hakimiyyət və müxalifət fəalları arasında qanlı toqquşmaların davam etdiyi bir vaxtda bu ölkənin tərkibində olan Krım Muxtar Respublikasında vəziyyət gərginləşir.

Publika.Az –ın “Azadlıq” radiosuna istinadən verdiyi xəbərə görə, Krımda yollar hazırda Kiyevdə davam edən “Avromaydan hərəkatı” əleyhinə şüarlarla doludur.

Bu şüar lövhələrini yazdıranlar isə maliyyə mənbələri gizli saxlanılan qeyri-hökumət təşkilatlarıdır. Şüarlarda “Stop Maydan”, “Krım sabitlik tərəfdarıdır”, “Ekstremizmə yox” kimi tələblər səsləndirilir. Krımdakı rusiyameylli qurumların çoxu açıq şəkildə bildirirlər ki, prezident Viktor Yanukoviç onların “faşist” adlandırdıqları müxalifətə güzəştlərə getsə, “Krımın muxtariyyətini müdafiə” edəcəklər.

Borcun əvəzinə Krım Moskvaya verilsin?

“Azadlıq” radiosunun yazdığına görə, özünü Xalq Cəbhəsi adlandıran rusiyayönümlü təşkilatın rəhbəri Valeri Podyaçi Ukraynanın öz borclarının əvəzinə Krımı uzun müddətə Moskvaya icarəyə verməsini təklif edir. Məsələn, 99 illik icarə müddəti bitəndən sonra nə olacaq? Podyaci bu suala da özünəməxsus şəkildə cavab verir:

“Məncə, Ukrayna müstəqil dövlət kimi 99 il yaşamayacaq. Rusiya qalacaq. Hər şey bir yana, Rusiya ABŞ, Çin, Avropa İttifaqı kimi dünya oyunçusudur. Ona görə şübhəsiz ki, Rusiya mövcud olacaq. Amma Ukrayna qalacaqmı? Ona görə prinsipcə, Krımın icarəyə verilməsi hamını qane etməlidir”.

Radionun əməkdaşı belə təkliflərin Krım tatarlarının ürəyincə olmadığını bildirir. Tatar Məclisinin rəhbəri Refat Çubarov bildirir ki, SSRİ dağılandan sonra Moskva bütün keçmiş ittifaq məkanına nəzarətini əldə saxlamaq üçün bütün regional münaqişələrdən istifadə edib. İndi də daha çox Krımda etnik və dini qrupları bir-birinə qarşı qoymağa cəhdlər edilir.

“Təxribat olmasa, problem yaranmayacaq”

Tatar Məclisinin rəhbəri R.Cubarov hesab edir ki, tatarlar və başqa etnik azlıqlar arasında narazılıqlara baxmayaraq, əgər regiona kənardan təxribatlar olmasa, Krımda sabitliyə ciddi təhlükə olmayacaq. 200 il Osmanlı İmperiyasının nəzarətində olan Krım yarımadasını 18-ci əsrdə Rusiya tutub. 1921-ci ildə Krım özünü Muxtar Respublika elan edib. 1945-ci ildə sovet hakimiyyəti onun muxtariyyətini ləğv edib. 1954-cü ildə isə Ukraynanın tərkibinə verilib. SSRİ-nin dağılmasından sonra Krım yenidən Ukrayna tərkibində öz muxtariyyətini bərpa edib.

Krımın 2 milyona yaxın əhalisinin 58 faizini ruslar, 24 faizini ukraynalılar, 12 faizini isə tatarlar təşkil edir.

II Dünya Müharibəsi illərində sovet hakimiyyəti yüz minlərlə Krım tatarını sürgün edib. Sovet İttifaqının dağılmasından sonra minlərlə tatar öz evlərinə qayıda bilib. Rusiyayönümlü təşkilatların əsas məqsədləri Ukraynanı Moskvanın orbitində saxlamaq, Kiyevin Avropa İttifaqı ilə daha sıx inteqrasiyasına imkan verməməkdir. Bu qüvvələr öz məqsədləri üçün tez-tez müsəlman Krım tatarları ilə pravoslav ruslar arasında gərginliyi qabardırlar.

Krımda Rusiya pasportları paylanılır

Rusiyayönümlü təşkilatların özləri isə Moskva ilə bağlılıqlarını inkar edirlər. Amma Rusiya demək olar, bütün yarımadada mövcudluğunu saxlayır. Rusiyanın Simferopoldakı konsulluğu yarımadanın etnik rus olan sakinlərinə Rusiya pasportları paylayır. Krımın paytaxtı Simferopolda Rusiyanın MDB ölkələri ilə iş üzrə dövlət agentliyinin ofisi fəaliyyət göstərir.

Keçən həftə Rusiya prezidentinin Cənubi Osetiya və Abxaziya məsələləri üzrə məsləhətçisi , çoxlarının Kremlin boz kardinalı adlandırdığı Vladislav Surkov Krıma gizli səfərə gedib. O, bağlı qapılar arxasında Krımın baş nazirinin müavini, parlamentin spikeri və Sevastopolun qubernatoru ilə görüşüb. Bu gün isə Krım parlamentinin spikeri Vladimir Konstantinovun Moskvaya gedərək Rusiya Dumasının spikeri Sergey Narışkin ilə görüşəcəyi bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR