Lozanna görüşü və İranın əldə edəcəkləri - DETALLAR
Bizi izləyin

Dünya

Lozanna görüşü və İranın əldə edəcəkləri - DETALLAR

Rəsmi Tehran, “5+1” (Rusiya, ABŞ, Çin, Britaniya, Fransa və Almaniya) qrupu və Avropa Birliyi İranın nüvə proqramı üzrə razılaşmanın əsas parametrləri haqqında razılaşıb. Saziş müvəffəqiyyətli olacağı halda İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalar ləğv ediləcək. Tərəflər razılaşıb ki, İranın nüvə proqramının sülh xarakterinə zəmanət verən yekun razılaşma 30 iyun 2015-ci il tarixinə qədər imzalanmalıdır.

Publika.az xəbər verir ki, Tehran sanksiyaların aradan qaldırılması üçün Qərbin onun qarşısına qoyduğu tələbləri yerinə yetirməlidir.

İran və “5+1” ölkələri arasında əldə olunan razılaşmaya görə, İran nüvə silahının hazırlanması üçün uranın zənginləşdirilməsində istifadə etdiyi sentrifuqaların sayını təxminən üçdə iki nisbətində azaldacaq. Uranın zənginləşdirilməsinin səviyyəsi isə nüvə silahı üçün kifayət etməyəcək qədər aşağı salınacaq. İran uranın zənginləşdirməsini 15 il ərzində və nüvə silahı istehsal etməsinə kifayət etməyəcək səviyyə olan 3,67 faizlə məhdudlaşdıracaq. Zənginləşdirilmiş uran ehtiyatı 10 min kiloqramdan 300 kiloqrama endiriləcək. İranın əlində qalacaq bütün sentrifuqalar və uranın zənginləşdirilməsi üçün istifadə olunan nüvə infrastrukturu Beynəlxalq Atom Enerji Təşkilatının (MAQATE) nəzarət etdiyi anbarlarda saxlanılacaq.

MAQATE İranın nüvə fəaliyyətinin izlənilməsi və şəffaflığın təmin edilməsi üçün Natanz və Fordo daxil olmaqla ölkənin bütün nüvə təsislərində genişmiqyaslı yoxlamalar apara biləcək. Təşkilatın müfəttişləri İranın uran mədənlərinə də daxil ola biləcək. İran şübhəli və ya gizli nüvə obyekti hesab olunan nüvə obyektlərində MAQATE-nin yoxlamalarına icazə verəcək.

MAQATE İranın razılaşma çərçivəsində üzərinə götürdüyü bütün əsas addımları atdığını təsdiq etsə, ABŞ və Avropa Birliyi sanksiyaları təxirə salacaq. BMT Təhlükəsizlik Şurası da İrana qarşı tətbiq etdiyi sanksiyaları bu ölkənin nüvə proqramı ilə əlaqədar əsas narahatlıqların aradan qalxmasından sonra ləğv edəcək. İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi halda sanksiyalar yenidən qüvvəyə minəcək.

Sanksiyaların ləğv edilməsi İrana dünyanın neft bazarına qayıtmağa və beynəlxalq maliyyə sisteminə yenidən giriş əldə etməyə imkan verəcək. Amma sanksiyaların ləğvi ilə bağlı prosesə nikbin yanaşmayanlar da kifayət qədərdir. Birincisi, Amerika Konqresi sazişi sabotaj edə bilər. İkincisi, İran öz öhdəliklərini yerinə yetirməsə, Amerika və Avropa sanksiyaları istənilən vaxt bərpa edə bilər. Və üçüncüsü, beynəlxalq sanksiyaları qısa müddətdə ləğv etmək çətindir və Qərb şirkətləri ehtiyatlı mövqelərini saxlayacaqlar. “Foreign Policy” hesab edir ki, hətta ən əlverişli ssenari icra olunacağı halda belə, sanksiyaların ləğvi nəticəsində İran neftinin əlavə ixracı yalnız 2016-cı ildə mümkündür.

Proseslərin müsbət istiqamətdə inkişafı halında Qərb İrana tətbiq olunan hansı sanksiyaları ləğv etməyə söz verir?

Avropa Birliyi

- İranın neft-qaz sektoru üçün texnologiyalar və avadanlıqların çatdırılması, neft-qaz sektoruna Avropa şirkətlərinin investisiyalarının yatırılmasına,

- İrandan neft, neft məhsulları və təbii qazın idxalına,

- İrana alüminium və poladın ixracına,

- SWIFT Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemindən İran banklarının istifadəsinə (Avropa Birliyi 2012-ci ildə qanunsuz nüvə və raket hazırlamalarına cəlb olunan 10-dan çox İran bankını SWIFT sistemindən kənarlaşdırılıb. Belçikada yerləşən SWIFT Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara qoşulmağa məcburdur) tətbiq olunan sanksiyalar.

ABŞ

- ABŞ 2010-cu ildə qəbul edilmiş “Cisada” qanununu ləğv edə bilər. Qanun Amerika və xarici şirkətlərə İrana benzin və neft-qaz avadanlıqlarını satmağı qadağan edir, ABŞ Maliyyə Nazirliyinə İran hökumətinə nüvə silahı hazırlamağa kömək edən, BMT və ABŞ-ın “qara siyahı”larına daxil edilən İran vətəndaşları və müəssisələri ilə əməkdaşlıq edən xarici banklara qarşı sanksiyaları daxil etməyə icazə verir.

- ABŞ prezidenti Barak Obamanın 2011-ci verdiyi 13590 saylı fərman da ləğvini gözləyir. Fərmanla İrana avadanlıqlar verən və xidmətlər göstərən, neft-qaz və neft-kimya sahələrinin təkmilləşdirilməsinə yardım edən xarici şirkətlər cəzalarla hədələnir.

- İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən xarici banklara qarşı sanksiyaların tətbiqini nəzərdə tutan 2012-ci il tarixli “National Defense Authorization Act of” qanunu, İrandan neft və neft məhsulları alan xarici maliyyə institutlarını sanksiyalarla hədələyən Barak Obamanın 13622 saylı fərmanı, İranın neft-qaz sektorunun xeyrinə əməliyyatları həyata keçirən xarici banklara qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan və 2012-ci ildə qəbul olunan “Iran Threat Reduction Act” qanunu və ABŞ-da bizneslə məşğul olan xarici şirkətlərə İrana avtomobil istehsalı üçün malları və ya xidmətləri çatdırmağı, həmçinin xarici banklara İran rialı ilə sazişləri bağlamağı qadağan edən 13645 saylı fərman ləğv oluna bilər.

- Bundan başqa, ABŞ Dövlət Departamenti 1984-cü ildə İranı terrorizmin sponsoru olan dövlətlərin yer aldığı siyahıya daxil edib, 1987-ci ildə ABŞ hökuməti İrandan malların idxalını qadağan edib, 1995-ci ildə ABŞ prezidenti Bill Klinton İran barəsində ticarət embarqosu haqqında fərman imzalayıb. Sözügedən sanksiyaların taleyi ilə hələlik məlum deyil.

BMT

30 iyun 2015-ci il tarixinə qədər nəzərdə tutulan proses uğurla nəticələnsə, BMT İranla bağlı aşağıdakı qətnamələri ləğv edə bilər:

- BMT Təhlükəsizlik Şurası 1737 saylı qərarla quruma üzv ölkələrə raket-nüvə proqramında istifadə olunan avadanlıqları İrana çatdırmağı qadağan edir, həmçinin üzv ölkələrdən İranın 10 təşkilat və 12 vətəndaşının maliyyə aktivlərinin dondurulmasını tələb edir.

- BMT Təhlükəsizlik Şurası 1747 saylı qətnamə ilə üzv ölkələrə İrandan silahı almağı qadağan edir, ölkələri və beynəlxalq təşkilatları İrana kredit verməməyə çağırır, üzv ölkələrdən İranın daha 13 təşkilatının aktivlərini dondurmağı tələb edir.

- BMT Təhlükəsizlik Şurası 1803 saylı qətnamə ilə ikiqat təyinatlı malların İrana çatdırılmasını qadağan edir, şəxslər və müəssisələrin “qara siyahı”sını genişləndirir, BMT ölkələrini İran bankları ilə sazişləri məhdudlaşdırmağa çağırır, “Iran Air Cargo” və “Islamic Republic of Iran Shipping Lane” şirkətlərinin şübhəli yüklərini yoxlamağa icazə verir.

- 1929 saylı qətnamə İrana döyüş tankları, döyüş təyyarələri və vertolyotların, hərbi gəmilərin, raketlərin və ya raket sistemlərinin çatdırılmasını qadağan edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm