Ölkəni “İskəndər”lərdən qorumaq istəyirdi – Bir istefanın ŞOK SƏBƏBİ
Bizi izləyin

Dünya

Ölkəni “İskəndər”lərdən qorumaq istəyirdi – Bir istefanın ŞOK SƏBƏBİ

“Bizim Gürcüstanımız – azad demokratlar” Partiyasının sədri, Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniya istefaya göndərilməsinin səbəbini açıqlayıb.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Alasaniya baş nazir İrakli Qaribaşvilinin istəyinin əksinə olaraq Fransa ilə Gürcüstanın hava təhlükəsizliyi haqqında memorandumu imzaladığını bildirib.

Sabiq nazirin sözlərinə görə, memorandumun imzalanması 28 oktyabr 2014-cü il tarixində - onun Fransaya səfərinin ikinci gününə planlaşdırılıb. Onun Fransada olduğu vaxt isə Gürcüstan Müdafiə Nazirliyinin beş əməkdaşı həbs edilib: “Müdafiə Nazirliyinin əməkdaşları bədxərclikdə ittiham olunaraq həbs olunmuşdular. Məqsəd memorandumu imzalamağıma maneə olmaq idi. Mənə zəng vurdular və baş nazir adından bildirdilər ki, bu razılaşma imzalanmamalıdır. Mən bu yanlış və qanunsuz göstərişə tabe olmaqdan imtina etdim. Gürcüstanın Müdafiə Nazirliyinin beş əməkdaşını saxlamaqla ümid edirdilər ki, mən öz düzgün niyyətindən imtina edəcəyəm”.

Gürcüstanın hazırkı müdafiə naziri Mindiya Canelidze də təsdiq edib ki, Fransaya səfəri zamanı Alasaniya ilə telefonla əlaqə saxlanılıb və ondan xahiş edilib ki, sənədin imzalanmasını bir neçə gün təxirə salınsın. Canelidze həmin vaxt hökumət yanında Dövlət Təhlükəsizliyi və Böhranları İdarə Edilməsi Şurasına başçılıq edirdi.

İrakli Alasaniyanın sözlərinə görə, memorandumun bütün detalları daha əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Təhlükəsizlik Şurasının üzvləri ilə uyğunlaşdırılıbmış: “Memorandumun imzalanmaması ilə Gürcüstan siyasi və tarixi bir şansı itirə bilərdi. Buna görə də mən əvvəlcədən hökumətlə uyğunlaşdırılan memorandumu imzaladım. Təəssüf ki, memorandumun müddəaları indiyə kimi yerinə yetirilmir”.

“Deyə bilərəm ki, bu razılaşma sayəsində hava məkanımızı tam nəzarətə götürə bilərdik. 2008-ci ilin avqust müharibəsi təhlükəni açıq-aydın göstərdi. Sənədin icrası ilə orta və qısa mənzilli ballistik raketlərə qarşı dura, həmçinin “İskəndər” operativ-taktik raket komplekslərindən qoruna bilərdi”, - Alasaniya qeyd edib.

Bundan başqa, sabiq nazir vurğulayıb ki, ən əhəmiyyətli məsələlərdən biri razılaşmanın maliyyə tərəfi olub: “Anlaşmışdıq ki, vəsait Gürcüstan hava müdafiəsi sisteminin tam montajından sonra ödəniləcək. Bu həm də uzunmüddətli kredit formasında idi. Ödəniləcək vəsait il ərzində bir neçə on milyon olardı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm